Eldar Mahmudov mühafizə xidmətini MTN-ə birləşdirməyə çalışır
Vaqif Axundov isə buna dirəniş göstərir
Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşları Asif Lətifovla Seymur Əlicanovun “Azadlıq”a verdiyi sensasion açıqlamalarda diqqət çəkən məqamlardan biri də qurumun rəisi general Vaqif Axundovun milli təhlükəsizlik naziri Eldar Mahmudovu qəbul etməməsidir.
Hər halda Vaqif Axundovun Asif Lətifova “Eldar Mahmudov səni ”verbovat” edib”, “Nə üçün onun bayramını təbrik” etmisən kimi fikirlər söyləməsi XDMX rəisinin MTN şefinə antipatiya bəslədiyinin göstəricisi kimi dəyərləndirilə bilər. Görünür, iki generalın münasibətlərində hansısa problemlər var. Əks təqdirdə Vaqif Axundov Eldar Mahmudovun təbrik edilməsini qəzəblə qarşılamazdı. Bəs adıçəkilən şəxslər arasında hansısa problemlər ola bilər?
Bu istiqamətdə “Azadlıq”a bəzi məlumatlar daxil olub. Həmin məlumatlarda deyilir ki, Eldar Mahmudovla Vaqif Axundovun münasibətləri XDMX-nin MTN-ə birləşdirilməsi məsələsinin gündəmə gəlməsindən sonra pozulub. MTN şefi çekistlərin rəhbəri təyin ediləndən sonra Vaqif Axundovun idarəsini də nəzarətinə keçirmək istəyib. Bu isə XDMX rəisinin qəzəbinə səbəb olub.
Məlumatlarda deyilir ki, bu məsələ hələ gündəmdən düşməyib və Eldar Mahmudov XDMX-ni MTN-ə birləşdirmək istiqamətində səylərini davam etdirir. Deyilənlərə görə, Eldar Mahmudov hələ ki, son illərdə XDMX-nin “Alfa” və “Betta” qruplarından peşəkarların MTN-nin “Qartal” qrupuna transferini həyata keçirir. Bunun nəticəsidir ki, artıq “Qartal” qrupu “Alfa” və “Betta”dan daha güclü hesab edilir. Bildirilir ki, Eldar Mahmudov bununla XDMX-nin MTN-nin nəzdində fəaliyyət göstərməsinin daha məqsədəuyğun olduğunu sübut etməyə çalışır.
İnformasiya şöbəsi