Əliyevin mühafizəçiləri “Azadlıq”a şok faktlar açıqladı
«Betta» qrupunun rəhbərliyinin saxtakarlığı üzündən İlham Əliyev fevral ayında ölə bilərmiş
Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sabiq əməkdaşı, baş leytenant Asif Lətifova qarşı təzyiqlər davam edir. Bu barədə “Azadlıq”a baş leytenantın özü məlumat verib. Onun sözlərinə görə, dünən axşam saatlarında bir neçə dəfə açıq nömrədən atasının mobil telefonuna zəng gəlib. Zəng edən şəxs Asif Lətifovun atasını hədələyib: “Atama deyiblər ki, oğluna de sakit dayansın, əks-təqdirdə başınız ağrıyacaq. Mən həmin nömrələri hüquq-mühafizə orqanlarına təqdim edəcəm”. Asif Lətifov onu da bildirib ki, bu gün Səbayel Rayon Məhkəməsində hakim Akif Əhmədovun sədrliyi ilə XDMX-nin rəisi general-polkovnik Vaqif Axundova qarşı qaldırdığı iddia əsasında məhkəmə hazırlıq iclası keçiriləcək.
General korrupsiyada ittiham edilir
Asif Lətifov 17 il XDMX-nin “Betta” qrupunda çalışıb. Bu ilin martında qanunsuz olaraq “xidməti uyğunsuzluq” adı altında işdən azad edilib. Baş leytenantın sözlərinə görə, əslində ona qarşı haqsızlığın kökündə XDMX rəhbərliyinin korrupsiyaya bulaşması və onun buna etirazı dayanır: “Ilham Əliyevin göstərişilə Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə start veriləndə mən də çalışdığım qurumda korrupsiya və digər qanunsuzluqlarla bağlı faktlar barədə ölkə başçısına məlumat vermişəm. Mənim bu addımım Vaqif Axundov və onun ətrafını narahat etdiyinə görə işdən azad edilmişəm”.
Asif Lətifovun sözlərinə görə, əvvəlcə onu öz ərizəsilə işdən çıxarmağa çalışıblar: “Mənə dedilər ki, yaxşısı budur özün ərizə yaz işdən çıx. Lakin mən işdən çıxmaq barədə ərizə yazmaqdan imtina etdim. Bundan sonra məni ”xidməti uyğunsuzluq” adı altında işdən çıxardılar. Mən işdən çıxarılandan sonra Vaqif Axundovla görüşüb məsələyə aydınlıq gətirmək və bundan sonra müvafiq addımlar atmaq istəyirdim. Bu baxımdan işdən çıxarılandan dərhal sonra məhkəməyə müraciət etmədim. Digər tərəfdən mənə işdən çıxarılmağım barədə əmri belə, verməmişdilər”.
Eldar Mahmudov MTN-nin şefidir, yoxsa ETTELAAT-ın?
Baş leytenantın sözlərinə görə, Vaqif Axundovla görüşdə ona bir daha aydın olub ki, işdən çıxarılmasının heç bir hüquqi əsası yoxdur: “Bu, sırf sifarişdir. Təsəvvür edin, mən Vaqif Axundovdan soruşuram ki, məni niyə işdən çıxarmısınız. Cavab verir ki, sən başını lazım olmayan yerə soxmusan. Deyirəm axı mən neyləmişəm?! Ölkə başçısı korrupsiyaya qarşı mübarizə elan edib, mən də bir zabit, bir vətəndaş kimi bu işdə ona köməklik etmək istəmişəm. Vaqif Axundov gördü ki, ortada Ilham Əliyevin adı var, bir söz deyə bilmədi. Başqa bir bəhanə tapdı. Dedi ki, nə üçün milli təhlükəsizlik naziri Eldar Mahmudova teleqram vurub onu MTN işçilərinin peşə bayramı münasibətilə təbrik etmisən. Dedim axı burada qeyri-adi nə var. Əvvəla, Eldar Mahmudovun mənim atamla şəxsi münasibətləri var. Ikincisi, mən düşmənə təbrik yazmamışam axı. Amma görün, Vaqif Axundovun müavini general Niyazi Hacıyev mənə nə deyir: Bəlkə Eldar Mahmudov səni ”verbovat” edib. Xoşluqla boynuna al, səni işə bərpa edək. Təsəvvür edirsiniz nə baş verir? Sanki mən MOSSAD-ın, ETTELAAT-ın rəhbərinə teleqram vurmuşam və onlar da məni “verbovat” edib”.
