«Daily Mail»: «Bu hadisələr Əliyevin «Formula-1» yarışları keçirməyə hazırlaşdığı bir vaxta təsadüf edir»
Azərbaycanda sosial tələblərlə keçirilən etiraz aksiyaları dünyanın nüfuzlu nəşrlərinin də diqqətindədir. Böyük Britaniyanın dünyaca nüfuzlu “The Guardian” qəzetindən sonra “Daily Mail” də ölkədə insanların işsizlikdən, səfalətdən əziyyət çəkməsi və bu səbəbdən küçələrə çıxmasından yazır. “Azərbaycandakı etirazlar neftin qiymətinin düşməsi fonunda siyasi risklərin göstəricisidir” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Uzun müddət ərzində neft pulları və yaxşı təchiz olunmuş təhlükəsizlik qüvvələri Qubada prezident Ilham Əliyevə münasibətdə loyallığı təmin edirdi. Lakin bir neçə ay ərzində neftin qiymətinin kəskin ucuzlaşmasından sonra adamlar ölkədə sosial-iqtisadi durumlarının pisləşməsinə etiraz olaraq, ötən həftə küçələrə çıxdılar.
Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar təkcə son 30 gün ərzində Azərbaycan manatı dollara nisbətdə dəyərinin təxminən yarısını itirib. Bu da iqtisadiyyatı neftdən asılı olan ölkədə sosial etirazlara səbəb olub.
Baş verənlər Əliyevi valyuta üzərində nəzarətin güclənməsi, banklara yardım edilməsi, dövlət əmlakının satılması kimi tədbirlərə əl atmağa vadar edib. Buna baxmayaraq, əhalinin qəzəbi artır.
“Qiymətlər qalxıb, məmurlar korrupsiyalaşıb, iş yerləri yoxdur, biz kreditləri ödəyə bilmirik”, – deyə Qafqaz dağlarının ətəyində yerləşən Qubanın mərkəzində boş mağazada oturan 28 yaşlı Əfqan deyir.
Etirazların qarşısını almaq üçün çoxlu sayda polis qüvvələri səfərbər olunub. Bu hadisələr Əliyevin “Formula-1″ yarışları keçirməyə hazırlaşdığı bir vaxta təsadüf edir.
“Bizim etirazlarımız əvvəlcədən xüsusi təşkil olunmamışdı. Bizim aksiyada lideriimiz yox idi. Sadəcə, 5000-ə qədər adam toplaşıb, etirazımızı bildirdik. Çünki daha dözə bilmirik”, – Əfqan əlavə edir.
Paytaxt Bakıdan 180 kilometr şimalda yerləşən Qubada məsciddə cümə namazından sonra adamlar şəhərin mərkəzi meydanına toplaşıblar. Kütlə Xüsusi Təyinatlı Polis Qüvvələri tərəfindən qısa müddətdə dağıdılıb. Onlar vətəndaşlara qarşı suvuran maşınlardan, dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə ediblər. Şahidlərin sözlərinə görə, 50 nəfərə yaxın etirazçı döyülüb və saxlanılıb.
Bundan bir gün sonra da xüsusi geyimli polislər hələ də şəhərin mərkəzini mühasirəyə almışdı. Üstəlik, yaxınlıqda da avtobuslarda əlavə polis qüvvələri saxlanılıb.
“Hakimiyyət bizdən qorxur. Onlar qorxurlar ki, bölgələrdəki bu cür xırda etirazlar böyük üsyana çevrilə bilər. Bilirsiz, bizim artıq itirəcək heç nəyimiz qalmayıb. Islanmışın yağışdan nə qorxusu…”, – deyə Quba sakini olan 25 yaşlı Rüstəm bildirir.
Ilham Əliyev prezident kürsüsünü 2003-cü ildə atası Heydər Əliyevdən miras alıb. Bir müddət dünyada ən yüksək sürətli iqtisadi artım Azərbaycanda müşahidə olundu.
Əliyevin tərəfdarları iddia edir ki, o, ölkəyə stabillik, müasirlik və Avropa ilə sıx əlaqələr gətirdi. Buna misal olaraq, 2012-ci ildə “Eurovision” musiqi yarışması, keçən il birinci Avropa Oyunlarının bu ölkədə keçirilməsini göstərirlər.
Amma iqtisadiyyatda artım olduğu halda, ölkədə azadlıqlar məhdudlaşdırılıb, fərqli fikirlilər susdurulub.
Indi neftin qiymətinin kəskin ucuzlaşması korrupsiyanın geniş yayıldığı Azərbaycanda ciddi problemlər yaradıb. “Tranparency International”ın şəffaflıq indeksində Azərbaycan ən çox korrupsiyalaşmış ölkələrdən biri kimi göstərilib. Azərbaycan şəffaflığa görə 174 ölkə arasında 126-cı yerdə qərarlaşıb.
Rusiya ilə sərhəddin yaxınlığında yerləşən Quba həm də kənd təsərrüfatı regionu sayılır. Dağ mənzərələri, otellər, o cümlədən bahalı “Rixos” Qubanı həm də turizm üçün əlverişli məkana çevirir.
Bununla belə, şəhər sakinləri iddia edir ki, yerli kənd təsərrüfatı məhsullarını Rusiyaya apararkən çətinliklə üzləşirlər, gömrük işçiləri rüşvət tələb edir.
Qubada baş verənlərə bənzər etiraz aksiyası ötən həftə Bakıdan 90 kilometr məsafədə yerləşən Siyəzəndə də baş verdi. Həmin etirazlar da polis tərəfindən dağıdıldı. Yerli sakinlərin sözlərinə görə, orada onlarla adam həbs olunub.
Ötən həftənin sonunda istirahət günləri Siyəzən şəhəri tamamilə polisin nəzarəti altında olub.
“Biz son ümidimizi də itirdik. Bizim bu kiçik rayon neyləyə bilər? Əgər digər regionlar da etirazlara qoşulsa, birlikdə nələrisə dəyişə bilərik”, – deyə adının çəkilməsini istəməyən Siyəzən sakini bildirib.