Nəqliyyat naziri şəhərlərarası marşrutu da tam nəzarətə götürür
2012-ci ildən Bakı Beynəlxalq Avtovağzalının avtoparkında yenilənmə başlanacaq. Bunu Day.Az saytına avtovağzalın direktor müavini Mehdi Niftəliyev bildirib. O, deyib ki, regionlara işləyən bütün köhnə və az sərnişin tutumlu avtobuslar xətdən çıxarılacaq. Onların əvəzinə xəttə yeni avtobuslar buraxılacaq: “Proses mərhələli şəkildə aparılacaq və gələn il başa çatacaq. Məqsəd sərnişinlərə daha komfortlu xidmət göstərməkdir”.
Bakıya 52 ədəd TEMSA markalı avtobusun gətirildiyini xatırladan M.Niftəliyev onların 20-nin rayonlara işlədiyini bildirib: “Bu avtobuslarda monitorlar, kondisionerlər, soyuducular, tualet var. Onlar Lənkəran, Astara, Xaçmaz, Qusar, Xudat və sair rayonlara işləyir”. Əslində bu yenilənmənin arxasında nəqliyyat naziri Ziya Məmmədovun nəqliyyat siyasətinə uyğun olmayan şirkətlərin sıradan çıxarılması dayanır. Nəqliyyat naziri artıq paytaxt nəqliyyatında bunu bir ayrı formada həyata keçirib. Görünür, növbə avtovağzala çatıb.