Əli Kərimli ölkənin xilas mexanizmindən danışdı

“Köklü dəyişikliklər üçün bir sıra yardımçı, bir əsas faktor var”

  

«Yardımçı faktorlar heç vaxt indiki kimi Azərbaycan xalqının demokratiya istəklərinə uyğun olmayıb»

«Bir vaxtlar İlham Əliyevin islahatçı olacağına inanırdılar, artıq bu illüziyalar dağılıb»

 

AXCP sədri Əli Kərimli “Media forum” internet portalına müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

Əvvəli ötən sayımızda

– Rusiya MDB məkanını özünün nüfuz dairəsi hesab edir. Bu baxımdan Suriya bir qədər uzaq hesab olunur. Amma Moskva bütün qüvvəsi ilə Bəşər Əsəd hakimiyyətini müdafiə edir. Əgər keçmiş MDB ölkələrində inqilabi proseslər, “ərəb baharı”na oxşar hadisələr baş versə, Rusiyanın buna reaksiyası daha sərt ola bilərmi?
– “Rusiya müdaxilə edə bilərdimi?” desək, daha doğru olar. Fikrimcə, artıq bunu edə bilməz. Rusiyada baş verənlərə qədər bu ölkə bütün MDB məkanına nəzarət edən hegemon qüvvə kimi təsəvvür edilirdi. Indi Rusiyadakı böhran nə qədər dərinləşəcək, bunun nəticəsində Rusiya hökuməti hansı addımları atacaq, onun imkanı olacaqmı ki, başqa ərazilərdə də nəzarət iddiasında olsun – bu barədə hələ danışmırıq. Yəni, hazırda situasiya çox dəyişib.

– Amma bu yaxınlarda Rusiyadan Gürcüstana yeni müharibə təhdidi səsləndi və əsas arqument yenə də “Qərbin dəstəyi” amiliydi…
– Bu, qətiyyən real deyil. Rusiya elitasındakıların əksəriyyəti sonradan etiraf etdi ki, 2008-ci ildə Gürcüstanda keçirilən hərbi əməliyyatlar Rusiya üçün səhv idi. Bunu avtoritar liderlər etiraf edə bilməz, çünki onlarda belə ənənə yoxdur. Faktiki, Qərb Rusiyanın elə aqressiv siyasətinə görə güzəştə getmədi. Bugünlərdə Qərb Gürcüstanın NATO-ya üzv olması və Gürcüstanın ərazi bütövlüyünün qorunması üçün ciddi mövqe və dəstək ortaya qoyub. Yeri gəlmişkən, hesab edirəm ki, Gürcüstanın ərazi bütövlüyü üçün verilən beynəlxalq təminatlar Azərbaycanın ərazi bütövlüyü üçün verilən beynəlxalq təminatlardan daha üstün və daha güclüdür. 2008-ci ildə Rusiyanın 6 günlük əməliyyatla böyük uğur qazanması fikri səhvdir. Uğursuzluq həm də onda ifadə olunur ki, dünya Rusiyanı yeni və neqativ bir sifətdə, soyuq müharibə illərində olduğu obrazda gördü. Yəni, Rusiya özünü etibarsız partnyor, hər zaman özündən zəifə hücum etməyə hazır olan ölkə, hətta sərhədləri, beynəlxalq hüququ tanımayan qüvvə kimi göstərdi. Ikinci tərəf də var ki, bu məsələ Rusiyanın öz daxilində ciddi müzakirə olundu. Gürcüstandakı hərbi əməliyyatlar Rusiyanın hərbi texnikasının gücünü deyil, zəifliyini nümayiş etdirdi. Rusiya bu əməliyyatlarla hərb maşınının mənən köhnəldiyini ortaya qoydu.