“Betta” qrupunda güllə saxtakarlığı
Asif Lətifov bu ilin fevral ayında XDMX-də baş vermiş bir “çp”-ni də diqqətimizə çatdırıb: “2011-ci ilin fevral ayında Ilham Əliyev Rusiyaya səfər edən zaman biz hava limanının bayır hissəsindən onun təyyarəsini müşayiət edirdik. Xidmətdən qayıtdıqdan sonra bəlli oldu ki, zabitlərdən biri güllə itirib. Bu mühafizə xidməti üçün ciddi ”çp” sayılır. Mən həmin gülləni hava limanında öz xidməti avtobusumuzdan tapmışdım. Lakin hələ rəis Fikrət Rzayevə məlumat verməmişdim. Çünki bu işdə saxtakarlıq olacağını bilirdim. Zənnim məni aldatmadı. Bir qədər sonra Fikrət Rzayev qrupa elan etdi ki, itən güllə tapılıb və rəhbərliyə məlumat verilib. Halbuki həmin vaxt güllə məndə idi. Deməli, Fikrət Rzayev “çp”-ni ört-basdır etmək üçün itən gülləni başqa bir güllə ilə əvəzləyib. Özü də maraqlıdır ki, həmin güllə yararsız olub. Bilirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, əgər həmin vaxt Ilham Əliyevə qarşı hər hansı sui-qəsd cəhdi baş versəydi, atışma olsaydı, həmin əməkdaş silahından istifadə edə bilməyəcəkdi, saxta güllə açılmayacaqdı. Bu isə acı nəticələrə səbəb olacaqdı. Deməli, Fikrət Rzayev faktiki olaraq Ilham Əliyevə xəyanət edib. Mən onun bu saxtakarlığını ifşa etdim. Gülləni xidmətin inspektorluğuna təhvil verdim və onu necə, haradan tapdığım barədə izahat yazdım. Inspektorluğun rəisi general-mayor Vüsal Rzayev həmin əməkdaşa məxsus silahın sandıqçasını boşaltdırdı və Fikrət Rzayevin ora yerləşdirdiyi saxta güllə aşkar olundu. Sonra bu olayı mənim əleyhimə çevirdilər. Dedilər ki, sən başından böyük işlər görürsən. MTN tərəfindən “verbovat” olunduğun üçün idarənin neqativ hallarını açırsan”.
Mühafizə xidmətində Hacı Məmmədov izi
Asif Lətifov qəzetimizə başqa bir sensasion fakt da açıqlayıb. Bu, DIN-in sabiq əməliyyat müvəkkili, adam oğurluğu və başqa ağır cinayətlərdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov barədədir. Baş leytenant bildirib ki, Hacı Məmmədova məxsus axtarışda olan “Mercedes 600” markalı avtomobil XDMX-də tapılıb: ”Hacı Məmmədov həmin avtomobillə bir çox cinayətlər törədib. Ona görə də “Qara Kəmər” əməliyyatından sonra bu maşın axtarışa verilmişdi. Sən demə, həmin avtomobil bizim zabitlərdən birində imiş. Bəzi səbəblərdən həmin zabitin adını çəkmək istəmirəm. Yalnız onu deyə bilərəm ki, həmin zabit ölkə başçısının şəxsi mühafizəsində çalışırdı. Bu fakt mühafizə xidmətində nələrin baş verdiyini təsəvvür etmək üçün kifayət deyilmi?”.
Asif Lətifov bildirib ki, hüquqlarının bərpası uğrunda sona qədər mübarizə aparmaqda israrlıdır: “Mən məhkəmədə çalışdığım qurumun 21 nəfər itgin düşmüş, 9 nəfər qətlə yetirilmiş, 14 nəfər əlil və 5 nəfər şəhid olmuş əməkdaşımızın da haqqını tələb edəcəm. Azərbaycan məhkəmələri işə ədalətlə baxmasalar, Avropa Məhkəməsinə üz tutacam. Ən pis halda, ölkə vətəndaşlığından imtina edəcəm”.
Vaqif Axundovun MTN xofu
XDMX-nin başqa bir əməkdaşı, 15 il qurumun 1-ci şöbəsində çalışmış baş çavuş Seymur Əlicanov da qanunsuz işdən çıxarıldığını deyir. Baş çavuşun sözlərinə görə, 2007-ci ildə məzuniyyətdən qayıtdıqdan sonra xəbər tutub ki, Vaqif Axundov onu “xidməti uyğunsuzluğa” görə işdən azad edib: “Şöbə rəisindən işdən çıxarılmağımın səbəbini soruşduqda dedi ki, sənin barəndə idarəyə kompramat daxil olub. Bundan sonra kadrlar şöbəsinin rəisi Hüseyn Əhmədovun yanına gedərək ”kompramatla” maraqlanmaq istədim. Lakin o, mənə bildirdi ki, heç bir kompramat yoxdur, sadəcə səni “xidməti uyğunsuzluğa” görə işdən çıxarırıq. Mən buna etiraz etdikdə isə Hüseyn Əhmədov bildirdi ki, qayınatan məhkumluq həyatı yaşadığına görə mühafizə xidmətində işləyə bilmərsən. Mən dedim axı mən ailə həyatı qurmamışdan burada çalışıram və mənimlə bağlı araşdırmalarda heç bir problem olmayıb. Bir də axı mühafizə xidmətinin polkovniklərinin biri 3 dəfə məhkum olunub. Lakin nəticəsi olmadı. Bu baxımdan Vaqif Axundova müraciət etdim ki, məni qəbul etsin. 3 müraciət etməyimə baxmayaraq, o, məni qəbul etmədi. Mən də MTN-ə müraciət etməli oldum. Bu müraciətdən sonra məni yenidən çağırdılar və MTN-ə “işləməkdə” ittiham etdilər”.
Seymur Əlicanov da Asif Lətifovun Hacı Məmmədovun avtomobili ilə bağlı faktı təsdiqləyib. O, həmçinin bildirib ki, XDMX-də başqa müdhiş olaylar da baş verib bu barədə hələ danışmaq niyyətində deyil. “Vaxtı gələndə hər şeyi açıqlayacağıq”, – deyə baş çavuş bildirib.
Vidadi