Lukaşenkonun fərasətsiz cangüdəni

Bu yaxınlarda Ziyad Səmədzadə, Hadı Rəcəbli, Eldar Ibrahimov və Mübariz Qurbanlının iştirakı ilə AzTV-də bir verilişə baxdım. Söhbət xalqımızın maddi rifahının “durmadan” artmasında Heydər Əliyevin qoyduğu təməl prinsiplərinin rolu barədə idi. Deputatlardan Mübariz Qurbanlı dinc durmayaraq Norveçin də bostanına daş atdı, eyham vurdular ki, artıq onlar da bizdəki bu inkişafı görüb bəzi şeyləri əxz etməlidirlər.

Biz artıq bu tip sayıqlamalara adət etmişik, lakin hədəfin (!) dünyanın maddi rifah göstəricilərinə görə öndə gedən Norveç olacağını gözləmirdik. Hakimiyyət məddahları deyəsən, get-gedə, ağıllarını itirirlər. Nə isə, Allah şəfa versin deyərək, keçək müqayisə üçün ən ağıllı variant olan Belarusa, siyasi sitemin oxşar olduğu bir keçmiş postsovet ölkəsinə.
Hakimiyyət lap elə bu yaxınlarda bu ölkəyə növbəti, 300 milyon dollar həcmində kredit ayırdı. Azərbaycanda bu kredit həm də təbliğat xarakteri daşıyırdı – yəni bizdə olan yaşayış səviyyəsi, postsovet ölkələrindən daha yaxşıdır, görürsünüz, onlara yardım əlimizi də uzadırıq…
Belarusa çatanadək ölə bilərik…
Bəyənmədiyimiz bu ölkədə minimum yaşayış həddi 574 min 790 belarus rublu müəyyən edilib. Bu pula Belarusda 200 kq qənd, 110 kq banan, 40 kq təzə mal əti, 40 kq toyuq filesi, 90 ədəd 100 qramlıq “AHMED” çayı, 300 ədəd yerli pivə, 96 kq apelsin, 65 kq qreçka, 255 ədəd çörək, 35 kq quru meyvə, 95 kq sosiska, 60 kq xiyar-pomidor və s. almaq olar… Bu rəqəmləri 30 günlük tələbata görə paylasaq, həsəd aparılası rəqəm alınacaq. Xatırladaq ki, bu yalnız yaşayış minimumlarına görə belarusun ala biləcəkləridir.
Belarus hökuməti hər doğulan uşağa görə 690 dollar, ikincisinə isə 950 dollar birdəfəlik müavinət ödəyir. Uşağın sayı artıqca məbləğ də artır. Uşaq 3 üç yaşına çatanadək hər ay 75 və 45 faiz əlavə ilə minimum yaşayış həddi həcmində müavinət verilir. Yəni təxminən 310 və 270 dollar.
Vətəndaşlar orada batmış əmanətlərini bir neçə il əvvəl, özü də bazara görə tənzimlənən qiymətlərlə alıb.
Bu gün bu göstəricilərə görə Lukaşenko hökuməti, Baltikyanı ölkələrdən, habelə Rusiya, Ukrayna və Gürcüstandan geri qaldığını etiraf edir, Norveçin adı belə çəkilmir.
Indi isə gəlin, 94 manatla Ilham Əliyevin Azərbaycanındakı qiymətlərlə bazara, mağazaya daxil olaq. 94 manata ən yaxşı halda 11 kilo mal əti, yaxud 16 kilo toyuq filesi almaq olar. Siyahını uzatmaq istəmirəm, Belarusdakı qiymətlərə özünüz müqayisə edin.  
Göründüyü kimi, zəruri ərzaq məhsulları Belarusla müqayisədə, təxminən 4 dəfə bahadır. Hətta ərik qurusu kimi, bizim milli nemət orada bizdən 3 dəfə ucuzdu(!). Qardaş Türkiyə Batkaya özəl endirim-filan etməyib, sadəcə, orda quru meyvə monopoliyada deyil.
Bananın xaricdən idxal qaydasında bahalaşama faktoru yanacaqla müəyyən edilir. Amma “nədənsə” onlar bananı bizdən 4 dəfə ucuz satırlar. Yəqin Lukaşenkonun cangüdəni “fərasətsizdi”.
Dənizə çıxışları olmasa da, balıq su qiymətinədir. Qəribədir, görəsən, Belarus FHN-ni hara baxır? Yəqin ki, yanğın söndürməklə, məşğul olur, qalan vaxtda da yatırlar. Bazara çıxmaq lazımdır, bazara.
Mal ətinin də bizdən 3 dəfə ucuz olmasının “günahını” Belarus hüquq-mühafizə orqanlarının ayağına yazmaq olar.
Əlbəttə, fərqi böyük göstərmək üçün Norveçlə də müqayisə etmək olardı, lakin Belarusu daha münasib saydım(!).
Onsuz da hamı bilir ki, nə gündə yaşayırıq, barı heç olmasa bu mövzuda sussanız, camaat da sakitləşər. Mövzu yoxdur, bir az başınızı işlədin, təqvimə baxın, hakim ailəyə yaxın olanların ad günləri, yazdıqları əsərlər… tərifləyin, ağır mövzulara girməyin, Bir də görəcəksiniz Norveç bəyanat verdi, ya da Amerika. Sizə bu lazımdır?
Mübariz Qurbanlı və Hadı Rəcəblidən əlimi üzmüşəm, ümid edirəm ki, ağsaqqal akademik Ziyad Səmədzadə gələn verilişdə, Norveç tipli müqayisələrdə bir az ehtiyatlı olacaq və onları da başa salmağa çalışacaq.