Rüfət Səfərovun həbsi hüquqsuzluğun daha bir nümunəsidir
Azərbaycanda hüququn ayaqlar altına salındığı, qanunların kağız parçasına çevrildiyi, məhkəmələrin oyuncaq qurum olduğu heç kimə sirr deyil. Amma hakimiyyət həmişə utanmazcasına bəyan edib ki, Azərbaycan hüquqi dövlətdir, qaununların aliliyi təmin edilir və s.
Amma bu “utanmaz politologiya” artıq iflic olub. Indi hökumət israrla, mütəmadi olaraq sübut edir ki, həqiqətən də Azərbaycanda hüquq anlayışı dəfn edilib. Son olaraq bu reallıq keçmiş müstəntiq Rüfət Səfərovun həbsində ifadə olundu. Deməli, Rüfət Səfərova yüksək səviyyəli fəaliyyətinə görə fəxri diplom verilmişdi, bu adamla bağlı heç bir neqativ informasiya olmamışdı. Amma Rüfət Səfərov tutduğu vəzifədən istefa verib, ölkə reallığını dilə gətirən kimi, onun haqqında ən ağır ittihamlar səsləndirildi.
Yanvarın 15-də isə Baş Prokurorluq Rüfət Səfərov barəsində ÿCinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsiləÿ cinayət işi başlandığını açıqladı. Bundan bir qədər sonra Rüfət Səfərov Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə ÿIdarəsinə ÿçağırılır və həbs olunur.
Əslində, Rüfət Səfərovun həbsi Azərbaycanın nə qədər ağır vəziyyətə salındığının, ölkənin hansı təfəkkürlə idarə edildiyinin daha bir sübutu oldu. Əgər bu adam rüşvətxor olubsa, niyə rüşvətxor vəzifədə saxlanılıb? Hadisənin baş verməsindən 2 il sonra niyə araşdırma başlanılıb? Bu, açıq şəkildə hüquqa tüpürməkdi. Balaca uşaq da bilir ki, Rüfət Səfərov hakimiyyəti tənqid etdiyinə görə həbs olunub. Necə ki, keçmiş səfir Arif Məmmədovun tənqidindən sonra onun haqqında cinayət işi açıldı, eləcə də Rüfət Səfərovun istefası onun “rüşvətxor” olmasını zəruriləşdirdi. Bildiyiniz kimi, Rüfət Səfərov məhşur yapçı Eldar Sabiroğlunun oğludur. Eldar Sabiroğlu YAP-ın yaradıcılarından olub, məsul vəzifələrdə çalışıb. Bu adam özü etiraf edir ki, Azərbaycan reallığında üzə adam durğuzmaq, insanları şərləmək çətin məsələ deyil. Təbii ki, Rüfət Səfərov da şərlənəcəyini, həbs olunmaq ehtimalını gözə almışdı və bu barədə sosial şəbəkələrdə fikirlərini bölüşmüşdü. Bir daha qeyd edirik ki, hakimiyyəti tənqid etmək kifayətdir ki, cibindən narkotika, evindən silah çıxsın. Amma bu hakimiyyətin qanunsuz sifarişlərini, çirkin planlarını həyata keçirirsənsə, “Şərəf” ordeni də ala bilərsən. Eldar Sabiroğlu da etiraf edir ki, rüşvət almaq istedadı olmayan adama hökumətdə qiymət vermirlər.
Rüfət Səfərovun həbsi həm də hökumət komandasına verilən mesaj kimi dəyərləndirilməlidir. Hökumət komanda üzvlərinə göstərir ki, ədalət, vicdan, həqiqət axtarışına çıxanların axırı Rüfət kimi olacaq. Artıq hökumət o qədər nüfuzdan düşüb ki, o qədər nifrət qazanıb ki, hüquqsuluğun zirvəsinə dırmaşmaqdan çəkinmir.
Bu da heç kimə sirr deyil ki, baş verənlərdən ölkə başçısı xəbərdardı və proseslər onun razılığı ilə təşkil olunur. Amma belə olan təqdirdə Eldar Sabiroğlunun mövqeyi başadüşülən deyil. Fakt budur ki, onun oğlu şərlənərək həbs olunub və ölkə başçısı bu şər əməliyyatına “hə” deyib. Indi Ramiz Mehdiyevi tənqid atəşinə tutub, Ilham Əliyevə “sizdən inciyirəm” demək nə qədər səmimidir? Bu əməliyyatı Ramiz Mehdiyev hazırlayıbsa da, əməliyyat Ilham Əliyevdən gizlin hazırlanmayıb. Bu vəziyyətdə komandada xeyir və şər axtarmaq yanlışdır və Eldar Sabiroğlu da bunu bilir. Ona görə də hamını öz adıyla çağırmaq lazımdı. Dövlət gözdən salınırsa, hüquqsuzluq zirvəyə çıxıbsa, ölkədən milyardlar oğurlanıbsa, insanlar şərlənərək həbs olunursa, bütün bunlar özfəaliyyət ola bilməz. Komanda bütövlükdə çirkab içindədir və ölkə başçısı da bu çirkaba nəzarət edir.
Novruz