Beynəlxalq aləmlə münasibətlərin pisləşməsi xalqı ümidləndirə bilər
Azərbaycan reallığını hamı görür, başa düşür, dəqiq analiz edir. Neftin qiymətdən düşməsindən sonrakı mənzərəni də ölkə ictimaiyyəti kimi, dünya ictimaiyyəti də dəqiq görür. Məsələn, Karneqi Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı Tomas De Waal “Azərbaycandaÿəsl tufan” başlıqlı məqalə yazıb və ölkədə baş verənləri dəqiqliyi ilə təsvir edib.
“Qiymətlər qalxır, milli valyuta çökür, beynəlxalq aləmdəÿ çaxnaşmadır, elita əsəb içindədir. Azərbaycan 2016-cı ilə tam bir tufanla başlayır”- deyə müəllif məqaləsində yazır. Yaxud, nüfuzlu “Finasial Times” qəzeti yazır ki, Azərbaycanın ixracının 95 faizdən çoxu neftdən asılıdır, gəlirlərinin dörddə üçü və ÜDM-nin 40 faizi neftin payına düşür. Yəni, Azərbaycan hakimiyyəti “inkişaf nağılları” danışsa da faktlar qarşısında acizdir. Həm də vəziyyət o qədər aydındır ki, artıq ölkədəki böhranı əvvəlki kimi ABŞ-ın, Avropanın üstünə ata bilmirlər. hökumətin bütün arqumentləri tükənib və ənənəvi ittihamlar əks effekt verir. Yazımızın əsas məğzi də bu məqama diqqət çəkməkdir.
Əldə etdiyimiz məlumatlara görə telekanallara, hökumət təmsilçilərinə göstəriş verilib ki, anti-Qərb kampaniyasını dayandırsınlar. Diqqət etmisinizsə, son günlər telekanallarda ABŞ-ı ittiham etmək, Avropanı söymək yığışdırılıb. Əksinə, ABŞ-Azərbaycan münasibətlərinin önəmindən danışılır, ABŞ-ın Azərbaycana dəstəyi qabardılır.
Bunun isə bir səbəbi var. Hakimiyyət başa düşür ki, ölkə daxilində ciddi narazılıq var. Son günlər 5-6 rayonda etiraz aksiyalarının keçirilməsi, sosial şəbəkələrdəki kütləvi narazılıq hökuməti də narahat edir və başa düşürlər ki, narazılıq getdikcə daha da artacaq. Belə bir vəziyyətdə ABŞ-ın, Avropanın əleyhinə kampaniya aparmaq, bu ölkələrin hakimiyyətindən imtinasını tirajlamaq, hakimiyyətə sərf etmir. Hakimiyyət qorxur ki, ölkə vətəndaşı dünyanın dəstəyindən ümidlənə bilər, etirazlar aktivləşər və böyük stimul yaranar. Cəmiyyətdə həmişə “dünya bu hökuməti dəstəkləyir”, “ABŞ ciddi dəstək vermir”, “Beynəlxalq aləm sərt mövqe sərgiləmir” kimi fikirlər dolaşıb. Ölkə insanının həmişə dünyadan gözləntisi olub və bu gözləntinin doğrulmadığı üçün dünyadan incik qalıblar.
Bütün bunları nəzərə alan hakimiyyət anti-Qərb ritorikasının yanlış olduğunu başa düşüb və dərhal əks-təbliğat formalaşdırmağa başlayıblar.
Bəli, hökumət böyük təşviş içindədir və bütün tərəflərdən nifrətlə əhatə olunduğunun fərqindədir. ABŞ-a qarşı son günlər xoş sözlərin deyilməsi də bu səbəbdəndir. Yoxsa ki, hökumətin demokratikləşmək, Qərbə inteqrasiya etmək fikri yoxdur. Bütün bunlar qorxudan doğur və bu dəfə də “dünyayla dostuq” təbliğatı ilə daxili auditoriyanı aldatmaq istəyirlər.
Akif