Xocalıdan məcburi köçkün illərdir ki, ədalət axtarışındadır
Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 61 ünvanında yaşayan, Xocalıdan məcburi köçkün, Qarabağ müharibəsi əlili Əli Nəbiyev illərdir ki, mülkiyyət hüququnu bərpa etmək üçün döymədiyi qapı qalmayıb. Amma hələ ki, haqqını bərpa edə bilməyib. Məmur özbaşınalığı üzündən başına gələnlərlə əlaqədar növbəti dəfə dövlət başçısına üz tutan Əli Nəbiyev məktubun surətini “Azadlıq”a da göndərib. Məcburi köçkün yazır:
“Mən ”Xocalı” kiçik müəssisəsini 2002-ci ildə tiksəm də, sənədlərini çox çətinliklə 2006-cı ildə aldım. Binanı icarəyə vermişdim və 3-cü mərtəbədə də dörd nəfər qaçqın ailəsi və öz ailəm yaşayırdı. 2011-ci ildə eşitdim ki, bina söküləcək.
2011-ci ilin 5 sentyabrında məni Nərimanov Rayon Icra Hakimiyyətinə çağırıb, müəssisənin söküləcəyini, lakin kompensasiya verilməyəcəyini dedilər. Binanı dövlətin tikdirəcəyini deyib, məni memar Nadir müəllimin yanına göndərdilər. O da razılığımla binanın layihəsini çəkdi. Layihəni Bakı şəhər Icra Hakimiyyətinin təsdiqləyəcəyini dedilər. Lakin məndən sonra layihəni dəyişiblər. Məni Nərimanov Rayon Icra Hakimiyyətinə çağıraraq, “Araz-2011″ MMC-nin zəmanət müqaviləsi əsasında müəssisəmin 2012-ci ilin iyulunadək tam tikilib bütün sənədlərilə birlikdə veriləcəyini dedilər. Binaya mərkəzləşdirilmiş istilik sisteminin qoyulacağını, döşəməyə parket vurulacağını və soyutmaq üçün 20 ədəd kondisioner qoyulacağını bildirdilər.
Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdan xahiş edib ki, müəssisənin binası altındakı torpağı qeydiyyata almasın və özəlləşdirilməməsi üçün bütün təşkilatlara tapşırıq versin. Icra aparatının məktubunda göstərilir ki, guya, müəssisəmin sökülmüş binasına görə 3 milyon 500 min manat veriblər və mən də ondan imtina etmişəm. Mənim imzamla onlarda imtina sənədi varsa, təqdim etsinlər. Məktubda yazılıb ki, müəssisənin sökülən binası 1720 kvadrat metrdir. Binanın pasportunda sahəsi 2283,1 kvm-dir.
Icra hakimiyyətinin sərəncamıyla bizi 2011-ci ildə binadan çıxardılar. Məni icra hakimiyyətinə çağıraraq dedilər ki, 3 milyon 500 min manata vəkalət verim, onlar pulu alsınlar və binanı tikib qurtarsınlar. Həmin vaxta qədər isə binanın dövlətin hesabına tikiləcəyini deyirdilər. Onlara dedim ki, bina tikilib qurtarandan sonra sənədlərini mənə verəndə vəkalət verərəm və pulu alarlar. Onlar razılaşmadılar və bizə kirayə haqqı olan 4 min manatı 2012-ci ilin mayından vermədilər.
Xahiş edirik, bu pulu versinlər ki, kirayə haqqını ödəyək. Binanın tikintisini o vaxtdan dayandırıblar. Bu işdə də məni şantaj etdilər. Pulu verəndə pulu alan adama qol çəkdirirlər. Mənim imzamla verdikləri pulun sənədini göstərsinlər. Dövlət Abdin müəllimə Nərimanov rayonunda 500 min əhalini tapşırıb. Ona yaraşar ki, erməni əsirliyindən xəstə gələn 75 yaşlı bir insanla döyüşə?
Məhkəmələr də icra başçısının sözünü deyir və konkret olaraq, məni eşitmirlər.
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri kimi Fikrət Məmmədovdan xahiş edirəm, problemimin həllinə yardımçı olsun.
Binanın tikilərək bizə təhvil verilməyinə kömək edin. “Xocalı” kiçik müəssisəsi binasının tam tikilib bütün sənədləri ilə bizə təhvil verilməsini tələb edirəm. Kirayə haqqımız 2011-ci ilin pulunun dəyərilə bizə ödənilməlidir. 2011-ci ilin sentyabrından olan pul dəyərinin müəssisəyə ödənilməsini xahiş edirəm”.
Sosial şöbə