ABŞ-ın “News and World Report” media qrupunun apardığı sorğuya görə Azərbaycan “qadınların yaşaması üçün ən yaxşı ölkələr”in reytinqində 60 ölkə arasında 57-ci yeri tutub.
“The İndependent” qəzetində dərc olunmuş məqalədə deyilir ki, bu sorğu bütün dünya boyunca 7000 qadın arasında keçirilib.
Bəri başdan deyilməlidir ki, sorğuda Azərbaycanın keçmiş sovetdən olan qonşuları Gürcüstan və Ermənistan iştirak etməyiblər.
Bu cədvəldə Azərbaycandan sonra yalnız Misir, Qvatemala, Pakistan və Əlcəzair var.
Türkiyə bu reytinqdə 39-cu, İran isə 53-cü ölkədir. Maraqlıdır ki, qadınların çox az hüquqları olan Səudiyyə Ərəbistanı 28-ci yerdədir.
Rusiya 29, Ukrayna 38-ci pilləni tutub. “The İndependent” yazır ki, reytinqin tərtibində gender və maaş bərabərliyi, təhlükəsizlik və müasirlik əsas kriteriyalar kimi götürülüb.
Danimarka birincidir
Cədvəldə birincilik Danimarkaya aiddir. Bu ölkə həm də pensiyaçı qadınların ən xoşbəxt ölkəsi sayılır. Danimarka, ümumilkdə qadınların yaşaması üçün ən yaxşı ölkə hesab olunub.
Hesabatda deyilir ki, “Danimarka dünyanın ən vergili, qışı ən uzun və günəşi saat 4-də qürub edən ölkəsi olsa da, bura qadınların xoşbəxt olduqları məkandır”.
Tədqiqatçılar hesab edirlər ki, Danimarkanın sosial təminat sistemi dünyanın “ən səxavətli” sistemlərindən biridir. Burada təhsil və səhiyyə demək olar ki, pulsuzdur. Danimarka valideynlərə, ələlxüsus da analara ən yaxşı şərait yaradan Avropa ölkəsi sayılır.
Danimarka həmçinin ABŞ-ın “News and World Report” qrupunun başqa bir hesabatına görə uşaq böyütmək üçün ikinci ən yaxşı ölkə sayılıb. Bu ölkə Save the Children xeyriyyəsinin 16-cı illik “Ana reytinqi”ndə dördüncü olub. Bu cədvəldə 179 ölkənin olması nəzərə alınmalıdır.
Qadınlar üçün ən yaxşı ölkələr cədvəlində ikinci yeri İsveç tutur. İlk onluğa Kanada, Hollandiya, Avstraliya, Yeni Zelandiya, Almaniya, Britaniya, Lüksemburq və Avstriya daxildirlər.
ABŞ 13-cü yerlə kifayətlənməli olub. “The İndependent” yazır ki, cədvəlin dibində gələn ölkələrdə, ümumiyyətlə insan haqlarının vəziyyəti bərbaddır. (bbc.com/azeri)

Qadınların vəziyyətinə görə Azərbaycan 60 ölkə arasında 57-ci yerdədir
•