Sanksiyalardan qurtulan İranı nələr gözləyir?
«OilPrice»: «Bütün cəbhələrdə Tehran irəli, Ər-Riyad geri gedir»
ABŞ prezidenti Barak Obama Irana qarşı sanksiyaların ləğvini diplomatiyanın tarixi naliyyəti adlandırıb. Ağ Evdən canlı yayımlanan çıxışında Obama bu tarixi mərhələyə savaşsız nail olunduğunu xüsusi qeyd edib: “Diplomatiyanın bu tarixi nailiyyətinə Yaxın Şərqdə savaş aparmadan şahid olduq. Bu anlaşma Tehranın nüvə bombası hazırlamaq istiqamətindəki bütün cəhdlərinin qarşısını almış oldu”.
Obama onu da etiraf edib ki, anlaşmadan imtina etmək onilliklər boyu Vaşinqtonun xeyrinə olmayıb: “Təbii ki, bu anlaşma iki ölkə arasındakı bütün fikir ayrılıqlarını aradan qaldırmayacaq. Bununla yanaşı, Birləşmiş Ştatlar Iranda insan haqlarının pozulması, terrora dəstək və ballistik raketlərdən istifadə ilə bağlı sanksiyaları da ləğv etməyəcək”.
Qeyd edək ki, Iran nüvə proqramı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi üçün ona qarşı ABŞ və Avropa Birliyi tərəfindən tətbiq olunan beynəlxalq iqtisadi və maliyyə sanksiyaları ləğv olunub. Bununla da valyuta transferi, sığorta əməliyyatları, eləcə də neft, qaz və digər təbii ehtiyatların idxal-ixracına qoyulan qadağa aradan qalxıb. Eyni zamanda, Iranın aviaşirkətlərinə yenidən Avropa Birliyi ərazisindəki hava limanlarına reyslər həyata keçirməyə icazə verilib. Iran neftinin üçüncü ölkələrlə alış-satışına tətbiq olunan sanksiya da aradan qalxıb.
Bir gün sonra yeni sanksiya
Lakin bəzi məhdudiyyətlər hələ də qüvvədə qalır. Məsələn, Irandan silah ixracına qoyulan qadağa bundan sonra 5 il, ölkəyə nüvə texnologiyaların verilməsinə qoyulan qadağa isə 10 il davam edəcək. Bundan başqa, Iran 8 il müddətində nüvə başlığı daşıya biləcək ballistik raketlərin istehsalından imtina etməlidir.
Yeri gəlmişkən, Vaşinqton “buzları əridən” məlum qərarından bir gün sonra Tehrana qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyi Iranın raket proqramı ilə bağlı bir neçə hüquqi və fiziki şəxsi cəzalandırıb.ÿSanksiya siyahısınaÿ 8 məmur və 3 şirkətÿdüşüb. Vaşinqton ballistik raketlərin istehsalında iştirak edənÿ 5 iranlınıÿda siyahıya daxil edib. Yeni sanksiyalar raket proqramı ilə əlaqəsi olan müəssisə və şəxslərin ABŞ bank sistemindən istifadəsini qadağan edir.
Iranın ABŞ və Avropa Birliyinin əksər sanksiyalarından qurtulması uzun müddət dünya bazarında neft qiymətlərini diktə edən Səudiyyə Ərəbistanının aqibətini də gündəmə gətirib.
Nüfuzlu “OilPrice” nəşri yazır ki, Səudiyyə hazırda bütün cəbhələrdə uğursuzluqla üzləşib: “Suriya və Yəməndə aparılan savaşda uduzur, neft qiymətləri uğrunda mübarizədən isə məğlub çıxır. Üstəlik krallığın OPEK-dəki liderliyi təhlükə, Qərblə müttəfiqliyi sual altındadır”.
