Kərəm Həsənovun müavini kabinetindən aparılıb

Rafiq Cəlilovun hansı hüquq-mühafizə orqanı tərəfindən və niyə saxlanıldığı bəlli deyil

 

Əmlak məsələləri üzrə dövlət komitəsinin sədr müavini Rafiq Cəlilov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. “Azadlıq”a daxil olan məlumatlara görə, hadisə 3 gün əvvəl baş verib. Onu kabinetindən aparıblar və 2 gün saxladıqdan sonra sərbəst buraxıblar.
Rafiq Cəlilovun hansı hüquq-mühafizə orqanı tərəfindən və nəyə görə saxlanıldığı bəlli deyil. Fakt ondan ibarətdir ki, sədr müavini 2 gün işdə olmayıb və bu hadisə komitədə onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması kimi izah edilir. Bundan əlavə komitə sədri Kərəm Həsənov Rafiq Cəlilov “yox”a çıxdığı ərəfədə heç kimi qəbul etməyib. Və bu məsələni ciddi şəkildə araşdırmaqla məşğul olub.
Yeri gəlmişkən, Rafiq Cəlilov Kərəm Həsənovun yaxın qohumudur. Əməkdaşımız məlumatı dəqiqləşdirmək üçün komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilova dəfələrlə zəng vursa da, o, telefonu açmayıb. Əməkdaşmızı hətta məlumatla bağlı ona mesaj da yazıb. Lakin Qulu Xəlilovdan cavab gəlməyib.
Olayın təfərrüatlarını öyrənməyə çalışacağıq.

 

Informasiya şöbəsi