Milyarder investor Soros, Çin iqtisadiyyatının sərt enişə yönəldiyini və bunun qlobal deflyasiyaya töhfə verəcəyini qeyd edib
Milyarder sərmayəçi Corc Soros, Çin iqtisadiyyatının sərt enişə yönəldiyini və bu enişin qlobal deflyasiya təzyiqlərini daha da ağırlaşdıracağını, səhm qiymətlərini aşağı salıb, ABŞ-ın xəzinə istiqrazlarına dəstək olacağını deyib.
Davosda Bloomberg televiziyasına danışan Soros, “Sərt eniş praktiki olaraq qaçılmazdır” deyib və “Mən bunu gözləmirəm, bunu müşahidə edirəm. Çin bunu idarə edə bilər. 3 trilyon dollarlıq rezervi ilə birlikdə, resursları var” şəklində danışıb.
Soros, birjalarda səhmləri almaq üçün erkən olduğunu və bu il təxminən 8.5 faiz azalma göstərən Standard & Poor’s 500 (S&P 500) İndeksində “short” getdiyini söyləyib. Soros, həmçinin ABŞ xəzinə istiqrazlarında “long” getdiyini də sözlərinə əlavə edib.
Soros, Fedin 10 il sonra Dekabr ayında ilk dəfə faiz artırımına getməsinin ardından faizi yenidən artırması vəziyyətində buna təəccüblənəcəyini bildirib.
Soros həmçinin, Çinin hədsiz borclanmasından qaynaqlanan ləngiməsi nəticəsində yaranan problemlərin dünyanın digər ölkələrinə də sıçrayacağını deyib. Soros, Çin və bununla bərabər düşən neft və digər əmtəə qiymətlərinin deflyasiyanın əsas səbəbləri olduğunu söyləyib.
Qeyd edək ki, Çin iqtisadiyyatı 2015-ci ildə 6,9% artıb. Bu, son 25 ildə ən aşağı artımdır.
(marja)