Ərdoğanın qəzeti Azərbaycandakı «fətullahçılar»ın planlarından yazdı  

gulen erdogan«Paralel imamların Qafqaz oyunları» 

Türkiyənin hökumətyönlü qəzeti «Yeni Şafak» son sayında «Paralel imamların Qafqaz oyunları» adlı məqalə dərc edib. Məqalədə «paralelçilər»in (Fətullah Gülən camaatı) Qafqaz regionu üzrə imamlarını necə seçməsindən və onların həmin ölkələrin dövlət orqanlarına necə sızmasından bəhs olunur. Müəllif yazır ki, regionun imamları Azərbaycandakı məktəblərin məzunları arasından seçilir. Əvvəlcə onlara «Türkiyə-Rusiya əlaqələri», «Türkiyə-Gürcüstan mədəniyyəti» adı altında dərnəklər açılır.

Daha sonra həmin şəxslər dövlət qurumlarına yerləşdirilir: «Fətullah Gülənin xaricdə açdığı ilk ali məktəb Qafqaz Universitetidir. İmamlar bu universitetin məzunları arasından seçilir. Əsasən QHT-lər yaradaraq bu sahədə fəaliyyət göstərdikləri görüntüsünü yaradırlar. QHT-lər də adətən «Azərbaycan və Türkiyə həmrəyliyi», «Türkiyə mədəniyyəti» adları altında faəliyyət göstərir. Növbəti hədəf həmin şəxsləri dövlətin yüksək vəzifələrinə yerləşdirməkdir. İmamlar sistemli şəkildə Azərbaycanın bürokratik sisteminə sızır.

Bu məqsədlə strateci nikahlara da girirlər. Siyasətdə önəmli vəzifə tutan şəxsin qızıyla və ya yoldaşı vəfat edən biriylə evlənirlər. Bu yolla önəmli isimlərlə əlaqələrini gücləndirirlər. Rusiya, Gürcüstan, Qazaxıstan, Türkmənistan kimi ölkələrə də Azərbaycanda yetişdirdikləri imamları göndərirlər. Ukrayna və Tatarıstanla da bağlı eyni üsuldan istifadə olunur». Məqalədə o da qeyd olunur ki, Türkiyədə «paralel quruluş»a qarşı mübarizə başladığında Azərbaycan hökuməti də bu istiqamətdə hərəkətə keçib.

«Gülən»in nəzarətində olan məktəb və kurslar qapadılıb. Lakin bu mübarizə uzun sürməyib və çox keçmədən məktəblər fəaliyyətlərini bərpa ediblər. Sadəcə başqa ad altında: «Qapadılan məktəblərin yerinə «İstək» liteseyləri açıldı. Məktəblərdə yalnız ad dəyişikliyi oldu. Müəllimlər də əvvəlki kadrlardır».

 

Gültəkin