Cəmil Həsənli yeni seçkilərə çağırdı

cemil-hesenli-secki“Millətin iradəsinə, xalqın etimadına dayanan seçkili orqan yaratmağın zamanıdır”

Milli Şuranın sədri Cəmil Həsənli ölkədəki sosial-iqtisadi böhranla bağlı növbəti yazı ilə çıxış edib. Feysbk səhifəsində paylaşdığı yazıda Cəmil Həsənli böhrandan çıxış yolunun iqtisadi deyil, siyasi islahatlardan keçdiyini vurğulayıb və saxta parlamenti buraxılıb, yeni seçkilər keçirməyin zəruriliyini qeyd edib:

Ölkəmizdə maliyyə-iqtisadi böhran gün-gündən dərinləşir. Neft qiymətlərinin minimum həddə enməsi buna dağıdıcı xarakter verir. Hökumətin atdığı addımlar yarımçıq xarakter daşıdığından və inzibatı məzmuna malik olduğundan səmərəli effekt verə bilmir. Manatın 130 faiz devalvasiyası, qiymətlərin 50-60 faiz artımı fonunda əmək haqqı və pensiyaların vur-tut 10 manat artırılması böhranın cənginə verilmiş əhalinin dərdinə dərman olmadı. Böhranın təsiri altında qəbul edilmiş qərarların bir hissəsi iqtisadi cəhətdən dərin təhlillərə söykənmədiyi üçün qısa müddətdən sonra ləğv edilir və dəyişdirilir. Belə əsaslandırılmamış qısa müddətli addımlar böhranın psixoloji şokunu daha da artırır və əhali daha da ümidsizləşir.

Əhalimizin hazırda yaşadığı devalvasiyan, bahalıq, işsizlik, sosial baxımsızlığın başlıca səbəbi korrupsiya, monopoliya, büdcə vəsaitlərinin mənimsənilməsi, gərəksiz tədbirlərə böyük vəsaitlərin xərclənməsi, inzibati idarəçilik sisteminin yararsızlığı, sosial-iqtisadi və siyasi islahatların keçirilməməsi ilə bilavasitə bağlıdır. Uzun illər ərzində qeyri-neft sektorunun yaradılması haqqında təntənəli bəyanatlar söz olaraq, arzu olaraq qaldı.

Son vaxtlar ölkəni bürüyən etiraz aksiyaları zamanı kiçik istisnalarla “xalq təmsilçilərinin, millət vəkillərinin” səsi eşidilmədi. Xalqdan mandat almayan bir parlamentin böhranın girdabına düşmüş xalqla yanaşı eyni ağrını yaşayacağı inandırıcı deyil. Bütövlükdə parlament millətin səsinə dayanmadığından ayrı-ayrı vəkillər də milli iradəni ifadə etmək görəvindən çox uzaqdırlar. Hələ ötən ilin noyabr ayının 1-də keçirilmiş seçkilərdən 3 həftə öncə, oktyabr ayının 9-da mən seçiləcək deputatların siyahısını elan etmişdim. Siyahıda yer almış 125 nəfərdən 120 nəfəri xalqın deyil, MSK-nın etimadını qazandı. Təkcə bu fakt parlamentin millətin səsinə dayanmadığının aydın bir təzahürüdür.

Ölkədə real mənzərənin doğru-dürüst təhlili olmalıdır. İndi artıq tək iqtisadi islahatlar, sosial islahatlar, maliyyə islahatları yetərli deyil. Ölkənin iqtisadi həyatının sağlamlaşdırılması onun siyasi həyatının sağlamlaşdırılmasından keçir. Bunsuz irəli getmək sadəcə olaraq mümkün deyil. Saxta parlamentlə sağlam həyat qurmağım mümkünsüzlüyü göz qabağındadır. Millətin iradəsinə, xalqın etimadına dayanan seçkili orqan yaratmağın zamanıdır. Hər halda zərərin yarısından dönməyin də bir xeyri var.