Fuad Qəhrəmanlı ilə tanışlığımızın 20 ildən çox tarixi var. Onunla eyni ali məktəbdə- Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasında bir yerdə oxumuşuq, tələbə yoldaşı və eyni dayaq dəstəsinin üzvləri olmuşuq. 1995-96- cı illərdə AXC Gənclər Komitəsinin yaradılmasında birgə iştirak etmişik. Gənclər Komitəsinin sədri olduğum dönəmlərdə o siyasi məsələlər üzrə müavin olub. Hər ikimizə Əbülfəz Elçibəy etimad göstərərək vəzifəyə təyin edib. Sonrakı dönəmlərdə 23 yaşında ikən “Müxalifətin mitinq taktikası” adlı yazısına görə şərlənib həbs olunub. Fuad bəy ikinci dəfədir ki, düşüncələrinə, fikirlərinə görə həbs həyatı yaşayır.
O həmişə öz mübarizəsində ardıcıl, qətiyyətli və dürüst olub. Mübarizəsində heç zaman bir addım belə olsun geri çəkilməyib. Fəaliyyətini qanunlar və etik çərçivədə qurub. Dinc, sivil mübarizənin tərəfdarı olub. Onun ən böyük silahı sözdür. İti qələmi var. Yadımdadır, tələbəlik illərində ixtisasına yaxın elə bir kitab olmazdı ki, onu oxumasın. Yaxşı politoloqdur. Həmişə fikirlərini elmi şəkildə əsaslandırmağa çalışıb. Qarşındakı şəxsləri dinləməyi və onlara hörmətlə yanaşmağı bacarır. Kifayət qədər tolerant bir şəxsdir. Onu dini, milli, irqi ayrı- seçkilik salmaqda ittiham etmək absurd və külüncdür.
Öncəki yazımda da qeyd etmişdim ki, Fuad bütün şüurlu və mənalı həyatını Azərbaycan xalqının azadlığı, bütövlüyü və demokratik cəmiyyət qurulması ugrunda mübarizəyə həsr edib. Belə insanları dövlətçiliyə qarşı olmaqda ittiham etmək təkcə qanunsuzluq deyil, həm də milli- mənəvi dəyələri ayaqlar altına atıb tapdamaqdır. Özü də Fuad Qəhrəmanlını o şəxslər dövlət əleyhinə çağırışlarda ittiham edirlər ki, onlar 23 ildir bu dövlətin altını üstünə çevirirlər. Konstitusiyanı öz istədikləri kimi dəyişiblər. Bütün fəaliyyətləri dövlətin və dövlətçilik prinsiplərinin əleyhinə olub. Qardaşı qardaşla, atanı oğulla, qohumu qohumla üz- üzə qoyanlar heç bir əsas və fakt olmadan Fuad bəyi dini, milli nifaq salmaqda suçlayırlar. Öz gözündə tiri görməyənlər özgə gözündə tük axtarırlar. Dövlətin nüfuzunu zədələyib strukturlarını dağıdanların dövlətçiliyə sevgi və hizmətdə bulunanları ittiham etməsi tarixin acı ironiyasıdır. Tarixi və məntiqi qanuna uyğun olaraq bu hərəkətlərin həm də bumeranq effekti verəcəyi qaçılmazdır. Fuad bəyin və həbsdə olan digər siyasi məhbusların tezliklə azadlıqda olacağına mənim heç bir şübhəm yoxdur.
Bu gün əqidədaşımız, cəhbədaşımız Fuad bəyin doğum günüdür. Fuad kimi insanlar Tanrı tərəfindən vətənə, millətə xidmət missiyası üçün göndərilir. O, bacarığı, qətiyyəti, dürüstlüyü ilə apardığımız mübarizənin qəhrəmanlarından biridir.
Doğum günün mübarək əziz dost! Tezliklə Azad, demokratik, Bütöv Azərbaycanda görüşmək arzusu və ümidi ilə bir daha doğum gününü təbrik edirəm!
Oqtay Gülalıyev