Rəqiblərindən Baxçalıya imza zərbəsi

bahceliMHP sədrliyinə iddialılar fövqəladə qurultayın çağırılması üçün gərəkən sayda imza topladılar

1 noyabr seçkilərindən sonra fövqəladə qurultay tələbiylə hərəkətə keçən MHP sədrliyinə namizədlər Meral Akşener, Koray Aydın və Sinan Oğan topladıqları 543 imzanı partiyanın baş qərargahına təqdim ediblər. Bu rəqəm tələb olunan imza sayından 2 dəfə artıqdır. İmzalar MHP-yə vəkillərin və notarius yetkilisinin iştirakı ilə təqdim edilib. Prosesdə vəkillərin də iştirak etməsi imzaların etibarsız sayılma ehtimalına qarşı görülən tədbirdir.

İndi bütün gözlər MHP başqanı Dövlət Baxçalıdadır. Son toplantılarının birində «istədikləri qədər imza toplasınlar» deyən Baxçalı hər üç namizədə açıq-aşkar meydan oxumuşdu. Əgər təqdim olunan 543 imza ilə bağlı hər hansı problem yaranmazsa, MHP növbədənkənar qurultay keçirmək məcburiyyətində qalacaq.

MHP-nin nizamnaməsinə görə, fövqəladə qurultayda seçki keçirilə bilməz. Ona görə də partiya daxilindəki müxaliflər ilk növbədə sözügedən müddəanın dəyişdirilməsinə, sonra isə hədəflədikləri seçkinin keçirilməsinə nail olmaq istəyirlər.

Aydın Taş