muzeffer baxis

Ölkəni fəlakətə sürükləyənlər cəzalandırılacaqmı?

 

muzeffer baxisVəzifə səhlənkarlığına, sui-istifadəyə yol verən məmurları nə gözləyir

Müzəffər Baxışov: «Hakimiyyət dəyişməyincə, ölkənin bu vəziyyətə düşməsinə görə məsuliyyət daşıyanlar cəzalandırılmayacaq»

 

Ölkənin hazırda üzləşdiyi maliyyə böhranı iqtisadiyyatın bütün sahələrini əhatə edib. Ərzaq məhsulları ilə yanaşı xidmət sektorunda da qiymətlər artıb. Bütün bunlar manatın 2015-ci il ərzində iki dəfə devalvasiyaya uğramasının nəticəsidir.

Məhz manatın dəyər itirməsi problemli kreditlərin sayını artırıb. Problemli kreditlər bir çox ailələr üçün faciəyə belə səbəb olub. Son zamanlar mətbuatdan oxuduğumuz intiharların bir çoxunun səbəbi məhz problemli kreditlərdir.

Beynəlxalq maliyyə qurumları əslində Azərbaycanı bu cür fəlakət gözləyə biləcəyi barədə xəbərdar etmişdi. Amma bu xəbərdarlıqlara müvafiq strukturların reaksiyası ənənəvi olmuşdu. Təkliflər və iradlar nəzərə alınmayaraq, yürüdülən yanlış iqtisadi siyasət tam gücü ilə davam etdirilmişdi.

Baş verənlərlə bağlı vəzifə səhlənkarlığı göz önündədir. Yürüdülən yanlış maliyyə siyasəti ölkəni uçuruma aparır. Bütün baş verənlərlə bağlı normal dövlətdə cinayət işi açılmalıydımı?

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, ölkədə maliyyə böhranın yaranmasının əsas səbəblərindən biri idarəetmənin düzgün təşkil edilməməsidir: “Ölkədə vəziyyət elədir ki, bütün dövlət orqanları, nazirliklər konkret cinayət əməlləri törədirlər. Məsələn, bəlli oldu ki, Rabitə Nazirliyində dövlət əmlakı mənimsənilib. Bütün nazirliklərdə bu qanun pozuntusu təkrarlanır. Nazirlik özlərinin hüquqi şəxsləri vasitəsilə bu əmlakı əldə edirlər. Sonradan da qiymətləri üç-beş dəfə artıq göstərirlər. O cümlədən də icra hakimiyyətlərində, digər dövlət qurumlarında oxşar cinayət əməlləri törədilir. Bütün bu cinayət əməlləri isə son nəticədə ölkəni iflasa aparır”.

M.Baxışov hesab edir ki, ona görə konkret bir şəxs deyil, ümumiyyətlə, dövlət orqanlarında çalışan əksər şəxsləri konkret cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmək olar. “Amma əfsuslar olsun ki, Azərbaycanda elə bir hakimiyyət formalaşıb ki, yalnız həmin hakimiyyətin icazə verdiyi şəxsləri cinayət məsuliyyətinə cəlb edirlər. Nə qədər ki Azərbaycanda bütün hakimiyyət icra hakimiyyətinə mənsub olacaq və yalnız hakimiyyətin verdiyi icazə əsasında cinayətkarları məsuliyyətə cəlb etmək mümkün olacaq, proseslər bu şəkildə davam edəcək. Normal da isə Azərbaycanı bu vəziyyətə gətirdiyinə görə mövcud hakimiyyət bütövlükdə istefaya getməlidir və normal hakimiyyət qurulmalıdır. Amma hakimiyyət dəyişməyincə, ölkənin bu vəziyyətə düşməsinə görə məsuliyyət daşıyanlar cəzalandırılmayacaq”, deyə M.Baxışov vurğuladı.

Xəyal