Azərbaycan xalqı öz hüquqları uğrunda ayağa qalxmasa…

– 2012-ci ildə Azərbaycanı nə gözləməsi, müxalifətin planları haqda suala cavab verəndə daha çox Rusiyada, Iranda gözlənilən proseslərdən, “ərəb baharı”nın yayılması ehtimalından, bunun mümkün nəticələrindən danışdız. Bu o deməkdirmi ki, Azərbaycan müxalifəti daxili resurslar hesabına ölkədə nəyinsə dəyişəcəyinə ümidini itirib, daha çox xaricdə baş verəcək proseslərin Azərbaycana da təsir edib ölkədə nəyisə dəyişəcəyini gözləyir?
– Azərbaycan kimi ölkələrdəki siyasi vəziyyəti təcrid olunmuş şəkildə analiz etmək səhvdir. Azərbaycanda baş verən proseslər qlobal miqyasda baş verən proseslərin tərkib hissəsidir. Biz bunu qəbul eləməliyik və bu, aşağılıq kompleksi üçün səbəb olmamalıdır. Bu qlobal proses bizim çoğrafiyanı əhatə edir və dünyanın qloballaşdığı vəziyyətdə bu halı qəbul etməliyik.
Azərbaycanda belə bir səhv yanaşma da var ki, guya qloballaşma prosesi domino effekti ilə bizə də gəlib çıxacaq və biz heç nə etməsək də, vaxtı çatanda burada lazım olan yerlər lazım olan işləri görəcək. Bu fikir çox geniş yayılıb ki, bu proses hansısa ssenaridir və bu ssenaridə hamının vaxtı, qaydası müəyyənləşib və vaxtı gəlib çatanda uyğun üsulla Azərbaycanda da bu dəyişiklik həyata keçiriləcək. Mənim bu mövqeyə qarşı münasibətim çox sərtdir. Hansısa xalq, eləcə də Azərbaycan xalqı öz hüquqlarını qorumaq uğrunda kütləvi şəkildə ayağa qalxmasa, heç bir siyasi qüvvə, xarici mərkəz xalqın əvəzindən köklü dəyişiklik etməyəcək.
Bizim üçün ərəb dünyası da, Ermənistan da, Iran da, Rusiya da maraqlıdır. ABŞ-ın, Avropa Birliyinin və digərlərinin mövqeyi yardımçı faktorlardır. Bizim üçün önəmli faktor Azərbaycan xalqının əhval-ruhiyyəsi olacaq. Sadəcə, yardımçı faktorlar əsas faktora kömək edir. Əsas faktor nə vaxt işə düşsə, yəni, nə vaxt Azərbaycan xalqı hamılıqla öz qərarını versə ki, artıq Azərbaycanda köklü dəyişiklik olmalıdır, o zaman da Azərbaycanda o dəyişiklik baş verəcək.

“Dünya Azərbaycan xalqının demokratiyaya hazır olduğunun fərqindədir”

– Amma həmin bu yardımçı faktorlar 2003-cü ildə Azərbaycanda fərqli mövqe tutdular, xalqın əhval-ruhiyyəsini önəmsiz faktor hesab etdilər. Böyük dövlətlərin bugünkü mövqeyi barədə nə deyərdiz, Azərbaycan xalqının iradəsinə münasibət dəyişibmi, sizcə?
– Maraqlı və aktual məsələdir. Mənim müşahidəmə görə, son 18 ildə həmin yardımçı faktorlar heç vaxt indiki kimi Azərbaycan xalqının xeyrinə olmayıb. Mənim məlumatlarım, müşahidələrim, təhlillərim deyir ki, bütün yardımçı faktorlar – dünyada, regionda gedən proseslər heç vaxt indiki kimi Azərbaycan xalqının demokratiya istəklərinə uyğun olmayıb. Bu gün biz elə bir mərhələyə gəlib çatmışıq ki, dünya Azərbaycan xalqının azad, demokratik yaşamaq istəyinə hörmətlə yanaşır, dünya Azərbaycandakı rejimin necə korrupsioner, özbaşına, qanunsuz və repressiv olduğunu bilir. Bu sarıdan artıq heç kimdə heç bir illüziya yoxdur. Bir vaxtlar Ilham Əliyevin həqiqətən də islahatçı olacağına inanırdılar. Bu illüziyaların hamısı dağılıb. Artıq heç bir pozitiv gözləntiləri yoxdur. Başqa xalqlar kimi Azərbaycan xalqının da demokratiyaya hazır olduğunun fərqindədirlər. Indi tək Azərbaycan xalqının yox, bütün dünya xalqlarının demokratiyaya layiq olduğunu rəsmən qəbul ediblər.

“Misir xalqının mövqeyi ABŞ-ın siyasətini müəyyənləşdirdi”

