MTN-in saxta tapançaları və “Həsən-Hüseyn müəmması”

mtnNicat Quliyevin işi ilə Pərviz Həşimliyə qarşı əməliyyatda hansı oxşarlıqlar var?

Keçmiş nazir Nicat Quliyevin həbsində istifadə olunan silahlar MTN-nin keçmiş rəhbərliyinin ixtiyarında olub və müxtəlif “iş”lərdə istifadə edilib.

Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, konkret olaraq “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimliyə qarşı əməliyyatda istifadə olunan silahlar Nicat Quliyevin işindəki silahlarla eynilik təşkil edir. Məlumat üçün deyək ki, həmin silahlar, daha dəqiqi, Nicat Quliyevdən “tapılan” 4 ədəd 9 mm çaplı “Makarov” tapançası əslində siqnal tapançısı olub. Nicat Quliyevin vəkillərinin tapançalarla bağlı sorğusuna cavab olaraq Daxili Işlər Nazirliyinin (DIN) kriminalistika idarəsindən bildirilib ki, ekspertizaya Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən təqdim olunan tapançalar əslində “Makarov” tapançası deyil. Bu tapançaların bir hissəsi dəyişdirilmiş, digər hissəsində isə yonma işləri aparılaraq odlu silaha çevrilib. Beləliklə, MTN siqnal tapançasını odlu silaha çevirərək bundan Nicat Quliyev, Pərviz Həşimli və neçə-neçə başqa şəxslərin şərlənməsində istifadə edib.

MTN-in şərləmə əməliyyatlarında diqqət çəkən məqamlardan biri də bu silahların ilk “mənbəyi”dir. Pərviz Həşimlinin işində onun üzünə dayanan Təvəkkül Qurbanov adlı şəxs istintaqa bildirib ki, silahları Iran vətəndaşları olan Həsən və Hüseyn adlı şəxslərdən alıb. Maraqlıdır ki, bu naməlum şəxslərin, yəni Həsən və Hüseynin adı MTN-in digər oxşar əməliyyatlarında keçir. Beləliklə, aydın olur ki, MTN şərləmə əməliyyatlarını həyata keçirmək üçün bir ssenari yazıb və bundan bütün əməliyyatlarda istifadə olunub.