AXCP-nin daha bir gənc fəalı həbs olundu FOTO

Turan ITuran İbrahimə ünvansız söyüş ittihamı ilə 7 sutka həbs cəzası verildi

AXCP Gənclər Komitəsinin üzvü Turan Ibrahimə 7 sutka inzibati həbs cəzası verilib. Yanvarın 14-də Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdulov bu barədə qərar çıxarıb. Cəbhəçi gənc küçədə ünvansız söyüş söyməklə ictimai asayişi pozmaqda ittiham olunur.

Turan Ibrahim yanvarın 13-də axşam saat 23.00 radələrində həbs olunub. Gənc fəalın qardaşı Toğrul Ibrahimin dediyinə görə, əvvəlcədən bir qrup şəxs yaşadıqları evin qarşısına gələrək, Turanı axtarıb: “Böyük qardaşım evdən çıxarkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özünü polis serjantı Tural Kərimov kimi təqdim edib, ondan adının Turan olub-olmadığını soruşub. Qardaşım Turan olmadığını deyib. Həmin şəxs bildirib ki, onlar Turanı axtarırlar. Qardaşım onun harada olduğunu bilmədiyini qeyd edib və oradan uzaqlaşıb. Turan hadisədən xəbər tutandan sonra onu axtaranların nə istədiyini öyrənmək və polisə getmək üçün evə gələrkən yaşadığımız binanın qarşısında 7-8 nəfər tərəfindən zorla götürülərək, Nərimanov rayonu, 17-ci polis bölməsinə aparılıb”.

Qeyd edək ki, Turan Ibrahim AXCP sədrinin müşaviri Məmməd Ibrahimin oğludur. Məmməd Ibrahim də 2014-cü il sentyabrın 30-dan xuliqanlıq ittihamı ilə həbsdədir. O, ittihamı qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

Aytən