– Ərəb ölkələrindəki dəyişikliklərlə bağlı iki əks fikir var. Birincisi, xalqlar istədi və bu, baş verdi. Ikincisi, yardımçı faktorlar olmasaydı, tiranları devirmək mümkün olmazdı…
– Bayaq dediyim kimi, bu inqilabların Qərbin təsiri altında baş verməsi fikri primitiv fikirdir. Bu inqilablar xalqların sənət əsəridir. Siyasətdən az-çox məlumatı olan adamlar bilirlər ki, Hüsnü Mübarək ABŞ üçün necə önəmli fiqur idi. Misir 80 milyon nəfərlik bir ölkədir. Təkcə Israillə münasibətlərinə görə Misir ABŞ üçün çox önəmlidir. Bütün ərəb dünyasını qarşısına alan ABŞ hansı marağa görə onu devirə bilərdi, yaxud buna kömək edə bilərdi? Misirin nümunəsi bunu istisna edir. Bu gün Misirdə heç bir qüvvə Hüsnü Mübarək qədər ABŞ-a yaxın olmayacaq. Misirdə inqilabın ilk günlərini yada salaq. Bir müddət keçəndən sonra ilk bəyanatlar unudulmağa başlanacaq, əfsanələr qoşulacaq. Ilk bəyanatda deyilirdi ki, Misir ABŞ üçün çox önəmli və sabit – hətta “sabit” sözü işlədilmişdi, – müttəfiqidir. Xalq isə Təhrir meydanında toplaşmaqda davam edirdi. Ikinci bəyanatda deyildi ki, Misir bizim üçün çox önəmli müttəfiqdir, amma onun bəzi islahatlara ehtiyacı var. Açıqlamalar tənqidi ton almağa başladı. Xalq dağılmadı, onun təzyiqləri artdı. Üçüncü bəyanat belə oldu ki, biz çox önəmli müttəfiqimiz olan Hüsnü Mübarəki islahatlara çağırırıq. Onun istefasından söhbət getmirdi. Sonra bu münasibətlər sərtləşə-sərtləşə “Hüsnü Mübarək getməlidir” nəticəsinə gətirib çıxardı.
Yəni, Hüsnü Mübarək ABŞ-ın mövqeyinə görə hakimiyyətdən getmədi, xalqın istəyi önəmli oldu. Misir xalqının mövqeyi ABŞ-ın siyasətini müəyyənləşdirdi. Misir xalqı israr etdikcə ABŞ vəziyyətlə hesablaşdı və adekvat siyasət yürütdü. Mən ilkin mərhələdə Qərbin siyasətinin adekvat olmadığını hesab edirəm. Amma sonrakı mərhələdə bunu düzəltdilər.

“Qərbin Suriya ilə bağlı siyasətini tənqid edirəm”

Qəzzafi özündən razı biriydi, dünya birliyi onu heç bir əməlinə görə cəzalandırmırdı. Bilirsiniz ki, o, ABŞ-ın təyyarəsini vurmuşdu, 270 adamı rəsmən, dövlət səviyyəsində öldürmüşdü. Qısası, dövlət səviyyəsində terrorla məşğul olan biriydi. Qərbin gücü çatardı ki, bu neçə ildə onun məsələsini həll etsin. Niyə eləmirdilər? Deməli, mümkün deyildi. 2011-ci ildə Liviyada xalq üsyan edib Benqazini götürəndən, Qəzzafi öz xalqına divan tutacağını televiziyadan açıq elan edəndən sonra Qərbin bu ölkələrdə davranışları dəyişdi və mən bunu yüksək qiymətləndirirəm.

– Birbaşa hərbi müdaxilələri nəzərdə tutursunuz?
– Bəli. Bir anlıq təsəvvür edək ki, həmin müdaxilə olmasaydı, Liviyada nələr ola bilərdi. Qərbin reaksiyası Liviyaya adekvat oldu. Amma Suriyaya Qərbin münasibəti yenə də adekvat deyil. Həm də Suriya Qərbin sevmədiyi rejimlərdən biridir. O məlum nəzəriyyənin müəllifləri haqlı olsaydılar, onda Qərbin əlinə fürsət düşmüşkən Suriya ilə bağlı da addımlar atardı.

– Bir vaxt Azərbaycanda olduğu kimi, bəlkə hələ Suriyanın da növbəsi çatmayıb? Ya da eyni zamanda bir neçə münaqişə ocağını idarə etmək istəmirlər?
– Bu davranış mənə xeyli qeyri-insani görünür. Minlərlə dinc insanın taleyi üzərində belə bir oyun oynamaq qəbulolunmaz hərəkətdir. Kimin müqaviləsi var ki, Suriya xalqı nə qədər dözəcək? Bəlkə artıq dözə bilməyəcəklər? Mən Qərbin Suriya ilə bağlı siyasətini tənqid edirəm. Artıq Suriya xalqının beli qırılıb. Müşahidələr göstərir ki, 3-5 ay əvvəlki mübarizə ruhu yoxdur ÿxalqda. Necə olsun axı? 5 min adam öldürülüb. Xalqa yandıqlarından mediada bunu qabartmırlar, əslində, indi orada mübarizəni ordudan ayrılan hissə aparır. Bu gün Suriya vətəndaş müharibəsinə gəlib çıxıb. Amma xalq küçələrdə olanda, milyonlar meydanda olanda, Suriyanın əksər şəhərindən etiraz səsi gələndə daha ciddi kömək olmalı idi. Ərəb Liqası niyə bu qədər ləng hərəkət elədi? Bir halda ki, kömək edəcəkdilər, bu qədər adam qırılmamış addım atmaq düzgün olmazdımı? Ona görə də kimlərsə beynəlxalq təşkilatları başqalarının işinə qarışmağa görə ittiham edirsə, mən beynəlxalq təşkilatları bu tiranların cavabını belə gec verdiklərinə görə tənqid edirəm. Tiranlara bu qədər yaşıl işıq yandırmaq olmaz. Bu xalqları bu tiranların əlində belə uzun müddətə aciz durumda buraxmaq olmaz.

ardı var