Azərbaycanın nə qədər ölkədə səfiri olduğunu bilmirəm. Istəsəm, bir anın içində öyrənərəm. Amma umurumda deyil.
Çünki əslində onlara səfir demək çox çətindir. Onların çalışdıqları ölkədə kimi təslim etdikləri göz önündədir. Bir ölkənin ki, səfir adına çalışanları oturduqları ölkələrdə Heydər Əliyevə heykəl qoymaq, adına küçə, park verdirmək, xatirəsinə yazılar dərc etdirmək yarışına girsinlər…
Bir ölkənin ki, səfir adına çalışanlarının işi-gücü oturduqları ölkədə Ilham Əliyevə hansısa orden almaqdan, onu hansısa universitetin fəxri doktoru elan etdirməkdən, “Ilin Adamı” seçdirməkdən ibarət olsun, onlara səfir demək nə qədər doğrudur?
Zatən Azərbaycanda səfir deyəndə kimsənin gözünün önünə diplomatik missiya-zad da gəlmir. Onların çoxu vaxtilə hakimiyyətdə hansısa vəzifə tutublar, millətin qanını necə var sümürüblər, büdcə pullarının altından girib üstündən çıxıblar, sonra iqtidarla araları dəyəndən sonra ya məcburi, ya könüllü sürgünə göndəriliblər. Qosqoca diplomatiyanın Azərbaycanda düşdüyü vəziyyətə baxın! Dünyanın daha harasında hansısa yekəqarın, iribuynuzlu məmur işdən atılanda hamının ağlına onun səfir göndərilib-göndərilməyəcəyi gəlir?
Bax, səfirlik işi bizdə bu qədər iyrənc, gülməli vəziyyətə düşüb. Yaparteid rejim hər şey kimi onun da zibilini çıxarıb, hörmətsiz, urvatsız bir işə çevirib.
Bəs bu mövzuya qələm bulamağımın səbəbi nədir?
Iki gündür rejim KIV-ləri bir-birinin ağzına tüpürübmüş kimi Ermənistanın Fransadakı səfiri, məşhur müğənni Şarl Aznavurun bir açıqlamasını əldə bayraq edib, işğalçı ölkənin qabırğasına döşəməkdədir. “Ermənistan dağılır”, “Ermənilər acından ölür” janrında vay-şivənin biri bir qəpikdir. Bu cür qara-qışqırığın məqsədini gözəl başa düşürük: Əliyev rejimi “Ermənilər tezliklə qırılıb-qurtaracaq, beləcə, Qarabağ bizə qalacaq” kimi səfeh bir fikir formalaşdırmaq, xalqın başının altına yastıq qoymaq istəyirlər.
Bunlar belə əxlaqın sahibidirlər: bir vaxtlar Qarabağı pulla geri almaq fikrini dövriyyəyə buraxmışdılar. Nədi-nədi, xalq onlardan neft pullarının hesabını soruşmasın, fikirləşsin ki, hakimiyyət neft pulları ilə Qarabağı geri alacaq deyə ondan pay ummaq vətənə xəyanətə bərabərdir, beləcə, bunlar da həmin pulları rahatca basıb yesinlər.
Elə ki, bunun bir filfilo olduğu aydınlaşdı, bu dəfə də ermənilərin acından öldüyü, Ermənistandan qaçdığı barədə xəbərləri şar kimi şişirdərək bizim gözümüzə kül üfürürlər. Yəni hara tələsirsiniz, onsuz da bu gedişlə Qarabağ da bizim olacaq, hələ lazım gəlsə Yerevan da.
Nə isə, qayıdaq Şarl Aznavurun açıqlamasına. Bu məşhur səfir-müğənni deyib: “Ermənistan ziyan çəkir. Bu ölkə günü-gündən boşalır. Bu kimə lazımdır? Bir neçə mafiya rəhbərinə?”.
Əlbəttə, “bir neçə mafiya rəhbəri” deyərkən Aznavur Ermənistanın indiki rəhbərliyini nəzərdə tutur. Hansı ki, onların Azərbaycanı yönətənlərdən mahiyyətcə bir fərqləri yoxdur, bir medalın iki üzüdürlər, korrupsiya, soyğunçuluq, saxtakarlıq və zorakılıq kimi onları birləşdirən ortaq dəyərlərdir.
Indi siz Azərbaycanın bu cür cəsarətli, açıq danışa bilən səfirini göstərə bilərsinizmi mənə? Elə bir Azərbaycan səfiri göstərə bilərsinizmi ki, o, hakimiyyəti qoyub ölkəsinin təmsilçisi kimi danışsın? Əlbəttə, yox.
Hətta mən tıpkı Şarl Aznavur kimi müğənni, eyni zamanda səfir olan bizim Polad Bülbüloğlu ilə bağlı təkcə son yarım ayda nələr yazıldığını xatırladım, aradakı qocaman fərqə özünüz qiymət verin. Əvvəlcə qəzetlər onun allah qoymasa, səfir olduğu ölkədə yaşayan həmyerlilərimizə istinadən Bülbüloğlunun qəbuluna düşməyin 1000 dollara başa gəldiyini yazdılar. Ardınca isə məlum oldu ki, Polad müəllim özünün də çəkildiyi “Qorxma, mən səninləyəm – 2” filminə ayrılan dövlət vəsaitini rejissor Qusmanla birgə həzm-rabedən keçirib, ona görə də çəkiliş heyətinin üzvləri aylardır pul üzünə həsrətdir.
Necədir sizin üçün?
Qoy, indi Şarl Aznavurun cəsurca, mafiya hakimiyyətinə yaltaqlanmaq yerinə öz xalqına canıyananlıqdan söylədiyi sözlərdən Azərbaycan toplumunun başının altına yastıq üçün “Ermənistan dağılır” şousu düzəldənlər əvvəlcə özlərinin Polad Bülbüloğullarına görə utanıb xəcalət çəksinlər.
Utanc və xəcalət hissləri heç qalmayıbsa, barı ayıblarına kor olub sussunlar.