Sülhəddin Əkbər: «Putin-Medvedev münasibətləri proseslərin gedişindən asılı olacaq»
Razi Nurullayev: «Medvedev Rusiya xalqının yanında dayanmağı daha məqbul sayacaq»
Rusiyada parlament seçkisindən sonra baş verən proseslərdə əsas hədəfin prezident Medvedev deyil, baş nazir Putin olması bir daha ölkədə faktiki rəhbərliyin kimin əlində cəmləşdiyini göstərdi. Maraqlıdır ki, proseslərə hər iki şəxsin münasibəti də fərqli olub. Əgər baş nazir etiraz aksiyalarında xarici amilin rolunu axtarırsa, Medvedev insanların mitinq keçirmək haqqının olduğunu deyib və bunu demokratiyanın görsənişi kimi qiymətləndirib. Hətta ölkə başçısı “Facebook” səhifəsində bununla bağlı fikirlərini bölüşüb və xeyli sayda insan ona şərh yazıb. Xatırlatmaq lazımdır ki, Putinin prezidentliyə namizədliyi irəli sürülməzdən öncə Medvedev seçkilərə qatılacağına dair fikirlər bildirirdi. Eyni zamanda bu iki şəxs arasında müəyyən fikir ayrılıqlarının olduğu da qeyd edilirdi. Indiki məqamda Medvedevin Putindən fərqli mövqe nümayiş etdirməsi nə ilə bağlıdır? Ölkədə vəziyyət gərginləşəcəyi təqdirdə baş nazirlə prezidentin yollarının ayrılacağını gözləmək olarmı?
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər Rusiyada çox maraqlı proseslərin başladığını və bunun ölkə rəhbərliyi üçün gözlənilməz olduğunu deyir. Medvedev və Putinin fərqli mövqe nümayiş etdirməsi də bunun göstəricisidir: “Onlar hansı reaksiya verəcəklərini bilmir. Hər şey müxalifətin hansı strategiya və taktika ilə hərəkət edəcəyindən asılıdır. Əgər müxalifət öz ətrafında narazı elektoratı toparlaya bilsə, Rusiyada proseslər daha da dərinləşəcək”.
Ekspertin sözlərinə görə, ən azı prezident seçkilərinə qədər Rusiyada gərginlik yüksələn xətlə davam edəcək. Putin-Medvedev münasibətlərinə gəldikdə, bu, proseslərin gedişindən asılı olacaq: “Proseslərin dərinləşəcəyi halda Rusiyada gözlənilməz hadisələr baş verə bilər. Hətta prezident seçkilərinin nə ilə nəticələnəcəyini indidən söyləmək çox çətindir. Medvedevin daha hansı addımlar atacağı da Rusiyada hadisələrin inkişafı istiqamətindən asılı olacaq”.
Politoloq Razi Nurullayevin fikrincə, Medvedev Rusiya prezidenti olduğuna görə Putinin iradəsindən kənar məsələləri dilinə gətirə bilir. Son açıqlamasını da bu rakursdan qiymətləndirmək lazımdır. Amma əminliklə demək olar ki, Medvedev beynəlxalq aləmdə baş verən prosesləri Putindən daha düzgün qiymətləndirə bilir.
Ekspertin sözlərinə görə, bir yandan Medvedev Putinin qarşısında özünü günahkar sayır. Ancaq digər tərəfdən, beynəlxalq aləmin onun bu yanaşmasını düzgün qəbul etdiyindən məmnun kimi görünür: “Mart ayında keçiriləcək seçkilərdə Putinin asanlıqla qələbə qazanacağını demək olmaz. Həmin seçkiyə qədər Medvedev Putinin mövqeyini dəstəkləməli olacaq. Seçkidən sonra isə Medvedevin yanaşmalarında müəyyən kənara çıxmalar baş verə bilər. Bu isə artıq yenə də Rusiyada baş verən proseslərin hansı səmtdə və hansı intensivliklə getməsindən asılı olaraq müəyyənləşəcək. Amma, istənilən halda, hesab edirəm ki, Rusiyada hadisələr artıq pik nöqtəsinə çatarsa, Medvedev Rusiya xalqının yanında dayanmağı daha məqlub sayacaq və Putinin yanından çəkilməyə məcbur olacaq”.
Fizzə