mtn

MTN Hacı Məmmədovun maşını ilə bağlı niyə susur?

Əliyevin mühafizəçilərinin açıqladığı sensasion fakt «Qara Kəmər»in yarımçıq olduğunu təsdiqləyir

Salman Əliyev: «Hacı Məmmədovla bağlı qaranlıq məqamlar çoxdur»

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sabiq əməkdaşları baş leytenant Asif Lətifovla, baş çavuş Seymur Əlicanovun açıqladığı sensasion fakta dövlət qurumlarından hələ ki, heç bir reaksiya gəlməyib.
Söhbət DIN sabiq əməliyyat müvəkkili, adam oğurluğu və başqa ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədova məxsus axtarışda olan “Mercedes 600” markalı avtomobilin XDMX-nin zabitində tapılmasından gedir. Asif Lətifovla Seymur Əlicanov iddia edir ki, bu olay ”Qara Kəmər” əməliyyatı zamanı baş verib. MTN avtomobili Ilham Əliyevin şəxsi mühafizəçilərindən birindən aşkar edib. Maraqlıdır ki, o zaman bu barədə ictimaiyyətə heç bir məlumat verilməyib. MTN-in burada hansı maraq güddüyü bəlli deyil. Deyəsən, indi də faktı ört-basdır etmək cəhdi var. Hər halda bu məsələyə ilk reaksiya verməli olan qurum MTN-dir. Lakin çekistlərdən səs-soraq yoxdur. XDMX-nin rəisi general Vaqif Axundov da sükuta qərq olub.
Ekspertlər isə hesab edir ki, bu, kifayət qədər ciddi ittiham olduğu üçün araşdırılmasına ehtiyac var.
Məsələn, DIN-in sabiq əməliyyatçısı Salman Əliyevin fikrincə, MTN dərhal məsələyə aydınlıq gətirməli, Asif Lətifovla Seymur Əlicanovun dediklərinin doğru olub-olmadığı barədə ictimaiyyətə açıqlama verməlidir. Digər tərəfdən XDMX-nin rəhbərliyi də bu məsələdə sükut etməməlidir: “Əvvəlcə aydınlaşdırılmalıdır ki, deyilənlər nə dərəcədə əsaslıdır. Mən hesab edirəm ki, əsaslıdır, çünki Asif Lətifovla Seymur Əlicanov sıradan bir şəxs deyillər. Uzun müddət mühafizə xidmətində çalışıblar və kifayət qədər məlumatlı adamlardır. Bu baxımdan onların söylədikləri inandırıcı görünür. Digər tərəfdən, Hacı Məmmədovla bağlı qaranlıq məqamlar çoxdur və onlara heç bir aydınlıq gətirilməyib. Bu məsələ də onlardan biri ola bilər. Hər bir halda araşdırma aparılmalıdır. Aparılmırsa, deməli, burada hansısa maraq var”.

Vidadi