O, sözün əsl mənasında əfsanəvi gülüş ustası idi…

Bir teatr fədaisinin ailəsində doğulmuşdu

Əfsanəvi gülüş ustası Nəsibə Zeynalovanın adı Azərbaycan teatr və mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. Teatrda və kinoda yaratdığı neçə-neçə gözəl obrazlar onun gülüşünü hər zaman yaşadır. Korifey sənətkarın gülüşü dünən də vardı, bu gün də var, sabah da olacaq. Aktrisa bu ölümsüzlüyünü əvəzolunmaz sənətkarlıq bacarığıyla qazanıb…
Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor hissi olan Nəsibə Zeynalovaya tale əsl səhnə ustası üçün lazımi bütün keyfiyyətləri bəxş etmişdi. Onda tükənməz istedadla uyarlı ustalıq da, heç kəsə bənzəməyən bacarığı ilə bağlı əvəzsiz peşəkarlıq da var idi. Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində onun keçirdiyi 60 ildən çox yaradıcılıq ömrü – bütün həyatını, varlığını doğma mədəniyyətimizin inkişafına, tərəqqisinə, milli incəsənətə, xalqa sədaqətlə xidmət etməyin ən bariz nümunəsidir. Məhz buna görə də Nəsibə Zeynalovanın adı haqlı olaraq milli səhnəmizin görkəmli ustaları ilə bir sırada çəkilir.
O, 1916-cı ildə, aprelin 20-də Azərbaycanın teatr fədailərindən biri olan Cahangir Zeynalovun ailəsində dünyaya göz açmışdı. Azərbaycanda realist komik aktyor məktəbinin bünövrəsini qoyan, Milli Dram Teatrının yaranmasında iştirak edən Cahangir Zeynalov qızının iki yaşı olarkən dünyasını dəyişib. Bəlkə də atasız qalan Nəsibə Zeynalova bu itkini yaşamasaydı, teatra, səhnəyə can atmazdı, bu sənətə böyük məhəbbətlə bağlanmazdı. Nəsibə Zeynalova atasının yoxluğunun ürəyində yaratdığı boşluğu teatra, səhnəyə gəlməklə doldurdu. Onun məhz komik aktrisa ampluasını seçməsi də təsadüfi deyildi. Atasının qoyduğu məktəbi davam etdirmək həm borcu idi, həm də bu irsi istedad onun damarlarında qaynayırdı.
Uşaqlıq, yeniyetməlik çağlarında çox əzab-əziyyət çəkən, həyatın hər üzünü görən Nəsibə Zeynalova məhz sənəti, istedadı ilə illərdən sonra çoxlarının qibtə edəcəyi yüksəkliklərə ucaldı. Həyatda həm sənətkar, həm qadın xoşbəxtliyi ona nəsib oldu. Ailəsi, onu çox sevən həyat yoldaşı, babasının adını daşıyan, sənətini davam etdirən oğlu, milyonların sevgisi…
Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina (“Şıltaq qızın yumşalması”, Vilyam Şekspir), Elvira (“Don Juan”, Jan Batist Molyer), Yelizaveta (“Mariya Stüart”, Fridrix Şiller) rollarını oynayıb. Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi Ibad”, Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
Musiqili Komediya teatrında yaratdığı obrazlar
O, Musiqili Komediya Teatrının səhnəsində, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi sənətkarlarla həftədə beş dəfə tamaşa oynadıqları günləri tez-tez yada salırdı. Bu teatrın səhnəsində tamaşaya qoyulan “Sevindik qız axtarır” əsərində Xeyransa, “Həmişəxanım”da Həmişəxanım, “Beşmanatlıq gəlin”də Gülnaz, “Gözün aydın”da Nargilə, “Keto və Kote” də Kabato, “Qızılaxtaranlar”da Rəxşəndə kimi obrazlar yaratdı. Nəsibə Zeynalova “Hicran”da Qızbacı, “Qayınana”da Cənnət, “Hacı Kərimin Aya səyahəti”ndə Kəblə Fatma, “Altı qızın biri pəri”də Cəhrə qarı, “Ulduz”da Züleyxa obrazları ilə xalqın ürəyində əbədi yer tutdu. Bu obrazların dili ilə söylədiyi bəzi ifadələr dillər əzbərinə çevrildi.
Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır.
Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.
Nəsibə Zeynalovanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində, kinoda da böyük miqyasda açıldı. Aktrisa “Qayınana”, “Ulduz” kimi ekran əsərləri istisna olmaqla, kinoda əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarırdı. “Ögey ana”, “Böyük dayaq”, “Bizim Cəbiş müəllim”, “Qanun naminə”, “Bəyin oğurlanması”, “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm”, “Yuxu” və başqa filmlərdə Nəsibə Zeynalovanın yaratdığı obrazlar tamaşaçıların yaddaşında silinməz izlər buraxdı. Aktrisanın bütün obrazlarına nəzər saldıqda görürük ki, Nəsibə Zeynalovanın aktyor sənəti üçün zəngin mimika, obrazı ən xırda incəliklərinədək açmaq bacarığı, milli kolorit, yüksək improvizə qabiliyyəti səciyyəvi idi. Onun təbii, inandırıcı oyun tərzi qəhrəmanlarını tamaşaçıya doğmalaşdırır, yaxınlaşdırırdı.
Teatr tariximiz üçün qoyduğu böyük irs
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə 1974-cü ildə Azərbaycan Dövlət Mükafatı Laureatı adını alıb. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə “Aktrisanın təbəssümü” televiziya filmi çəkib. Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi. Rəqs, mahnı və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə musiqili komediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb. Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı.
Böyük sənətkarın, yaratdığı obrazlar hər dəfə ekranda canlanarkən bütün tamaşaçılar kimi aktyor dostları da dərin sevinc içərisində olurlar, çünki onunla nə vaxtsa bir səhnədə çıxış etdiklərini böyük bir səadət hesab edirlər.
Azərbaycanın xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalova üçün ən böyük mükafat – tamaşaçı sevinci, tamaşaçı alqışı idi.
Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi. Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt canrın estetik prinsip və meyarlarını pozmurdu. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Nəsibə Zeynalova Azərbaycan mədəniyyəti və incəsənətində özünün məktəbini yaratdı. Sağıllığında olduğu kimi,ÿbu gün də həmin məktəb gənc, aktriaslıq sənətinə hələ yeni addımlarını atmaq istəyənlər üçün öz töhfələrini verir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir