Masallının meri Laçın Sadıqzadənin yaxınları isə onun qanunsuz həbs olunduğunu deyir
Respublika Prokurorluğu Masallı şəhər icra nümayəndəsi Laçın Sadıqzadənin həbsilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Masallı rayon sakini Rasim Alışovun müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində aparılan araşdırmalarla müəyyən edilib ki, Laçın Sadıqzadə məhkəmə qərarı və ya buna əsas verən sair rəsmi sənəd olmadan 2011-ci ilin iyun ayında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rasim Alışovun əsaslı etirazlarına baxmayaraq, sonuncuya məxsus Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazanın sökülməsinə qanunsuz göstəriş verib. Bundan sonra Laçın Sadıqzadə mağazanın öz hesabına yenidən tikintisinə icazə verilməsi üçün rayon icra hakimiyyətindən sərəncam alınması müqabilində Rasim Alışovdan 5 min manat rüşvət istəyib.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 9 dekabr 2011-ci il tarixdə Laçın Sadıqzadə Masallı rayon Icra Hakimiyyətinin inzibati binasının qarşısında Rasim Alışovdan həmin məbləğin 2 min manatını rüşvət kimi alarkən yaxalanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, Laçın Sadıqzadəyə həmin maddələrlə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Laçın Sadıqzadənin həbsi barədə ilk olaraq “Azadlıq” qəzeti məlumat yayıb. Icra nümayəndəsinin qayınatası, sabiq deputat, hazırda Daşkəsənin icra başçısı olan Əhəd Abıyevin yaxın qohumu, iş adamı Hacı Abı Nadirov isə qəzetimizə açıqlamasında bildirib ki, Laçın Sadıqzadə ona məxsus obyekti satarkən həbs edilib. Onun sözlərinə görə, həmin obyekt bacanağı Əhliman Nurullayevin adınadır. Hacı Abı Nadirov Laçın Sadıqzadənin kimdənsə rüşvət almadığını, bunun hansısa anlaşılmazlıqdan irəli gəldiyini deyir. “Bu hadisəyə görə həmin Rasim və onun ağsaqalları mənim yanıma gəlib üzrxahlıq da ediblər. Bu anlaşılmazlıqdır, kimlərsə bu oyunu qurublar”,- deyə Hacı Abı Nadirov vurğulayıb.
Informasiya şöbəsi


