natiqedilov

Məmləkətin ədalət haqqı

natiqedilovNatiq Güləhmədoğlu

natnetaz@gmail.com

Deyirlər, məşhur Çin mütəfəkkiri Konfutsi şagirdlərilə bir məmləkətdən keçirmiş. Uzaqdan bir qadının nalə çəkib ağladığını görən ustad şagirdlərinə deyir: “Görəcəksiniz, o qadın ərinin məzarının üstündə ağlayır. Ərinin məzarının yanında isə 3 qardaşının qəbri var. Onların hamısını da bir neçə il fərqlə şir yeyib”.

Qadının yanına çatan şagirdlər onu sorğu-sual edilər. Görürlər, ustad öncəgörməsi doğruymuş. Məzardakılar onun əzizləridir və onların axırına bu il birini, gələn il o birini yeməklə şir çıxıb. Şagirdlər təəccüb içində soruşur: “Ay arvad, daha görürsünüz ki, bu yerdə şir sizə qənim kəsilib, hər il birinizi yeyir, burada niyə yaşayırsız?”

Qadının cavabı qısa və tutarlı olur: “Axı burada ədalət var…”

Bu müdrik hekayətə geniş izah verməyə, məncə, ehtiyac yoxdur. Həqiqət bundan ibarətdir ki, insanlar ədalətin olduğu yerdə hər cür möhnətə dözüb, yaşamağa razıdılar. Ədalət hər cür müsibətlərə dərman ola bilir.

Indi mən sizi xəyali bir eksprimentə dəvət edirəm. Konfutsi şagirdləri ilə bizim ölkəmizə gəlsəydi (təbii ki, devalvasiyadan əvvəl), məncə, daha böyük şokla qarşılaşardılar. Çünki bizim yurdumuzda ədalətin olmamasına, insanları nəinki şirlərin, hətta çaqqal-maqqalın da yeyib-bitirməsinə rəğmən, həyat davam edirdi. Respublika ictimaiyyəti artır, toy edir, ad günü keçirirdi və s.

Lakin o qara gün (devalvasiya günü) hər şeyi dəyişdi. Indi adamlarımızın hövsələsi bir tikə olub. Xəbər saytlarına baxmaq qorxuludur. Xalqın ovsunu təsirini itirib. Xalqımız dərin yuxudan ayılmış kimi özünü göstərir. Kim bunu elədi? Hökumətin özü…

Dərin və şirin yuxu içində xürrəm həyat keçirən insanları topla da oyatmaq olmazdı, bunlar nəylə oyatdılar? Unun kisəsini 30 manata, 1 manatlıq siqareti 2-3 manata qaldırmaqla. Özüm dərin və geniş səbəbləri sıralamıram, çünki buna ehtiyac qalmayıb. Hər şey 2+2 qədər sadədir. Çörək almaq Nobel almaq qədər çətin işə dönüb. Siqaret bir şiş kababın qiymətinə çatıbsa, uzun iqtisadi təhlillərlə insanları yormaq lazım deyil. Bununla da komediya bitdi.

Şübhəsiz, kim düşünürsə ki, hökumət bilərəkdən xalqın şirin yuxusuna haram qatıb, səhv edir. Devalvasiyanı hamıdan çox istəməyən hökumətimiz idi. Ancaq ortada əməl olmayandan sonra quruca istəməyə, yaxud istəməməyə nə verirlər ki? Öz üzərində zərrə qədər də xalqa hesabatlılıq məsuliyyəti daşımayan hökumət əsl əhli-kef kimi davrandı, sərvətlərimizi dağıtdı, indi özünü də, bizi də quru yurdda qoyub.

Rayonlarda başlanan aksiyalar hələ elə-belə etirazlardır, anonslardır. Film hələ başlamayıb. Bu qaçılmazdır. Bəziləri şəraiti düzgün qiymətləndirə bilməyərək yanılır. Deyirlər ki, bu xalq 90-cı illərin aclığını görüb, necə deyərlər, üzümüz bərkdir, bu çətinliyi də aşacağıq. Əsassız təskinlikdir. Ona görə ki…

– 90-cı illərdə bank borcu içində çapalayan bu qədər böyük təbəqə yox idi;

– həyat indiki qədər bahalaşmamışdı;

– indi o vaxtlardakının 50 qatı qədər təbəqələşmə və insanları başdan çıxaracaq, qıcıq yaradacaq faktorlar var.

Ən əsası… 90-ların o ağır günlərini bilirsiz biz əsasən hansı miflə yola vermişik? “Azərbaycan xalqı dözümlü xalqdır, biz müharibə şəraitindəyik, keçid dövrüdür, neftdən gəlirlərimiz gələcək”.

Razılaşaq ki, bunlar güclü miflər idi. Gələcəkdə göstərilən “qızıl alma” çox şirin dadırdı. Insanlar dözümlərinə söykənib, keçid dövründən çıxıb problemlərdən qatlanmış qədlərini düzəltmək ümidilə ayaqda qala bildi. Bəs indi?

Işsizlik, borclar, kommunal xərclər, gələcəklə bağlı ümidsizlik! Hökumətin heç bir sözü qalmayıb. Onlar vəziyyətin düzələcəyinə vəd də vermirlər. Necə versinlər ki?! Axı onlara görə, bizdə vəziyyət o qədər əladır ki, başqaları paxıllığımızı çəkib ölür.

Qayıdaq hekayətimizə. Indi hökumət üçün yoxsulluğu, iqtisadiyyatı aradan qaldırmaq hədsiz müşkül məsələdir. Ac-yalavac xalqı isə tək bir şeylə sakitləşdirmək olar – ədalətlə! Hünəriniz var, verin bu məmləkətin ədalət haqqını! O ki pulsuzdur, o ki neftin qiymətinə bağlı deyil!