Banklar onlara dolları manatla təklif edirlər
2015-ci ilin dekabrında baş vermiş ikinci devalvasiyadan sonra ölkədə xaotik vəziyyət yaranıb. Vətəndaşlar xaricdən göndərilən maliyyə vəsaitlərini almaqda da problemlərlə üzləşirlər. Şikayətçilərin sözlərinə görə, Rusiya və digər xarici ölkələrdən göndərilən pul baratlarını, köçürmələri almaqda çətinliklər yaradılır.
Banklar dollarla göndərilən vəsaiti manatla təklif edirlər, əks təqdirdə isə ümumiyyətlə, pulu verməkdən imtina edirlər. Bildirirlər ki, dollar yoxdur.
“Hüquqi dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, xaricdən vəsait hansı valyuta ilə göndərilibsə, vətəndaşa da həmin valyuta ilə ödənilməlidir. Hüquqşünas deyir ki, bankların xarici valyutanı vətəndaşa verməməsi sui-istifadədir: “Köçürmə xidmətinə qoşulan banklar, poçtlar və digər qurumlar üzərinə müəyyən gəlirlə pulun çatdırılması öhdəliyi götürüb. Yerli banklar göndərilən vəsaiti Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəylə ödəyirlər. Rəsmi məzənnə ilə də banklar tərəfindən müəyyən edilmiş məzənnə arasındakı fərqi mənimsəyirlər: ”Banklar özlərində valyuta olmadığını deyərək manat təklif edirlər. Çünki vəsaiti manatla ödəmək onlara sərf edir və buradan gəlir əldə edirlər. Belə faktlara görə cinayət işi başlanmalıdır. Lakin boşluqlardan istifadə edənlər sui-istifadə hallarıyla gəlirlər əldə etməkdə davam edirlər”.
Nigar



