Amerika kəşfiyyatı Avropa boyunca müxtəlif siyasi partiyaların sıralarına soxulmuş Rusiya casusları ilə bağlı araşdırmaya başlayıb.
“The Telegraph” qəzetinin yazdığına görə, Milli Təhlükəsizlik Agentliyinin (MTA) direktoru James Clapper-ə ABŞ Konqresi tərəfindən Rusiyanın son onillikdə Avropa partiyalarını məxfi maliyyələşdirməsi məsələsinin araşdırılması tapşırılıb.
Qəzet yazır ki, belə bir tapşırığın verilməsi ABŞ-ın Moskvanın Avropa partiyalarından Qərbin birliyini pozmaq və bununla da NATO-ya zərbə endirmək kimi planlarından narahatlığının göstəricisidir.
Moskva həmçinin ona qarşı irəli sürülmüş sanksiyaların sarsıdılması məqsədilə Qərbdə müxtəlif siyasi partiyaları ələ almağa çalışır.
Soyuq müharibə qayıdır
Bundan bir qədər əvvəl Britaniya hökumətinin rəsmiləri “The Sunday Times”qəzetinə demişdilər ki, Rusiyanın fəaliyyəti nəticəsində “Soyuq müharibə” Avropaya qayıdır.
“Soyuq müharibə artıq gedir, – demişdi mənbə, – Bütün Avropa İttifaqı boyunca Rusiyanın bir sıra strateji əhəmiyyətli məsələlərdə Avropa birliyinin yekdilliyini pozmağa çalışdığının təzahürlərini görürük”.
“The Sunday Times” qəzetinin tanış olduğu “Rusiyanın nüfuz fəaliyyəti” dosyesi Rusiyanın Fransa, Hollandiya, Macarıstan, habelə Avstriya və Çex Respublikasında nüfuz əməliyyatları aparmasını əks etdirir. Dosyedə deyilir ki, Avstriya və Çexiya Rusiyanın Şengen zonasına təmas nöqtəsi rolunu oynayır.
ABŞ kəşfiyyatı ona verilmiş komandaya uyğun olaraq Rusiyanın təxribat məqəsədilə Avropa siyasi partiyalarına, habelə xeyriyyə təşkilatlarına nə şəkildə nüfuz etdiyini araşdıracaq.
Dosyedə bildirilir ki, Rusiyanın Avropa həmrəyliyini pozmaqdan əsas məqsədi NATO-un raketdən müdafiə sisteminin, həmçinin Rusiya enerjisinə alternativ mənbələrin axtarışının əngəllənməsidir.
Fransa millətçilərinə 9 milyon avro
Rəsmilər ABŞ kəşfiyyatının hədəfində hansı siyasi partiyaların olduğunu açıqlamırlar, amma ümumi inam belədir ki, söhbət ilk növbədə Macarıstandakı Jobbik, Yunanıstandakı Qızıl Dan, İtaliyada Şimal Liqası və Fransada Milli Cəbhə kimi ifrat sağçı partiya və təşkilatlardan gedir.
Məsələn, Fransanın Milli Cəbhəsi 2014-cü ildə Rusiya bankından 9 milyon avroluq kredit alıb.
Bəzi diplomatların fikrincə, Avstriya millət vəkillərinin ilhaq edilmiş Krıma səfərlərinin təşkili də Rusiyanın təxribat əməllərindən sayıla bilər.
Rusiya həmçinin gələn aprel ayında Hollandiyada Ukrayna ilə bağlı keçiriləcək referendumun gedişinə və nəticələrinə təsir göstərməyə çalışır. Bu referendumda Avropanın Ukrayna ilə sıx münasibətlərinin məqsədəuyğun olub-olmadığına adamların münasibəti öyrəniləcək.
“The Telegraph” yazır ki, Rusiya Britaniyanın siyasi həyatına da təsir gücünü artırmağa çalışır.
Hazırda Rusiya Avropanın daha da zəiflədilməsi üçün, gözlərini qarşıdan gələn Avropa refrendumuna və Leyborist Partiyasının lideri Jeremy Corbyn-nın seçki imkanlarına zilləyib.
