İran-ABŞ anlaşması Azərbaycanı da pis vəziyyətə qoyacaq
Hikmət Hacızadə: «Daha Azərbaycan əvvəlki kimi İranın ölkəmizə təhlükə törətdiyini deyə bilməyəcək»
İranın Qərblə münasibətlərini normallaşdırması region üçün tam yeni situasiya yaradır. Artıq Azərbaycanın cənubunda yerləşən dövlət də Qərbin ən yaxın partnyorlarından birinə çevriləcək. Bu isə Azərbaycan üçün də tam yeni imkanlar açır. Amma bu dəyişikliyin bir sıra mənfi cəhətləri də var.
Məsələn, artıq Qərblə münasibətlərin normallaşdığı barədə məlumat yayılan kimi Iran daxilində qiymətlərdə ciddi artım müşahidə olunmağa başlayıb. Artıq ölkə daxilində sanksiyaların aradan qalxmasının alıcılığın artacağına səbəb olacağı hiss edilir. Bu isə Azərbaycan üçün heç də ürəkaçan deyil. Çünki Azərbaycan vətəndaşlarının əksəriyyəti, xüsusilə də cənub bölgələrində yaşayanlar bir qayda olaraq ərzaq məhsullarını məhz Irandan alırdı. Bu həm ucuz, həm də Azərbaycanla müqayisədə daha keyfiyyətləi məhsulun əldə olunması üçün asan yol idi. Bundan başqa Azərbaycan səhiyyəsinin hazırkı acınacaqlı vəziyyəti Iran səhiyyəsini əksər vətəndaşlarımızın müraciət etdiyi ünvana çevirmişdi. Amma artıq Qərblə əldə olunan razılıq bütün sahələrə o cümlədən səhiyyədə də qiymətlərin bahalaşmasına səbəb olacaq.
Digər bir dəyişiklik hakimiyyətin yürütdüyü xarici siyasətlə bağlıdır. Çünki Azərbaycan hakimiyyəti Qərbdən gələn demokratiya çağırışlarından yayınmaq, Qərbi şantaj etmək üçün Rusiya və Iran kartından istifadə edirdi. Qərbə bildirilirdi ki, Azərbaycan Rusiya və Iranın ciddi təzyiqləri ilə üzləşdiyindən rəsmi Bakıya qarşı insan haqları ilə bağlı tələbləri təxirə salmaq gərəkdir. Iranla Qərbin münasibətlərinin normallaşması Azərbaycan hakimiyyətinin bu manevr imkanlarını məhdudlaşdırır.
Politoloq Hikmət Hacızadə hesab edir ki, Iranla Qərbin yaxınlaşması yeni başlayır və hələ bu o demək deyil ki, Iran Azərbaycanı narahat edən siyasətindən tam əl çəkib. Sanksiyaların ləğv edilmə ərəfəsində Iranın 10 amerikalı əsgəri həbs etməsini xatırladan H.Hacızadə bildirdi ki, onlar hamısı sonradan azad edildi. Amma münasibətlərin normal qalmasına rəğmən, əlaqələrdəki gərginlik hələ də qalır: “Iranın sülhpərvər, rasional dövlət olması Azərbaycanın maraqlarına uyğundur. Baş verənlər bir daha sübut edir ki, Qərbin sanksiyaları effektiv oldu. Nəticədə Qərb qan tökmədən Iranla münasibətləri normallaşdıra bildi”.
Azərbaycan hakimiyyətinin bundan sonra Qərblə danışıqlarda Iran “kartından” istifadə edə bilməməsinə gəlincə isə, H.Hacızadə bildirdi ki, iqtidar ritorikasını dəyişməyə məcbur olacaq: “Əlbətdə ki, Iranla Qərbin yaxınlaşması Azərbaycan hakimiyyətinin ritorikasına təsir edəcək. Daha Azərbaycan əvvəlki kimi Iranın ölkəmizə təhlükə törətdiyini deyə bilməyəcək. Amma onu da nəzərə almaq lazımdır ki, hakimiyyətin bu təbliğatına inanan da yox idi. Hazırda Qərb hərəkətə gəlib və Iranla danışıqlardan sonra ciddi nəticələr əldə edib. ABŞ-ın Iranla bağlı siyasəti Rusiya və başqa neft diktaturalarına qarşı yönəlib və davam edəcək”.
Xəyal