Keçmiş MTN-çilər «Galaxy Palace» şirkətinə qarşı iddia qaldırıb
Onların yaşadığı binaların həyəti 300 min manata satılıb
Diasporla Iş üzrə Dövlət Komitəsinin (DIDK) sədri Nazim Ibrahimov 268 ailənin yaşadığı binaların həyətində ona məxsus olduğu iddia edilən “Galaxy Palace” biznes mərkəzini tikdirməkdə israrlıdır. Komitə sədrinin şirkəti uzun müddət idi ki, Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki 3 yaşayış binasının həyətini ələ keçirməyə can atırdı. Bu binalarda əsasən keçmiş MTN-çi ailələr yaşayır.
Söhbət konkret olaraq Mirəli Qaşqay, 97 və Azadlıq prospekti, 114 saylı binaların həyətindən gedir. Sakinlər ərazinin qanunsuz zəbt olunduğunu deyərək indiyə qədər bütün dövlət orqanlarına şikayət etmişdilər. Lakin Nərimanov Rayon Icra Hakimiyyətinin (RIH) başçısı Abdin Fərzəliyevin həmin həyətdə tikinti aparılması barədə sərəncamı qüvvədə qalıb.
Artıq vətəndaşlar məsələni məhkəmə müstəvisində həll etmək qərarı verib. Onlar hələ bu il iyulun 22-də 2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində komitə sədrinin “Galaxy Palace” şirkətinə qarşı iddia qaldırmışdı. Iddiaçıların tələbi tikintinin dayandırılması, yaşıllıqların qırılmasına son qoymaqdır. Ancaq cavabdeh tərəf vaxtı uzatmaq məqsədilə məhkəməyə gəlməyib.
Sakinlər bizimlə söhbətində söylədilər ki, artıq bu gün məhkəməyə hazırlıq iclası keçiriləcək. Məhkəmə qərardadında göstərilib ki, mübahisə həll olunanadək ərazidə tikinti işləri dayandırılsın, Nərimanov RIH-in sərəncamı isə icra olunmasın.
Sakinlər deyir ki, məhkəmənin qərardadı icra olunmur. Bu ilin martında həyətdəki qarajlar sökülüb, ərazi hasarlanıb, qazıntı işlərinə başlanıb. Tikinti hələ də davam edir. “Galaxy Palace” şirkətinin nümayəndələri isə vətəndaşlara deyib ki, məhkəməni də satın alacaqlar.
Hələ ötən ilin aprelində sakinlərin çoxsaylı şikayətləri və qəzetimizin bu barədə ardıcıl yazdığı məqalələrdən sonra Nərimanov RIH-in başçısı A.Fərzəliyev binaların həyətində tikinti aparılmaması barədə sərəncam imzalamışdı. Üstəlik, o zaman prezident Ilham Əliyev Nazirlər Kabinetində keçirdiyi müşavirələrin birində dolayısı ilə bu haqda danışmış və icra başçılarına tapşırıq vermişdi. Prezident o çıxışında demişdi: “Bakının bəzi yerlərində parklarda icra başçıları ofis binaları tikdirmək istəyir. Mənə verilən məlumata görə, bu yaxınlarda rayonların birində evlərin arasındakı parkda ofis tikmək istəyirlər. Göstəriş vermişəm ki, o parkda lazımi abadlıq işləri görülsün. Kimsə bu cür əməlləri davam etdirsə, cinayət məsuliyyətinə cəlb olunacaq”.
Ancaq bir müddət sonra icra başçısı tikinti aparılması barədə yenidən sərəncam imzalayıb. Sakinlər deyir ki, “Galaxy Palace” mərkəzini inşa etdirmək istəyənlər Nazim Ibrahimovun qardaşları Ibrahim və Sahib Ibrahimovlardır: “Şirkətin rəhbəri Sahib Ibrahimov ərazini almaq üçün 300 min manatından keçib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il müraciətimizə cavabında bildirmişdi ki, bu ərazidə tikinti aparmaq olmaz. Həm yaşıllıq tikinti altına düşür, həm də burada istirahət və bağça üçün yer qalmayacaq. Indi məlum olur ki, Arxitektura Komitəsi də qərarını dəyişib.
Şirkət nümayəndələri də bizə deyir ki, komitəni və rayon icra hakimiyyətini necə ələ almışıqsa məhkəməni də elə həll edəcəyik. Biz sona qədər mübarizə aparacağıq, ölkə rəhbərliyindən kömək istəyirik. Fakt budur ki, həyətin böyük hissəsini işğal edib tikinti aparırlar. 10 metr qazıntı işləri aparacaqlarını deyiblər, onda binalar təhlükəli vəziyyətdə olacaq”.
Vətəndaşlar Ilham Əliyevə, Milli Təhlükəsizlik və Daxili Işlər nazirliklərinə, Baş Prokurorluğa Nərimanov RIH başçısı ilə şirkətin rəhbəri S.Ibrahimovun əməllərindən bəhs edən şikayət məktubu göndərib. Yada salaq ki, Nazim Ibrahimov “Yeni Müsavat” qəzetinə açıqlamasında “Galaxy Palace” şirkətinin ona məxsus olmasını təkzib etmişdi. Həmin şirkətin mövqeyini dərc etməyə hazırıq.
Ramin DEKO