“4 ildən artıq dözə bilməz”
Nəşrin fikrincə, Səudiyyədən fərqli olaraq Iran bütün cəbhələrdə irəliləyir: “Səudiyyə Ərəbistanı OPEK-in şəksiz lideri idi. Lakin neft qiymətlərinin enməsi fonunda Ər-Riyadın valyuta ehtiyatları azalmağa başlayır. Səudiyyə ucuz neft qiymətlərinə 4 ildən artıq dözə bilməz. Iranın Suriya və Yəməndə şiələri, Livanda “Hizbullah”ı dəstəkləməsi də Səudiyyə rəhbərliyində ciddi narahatlıq yaradır”.
Qəzet yazır ki, şiə din xadimi Nimr ən-Nimrin edamı Iranın Səudiyyə Ərəbistanındakı şiələr arasında nüfuzunun artmasının dolayı etirafıdır: “Krallıq öz ərazisində belə bir təhlükə ilə üzləşib. Nəzərə almaq lazımdır ki, Səudiyyədəki şiələr ölkə əhalisinin 15 faizini təşkil edir. Üstəlik krallıq başa düşür ki, birbaşa qarşıdurmada Irana qalib gələ bilməz. Iranın əhalisi daha böyükdür və ölkənin savaşlarda püxtələşmiş generalları var. Səudiyyə Ərəbistanında isə əsas hərbi postları kral ailəsinin yaxın ətrafı tutur”.
“Cəbhə boyu təşviş var”
“OilPrice” hesab edir ki, hazırda Səudiyyə bütün cəbhə boyu təşviş içindədir: “Krallıq həm özünün OPEK-dəki statusuna, həm valyuta ehtiyatlarının azalmasına, həm də müttəfiqlərinin itirmək təhlükəsinə görə ciddi narahatlıq keçirir. “Altılıq” ölkələri ilə imzaladığı sazişdən sonra Iranın neft şirkətlərinin və neft sənayesində çalışanların üzərindən sanksiyalar götürüldü. Sanksiyaların ləğvi və Iranın bazara girməsi ərəfəsində Səudiyyə Ərəbistanı Avropa üçün neft qiymətlərini qəfildən azaltdı. Analitiklərin fikrincə, Səudiyyə ilə Iran arasındakı ədavət savaşa çevrilsə, neftin bir barreli 250 dollaradək yüksələ bilər”.
Hər gün 500 min barrel…
BBC beynəlxalq analitiklərə istinadən xəbər verir ki, Iran üzərindən sanksiyaların qaldırılması hər gün 500 min barrel daha artıq neft istehsalı deməkdir.
“Phillip Futures” şirkətinin analitiki Daniel Ang bildirib ki, qiymətin enməsi Iranın Qərb sanksiyalarından azad olması ilə bağlıdır. Bu, o deməkdir ki, Iran xam neftinin daxil olması ilə bazarda neft bolluğu yaranacaq.
ABŞ-ın Enerji Məlumat Agentliyi hesab edir ki, Iran dünyada neft ehtiyatları ilə zəngin dördüncü ölkədir. Analitiklər bildirir ki, Iran artıq öz neftini satmağa hazırdır: “Hazırda Iranın böyük neft ehtiyatı var. Onlar istəsələr, bu nefti satmaq imkanındadırlar. Və bu, neftlə təchizatı çox sürətli şəkildə artıracaq. Neft qiymətlərinin aşağı düşməsi əsasən ABŞ neftinin bazara axını ilə bağlıdır. Eyni zamanda Çin və Avropada iqtisadi artımın zəifləməsi ilə əlaqədar tələbat da azalıb. Adətən OPEK qiymətlərə dəstək vermək üçün istehsalı azaldardı. Lakin Səudiyyə Ərəbistanının dominantlıq etdiyi qrup bu dəfə təchizatı azaltmaqdan imtina edib. Növbəti iki il ərzində təchizat tələbatı üstələməkdə davam edəcək və nəticədə qiymətlər aşağı səviyyədə qalacaq”.
Gültəkin