Regionlarda sosial tələblərlə etirazlar davam edir
Cəlilabad rayon sakinləri yanvarın 18-də etiraz aksiyası keçirib. Sakinlər rayon mərkəzində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad şöbəsinin qarşısına toplaşıb. Onlar işsizliyə, bahalığa və sosial yardımların verilməsində baş verən rüşvətxorluğa etiraz edirlər.
Hadisə yerinə gələn rayon icra başçısı Əziz Əzizovun aksiyaçıları sakitləşdirməyə çalışdığı bildirilir. Əziz Əzizov sakinləri qapalı zala yığmaq istəsə də, insanların çoxluğu buna mane olub.
Lakin sonradan Cəlilabadda etirazçılar Icra Hakimiyyətinin iclas zalında toplaşmaqla bağlı icra başçısının təklifini qəbul ediblər. Zala toplaşan etirazçılar icra başçısına şikayətlərini çatdırıblar. Şikayətlər əsasən bahalıq, işsizlik, ünvanlı sosial yardımlar və bank kreditləri ilə bağlı olub.
Icra başçısı ünvanlı sosial yarımla bağlı şikayətləri araşdırıb həll edəcəyinə vəd verib. Bank kreditləri ilə bağlı hökumətin qərarını gözləməyi tövsiyə edib. Bahalaşma ilə bağlı isə bildirib ki, qiymət artımına yol verməmək üçün nəzarəti gücləndirəcəklər.
Icra başçısı qaldırılan problemlərin həlli istiqamətində tədbirlər üçün sakinlərdən bir neçə gün möhlət istəyib.
Daha bir etiraz aksiyası Astara rayonunda keçirilib. Rayonun Şahağacı kəndində sakinlər ikinci Astara-Bakı yolunu tutmağa cəhd ediblər. Bu barədə AzadlıqRadiosuna məlumat verən Astara rayon sakini Elçin Ibrahimlinin deməsinə görə, kənd sakinləri əsasən bank borclarına görə etiraz edirlər. Hadisə yerinə polis gəlib.
Bir qədər sonra rayon rəsmiləri sakinlərlə görüşüb. Sakinlərin sözlərinə görə, görüş kənd icra nümayəndliyində keçirilib: “Aksiya iştirakçılarını şikayətini kəndə gələn Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin nümayəndələri dinləyir. Aksiya iştirakçıları deyirlər ki, onların adına xəbərləri olmadan banklardan kredit götürülüb. Şahağacı və ətraf kəndlərindən bununla bağlı minə yaxın şikayətçi var”.
azadliq.info