Naxçıvan korpusunda üsyan gözlənilir

Kərəm Mustafayevin qanunsuz addımları zabitləri hiddətləndirib

 

Silahlı Qüvvələrin Naxçıvan korpusunda üsyan ola bilər. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir. Belə ki, Korpusda uzun illərdir davam edən nizamnamə pozuntuları və korrupsiyanın dərinləşməsi vəziyyəti gərginləşdirib.
Mənbə bildirir ki, bir zabitin istənilən korpusda beş ildən artıq xidmət etməsi silahlı qüvvələrin nizamnaməsinə ziddir. Naxçıvan korpusunda isə artıq xidmət müddəti on beş ili keçən zabitlər var. Bunun nəticəsində Kərəm Mustafayevin öz sistemini qurduğu və qoruduğu deyilir. Son vaxtlar isə vəziyyət daha da gərginləşib. Tibb xidmətinə ayrılan vəsait mənimsənilib və xərclər zabitlərin maaşlarından tutulur. Bu da zabit heyətinin narazılığına səbəb olub.
Qeyd edək ki, iki il öncə Kərəm Mustafayev Müdafiə Nazirliyində yeni yaradılması nəzərdə tutulan Quru Qoşunları komandiri olmaq üçün Türkiyədə müvafiq kurs keçmiş, amma imtahandan məqbul ala bilməmişdi. Bu barədə xəbərdə həm də deyilirdi ki, General Heydər Piriyev Naxçıvan Korpusuna qərargah rəisi təyin edilib ki, Bakının Mustafayevə nəzarət imkanları yaransın. Amma on illərdir eyni vəzifəni tutan korpus zabitləri hesabına Mustafayevin Piriyevə heç bir imkan vermədiyi də deyilir.

 

Informasiya şöbəsi