Icra başçısının bağbanının kürəkəni hakim partiyanın yerli şöbəsinin rəhbərliyinə gətirildi
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri dəyişdirilib. Bu barədə qərar YAP Masallı təşkilatının konfransında qəbul olunub. Icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Seyfəddin Əliyev YAP Masallı rayon təşkilatının yeni sədri seçilib. S.Əliyev əvvəllər də bu vəzifəni tutub.
Son seçkilər zamanı vəzifəsindən azad edilərək, 70 saylı Dairə Seçki Komissiyasının sədri olub. Bir müddət sonra yenidən icra hakimiyyətindəki işinə qayıdıb. Maraqlı məqamlardan biri də odur ki, S.Əliyevin Həsrət adlı qayınatası Masallının icra başçısı Qəzənfər Ağayevin Təzəkənd ərazisindəki “Cənnət bağı” adlanan obyektinin bağbanıdır. Onu da qeyd edək ki, YAP-ın Masallı rayon təşkilatı xeyli vaxt idi ki, sədrsiz idi. Bu vəzifəni Səfalı Paşayev icra edirdi.
Keçmiş sədr, sabiq deputat Vəsadət Əzizovun qardaşı Əmanət Əzizov isə 2011-ci ilin fevral ayında səhhəti ilə əlaqədar öz ərizəsi ilə postundan istefa vermişdi. Rayon sakinlərinin sözlərinə görə, Ə.Əzizovun postundan istefa verməsinin səbəbi onun rayon Rabitə Şöbəsinin müdiri vəzifəsindən çıxarılmasıdır. Qeyd edək ki, ötən il Rabitə Şöbəsində insan ölümüylə bağlı müəmmalı partlayış məhz Ə.Əzizovun rəhbərliyi dövründə olmuşdu. Həmin vaxt o, həm icra başçısı Qəzənfər Ağayev, həm də rabitə naziri Əli Abbasovun ciddi tənqidlərinə tuş gəlmişdi.
Informasiya şöbəsi