Azərbaycan səhiyyəsinin gerçək durumu Səhiyyədə inkişaf varmı? (II yazı)

Statistika Komitəsinin 2011-ci ilin yanvarın 1-nə olan məlumatına görə, Azərbaycanda 33 min 100 həkim var. Həkimin orta aylıq maaşı isə 213 manatdır. 213 manatın təxminən aylıq istehlak sərfi ekvivalentində olduğunu nəzərə alsaq, deyə bilərik ki, dövlətin həkimə verdiyi maaş yalnız mədə problemlərinin həllinə bəs edir.

Yerinə düşsə də, düşməsə də yazmaqda israrlıyam. Böyük Britaniyada, Almaniyada, Fransada, Isveçdə və digər sivil Qərb ölkələrində bəzi ev heyvanlarına ayrılan aylıq vəsait bizim həkimlərin maaşından çoxdur. Avropalı pişiyinə orta hesabla 100 avro, itinə bundan iki-üç dəfə çox xərcləyir. Bu ölkələrdə həkimlərin aylıq maaşının qədərini isə yazmağa lüzum yox, yazsam, təkcə həkimlərimizin deyil, cümlə ziyalılarımızda abdominal sancılar baş qaldırar.
Ancaq ərzağa çatan maaşla necə yaşamaq olar? Ailəni necə dolandırmaq olar? Toya, yasa necə getmək olar?
Yəqin ki, bu sualları tanıdığınız həkimin dilindən eşitmisiniz. Bir sualdan isə cümlə həkimlər yayınır.
“Mövcud vəziyyətdən çıxmaq üçün hansı addımlar atılmalıdır” sualını həkimlərə ünvanlayın və baxın görün ki, başlarını necə aşağı dikirlər.
Nədən ki, həkimlərin hər biri yaxşı bilir, xəstə insanın cibinə göz dikmək deqradasiya əlamətidir. Həkim haqqını HÖKUMƏTdən və DÖVLƏTdən tələb etməlidir. Bu tələbi edə bilmədiyi üçün ondan imdad diləyənin cibinə göz dikir. Xəstə insanın cibinə gözdikmənin nə qədər HALAL olduğunu qoy cəmiyyət özü götür-qoy etsin, Səhiyyə Nazirliyi barədə bəzi fikirlərimi bölüşmək istəyirəm.
Onu xüsusi vurğulamağa dəyər ki, avtoritar rejimlərdə səhiyyəyə olan münasibət pozitiv ola bilməz. Avtoritarlıqda INSAN amili önəm daşımadığından insanların sağlamlığı arxa plana keçir. Ona görə də bu gün Səhiyyə Nazirliyinin başında tayfanın yaxın adamı yox, lap belə əstəfurullah, Allahın bacısı oğlu da dayansa, Azərbaycan səhiyyəsinin tərəqqisi mümkün deyil.
Bir nazirlik ki, həkimlərin durumu ilə bağlı hökumət və dövlət qarşısında etiraz səsini qaldıra bilmir, o nazirliyin cümlə vətəndaşlarımızın sağlamlığı üçün fəaliyyət göstərməsini izhar etmək, yumşaq desək, sadəlövhlük, sərt ifadə etsək, abdallıqdır.
Nə qədər ki, Azərbaycan həkiminə adam kimi yaşamaq üçün maaş verilmir, başqa sözlə, nə qədər ki, həkim xalqın sayəsində geyinir, yeyir-içir, evini təmir etdirir, xeyirə-şərə gedir,  “tibbi bazar” çiçəklənəcək və vətəndaşların sağlamlıq durumu acınacaqlı olacaq.
Səhiyyə Nazirliyinin təqdim etdiyi statistik göstəricilərə rəğmən Azərbaycan əhalisinin sağlamlıq durumuna qiymət vermək kökündən yanlışdır. Təmir olunan tibb ocaqları, istifadəyə verilən diaqnostik mərkəzlər də inkişaf demək deyil. Yaxud televiziya ekranından Azərbaycanda səhiyyənin inkişafı barədə moizə oxumaq isə məmmədhəsənləri və tükəzbanları ələ salmaqdır. Yaxşı ki, Azərbaycan tamamən məmmədhəsən və tükəzbanlardan ibarət deyil. Avropa həkimlərinin 50 il əvvəl etdiyi operasiyaları bu gün bəzi klinikalarda gerçəkləşdirib zurna-qavalla televiziyaya çıxmaq dünya səhiyyəsindən az-çox xəbəri olanlarda acı gülüş doğurur.
Bir qəzet məqaləsində Azərbaycan səhiyyəsinin gerçək sifətini açıb ortaya qoymaq texniki baxımdan mümkün deyil. Səhiyyə bu rejimin utanc yeridir, Axilles dabanıdır.
Xəstələnərkən, Mustafa Kamal Atatürk “Beni türk doktorlarına əmanət ediniz” dedi. Bu sözlərin mənası hər kəsə aydındır. Atatürkdə türk həkiminə inam var idi. Azərbaycanda hansı yüksək vəzifəli şəxs, hansı nazir canını Azərbaycan həkiminə etibar edər? Bir yüksək vəzifə sahibi deyə bilərmi ki, bəsit cərrahi müdaxilə tələb edən babasilini və ya dəbəliyini Bakıda operasiya etdirib? Yaxud gəlib bir həkim desin ki, filan naziri əməliyyat otağına götürüb. Bunlar çibanlarının müalicəsini belə Azərbaycan həkiminə etibar etməzlər.
Xalq da çarəsizlikdən bizim həkimlərə müraciət edir. Imkanı olanlar Avropaya üz tutur, az imkanlılar Türkiyəyə, Irana gedir, imkansızlar da Səhiyyə Nazirliyinin “Tibbi xidmət pulsuzdur” elanı asılmış şəfa ocaqlarının qapısını döyür.
Və sonda.
Səhiyyənin problemlərinə dair bir neçə məqalə yazmaq fikrində idim. Fikrimi dəyişdim. “Azadlıq” qəzetini görəv sahiblərinin yəqin ki, əksəriyyəti oxuyur. O cümlədən Səhiyyə Nazirliyinin rəhbərliyi də. “Azərbaycanda səhiyyənin mövcud durumu” mövzusunda bir dəyirmi masa təklif edirəm. Səhiyyənin bütün sahələr üzrə mütəxəssislərindən kimlər istəsə, təşrif buyursun, lap belə 10 nəfər gəlsin. Biz isə iki nəfər olacağıq. Mən və professor Adil Qeybulla. Gəlsinlər və onlara sübut edək ki, Azərbaycan səhiyyəsində inkişaf-filan yoxdur. Əminəm ki, “Azadlıq” qəzeti belə bir müzakirənin gerçəkləşməsi üçün ev sahibliyinə razı olar.
Buyurun, cənablar, yolunuzu gözləyirik. Qorxmağa dəyməz, siyasətdən yox, səhiyyədən danışacağıq.