Rusiya Corbyn-i niyə təbrik edib?
Royal United Services Institute (RUSI) araşdırmalar mərkəzində Rusiya üzrə ekspert Iqor Sutyagin deyib ki, Rusiya özünün təsir gücünü yaymaq məqsədilə istər leqal, istərsə də qeyri-leqal imkanlardan istifadə edir.
Ekspertin fikrincə, Rusiyanın başlıca məqsədi Avropanın NATO-ya, İttifaqa, Trident müdafiə sisteminə və Moskvaya qarşı sanksiyalarına marağı sarsıtmaq və Qərbin birliyinə zərər vurmaqdır.
Təhlilçi xatırladır ki, Kremlin xaricdəki təbliğat maşını olan “Russia Today” məhz bu səbəbdən də Corbyn-in liderlik kampaniyasını geniş işıqlandırmışdı. Halbuki yerdə qalan 6 namizədə diqqət belə verilməmişdi.
“The Telegraph” yazır ki, Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko Corbyn-i “qələbə münasibətilə” təbrik etməklə, əslində bütün diplomatik etika qaydalarının ziddinə misli görünməmiş hərəkətə yol verib.
Səfir Corbyn-in Qərbin vahid siyasətinə qarşı çıxmasını xüsusilə təqdir etmişdi.
Henry Jackson Society analitik mərkəzinin direktoru Andrew Foxall deyir ki, Rusiya Krımla bağlı sanksiyalarla mübarizədə daha cəsarətli vasitələrə əl atır.
Parçala, hökm sür
“Heç kəs Corbyn-i Rusiyanın muzdlu casusu olmaqda ittiham etmir, lakin onun mövqeyi bu məsələlərdə nümayişkəranə şəkildə Kremlin istəkləri ilə üst-üstə düşür” – deyib Foxall.
Foxall bildirir ki, Rusiya Qərbi gözdən salmaq üçün bircə imkanı da əldən vermir və isbat etməyə çalışır ki, Qərb heç də Moskvadan yaxşı deyil.
“Rusiya Avropa İttifaqının dağılmasını istəyir, çünki o “parçala, hökm sür” prinsipinə üstünlük verir” –deyir ekspert.
“The Telegraph” yazır ki, London və Moskva arasında münasibətlər son on ildə “diplomatik don” vəziyyətində olub və bu don bu həftə Britaniyada Aleksandr Litvinenkonun qətlinə dair hesabatın açıqlanması ilə çətin ki, açılsın.
Bu araşdırma Litvinenko-nun 2006-cı ildə Londonda qətlə yetirilməsinin arxasında kimin durduğunu açıqlamalıdır və bir çoxları ehtimal edirlər ki, şübhələr Kremlin üzərinə düşəcək.
“Rusiyanın dostları” ləğv olunub
Birləşmiş Krallıq Rusiyanın ölkənin daxili işlərinə qarışmasına qarşı addımlar atmağa başlayıb. Ötən avqustda Rusiya səfirlyi iddia edirdi ki, Britaniyanın Daxili İşlər Nazirliyi Moskvanın dörd diplomatının vizasını uzatmamaqla faktiki olaraq onları ölkədən qovub.
Sözü gedən diplomatların arasında Vestministerin içki məclislərində tez-tez görünən Sergey Nalobin də vardı. Onun Britaniya parlamentindəki “Rusiyanın dostları” qrupunun arxasında dayandığı düşünülür. Bir sıra tanınmış millət vəkillərindən ibarət bu qrup 2012-ci ildə neytrallıq prinsipini pozması ilə əlaqədar buraxılıb.
“The Telegraph” xartırladır ki, Britaniyada sağ təmaüllü müxalif UKİP partiyasının liderti Nigel Farage Vladimir Putini tərifləmiş, Avropa İttifaqını Rusiyanı Ukraynaya “müdaxiləyə təxrib etməkdə” ittiham etmişdi.
Bununla belə, bu partiyanın Rusiya rəsmiləri ilə birbaşa əlaqələrinə dair sübutlar yoxdur, yazır “The Telegraph”. (BBC azeri)



