Mədət Quliyevin debütü uğursuz oldu

medet quliyevDTX rəisi rayonlardakı etirazlarla bağlı absurd açıqlama verdi

Rayonlarda kütləvi etiraz aksiyalarının keçirilməsi hakimiyyəti elə təşvişə salıb ki, iqtidar nümayəndələri, müvafiq dövlət qurumları bu məsələ barədə danışdıqda nə dediklərinin fərqinə varmırlar. Respublika Prokurorluğu sadə vətəndaşların keçirdiyi aksiyaları müxalifətin təşkil etdiyi iddia edir, hansısa hökumət nümayəndəsi ümumiyyətlə regionlarda aksiya keçirilmədiyini iddia edir və s.

Aksiyalarla bağlı növbəti absurd açıqlama Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mədət Quliyevdən gəlib. Report-un məlumatına görə, Mədət Quliyev bu barədə jurnalistlərlə söhbətində deyib: “Sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər. Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik”.

Mədət Quliyevin diqqətinə çatdırırıq ki, Azərbaycanda heç bir bank işləməyən vətəndaşa kredit vermir. Hətta istehlak kreditləri götürən zaman da iş yerindən arayış tələb olunur.  Işləməklə də iş bitmir. Normal əmək haqqın yoxdursa, kredit götürmək mümkün deyil.

Digər tərəfdən əgər doğrudan da Mədət Quliyevin dediyi kimidirsə, o zaman nədən Ilham Əliyev ölkədəki gərginliyi azaltmaq üçün arda-arda müşavirələr keçirir? Bundan başqa bu aksiyalara hakimiyyətdə də haqq qazandıranlar var. Məsələn, deputat Zahid Oruc. O, rayonlarda keçirilən aksiyalara haqq qazandıraraq məmurları topa tutmuşdu.