Azərbaycan teatrının mogikanlarından biri
O, Azərbaycan teatr və kino sənətində barmaqla sayılan sənətkarlardan idi. Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən sənətkar qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı aktyorlarından birinə çevrildi. Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək, fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirdi. Klassik və müasir aktyor sənəti ənənələrindən bəhrələnərək öz yolunu və məktəbini yaratdı.
Söhbət ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş böyük sənətkarımız, aktyor, Azərbaycanın xalq artisti Həsənağa Turabovdan gedir. Həsənağa Turabov 24 aprel 1938-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Incəsənət Institutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Incəsənət Institutunda məşhur sənət adamlarından dərs almış Həsən Turabovun gəncliyindən yaratdığı rollar tezliklə teatrsevərlərin qəlbinə yol tapmışdı.
Onun yaratdığı obrazlarda bir bütövlük və canlılıq var. Çox zaman baş rolları ifa edirdi. 1960-cı ildən Akademik Milli Dram Teatrında çalışan Turabov Ağasadıq Gəraybəyli, Ismayıl Dağıstanlı, Ismayıl Osmanlı, Mehdi Məmmədov, Adil Isgəndərov və neçə-neçə qüdrətli sənətkarlarla tərəf-müqabil olub. Həsən Turabovun səhnədə yaratdığı rolları sadalamaqla qurtaran deyil: Vahid (“Kəndçi qızı”), Azəri (“Yaxşı adam”), Hamlet (“Hamlet”), Lionel (“Orman qızı”), Isgəndər (“Ölülər”), Xəyyam (“Xəyyam”). Bu obrazların hər birinin milli teatr tarixində öz yeri, öz mövqeyi var. H.Turabov Azərbaycan teatrına yeni bir ruh gətirmişdi. Səsi, səhnə duruşu, bir-birindən müxtəlif səpkili rollara sahiblənməsi onu fərqləndirən əsas xüsusiyyətlər idi. Çox məhsuldar aktyor idi, gecə-gündüz məşqlərdə, çəkilişlərdə, radio-televiziya verilişlərində işləməkdən yorulmazdı. Dövlət Mədəniyyət və Incəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyətini də davam etdirirdi. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda, mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni əsirgəməyib.
H.Turabov istedadlı sənətkar, gözəl pedaqoq olmaqla yanaşı, həm də yaxşı təşkilatçı olub. “Azdrama”ya rəhbərlik edib və böyük bir kollektivin dərin rəğbətini qazanıb. Onun rəhbərliyi dövründə teatrda neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.
Kinomuzun ölməz qəhrəmanı
Azərbaycan kinematoqrafiyasının inkişafında da Həsənağa Turabovun mühüm xidmətləri var. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan obrazları onun yaradıcılığının böyük bir hissəsini təşkil edir. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanıb və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil edilib.
Turabovun kino fəaliyyəti Azərbaycan incəsənətinin zəngin bir hissəsidir. Yaratdığı Gəray bəy (“Yeddi oğul istərəm”) obrazı kinomuzun nadir qəhrəmanlarından biridir. Bu rol sanki onun üçün yazılmışdı. Bu rolundan söz düşəndə o həmişə təvazökarcasına “Bu, rejissorun seçimidir, mən yalnız onun dediklərini eləmişəm” deyərdi. Əslində, elə deyildi, sənətkar rejissorun istəyindən qat-qat üstün ifa edərdi rollarını. Onunla səhnəyə, yaxud kamera qarşısına çıxan aktyorlar həmişə ehtiyatla hərəkət edərdilər. Çünki onun sənəti məktəb idi. Həsən Turabovun sənətində öyrəniləsi çox şeylər vardı. Xalqın sevdiyi akyorlardan idi, hansı əyalətdə, hansı şəhərdə olurdusa, görüşünə minlərlə tamaşaçı yığılırdı.
Kinonu da teatr qədər sevirdi. Rollarına fərq qoymazdı. Afşin (“Babək”), Gəray bəy (“Yeddi oğul istərəm”) kimi mənfi rolları da müsbət rolları kimi mükəmməl və unudulmaz olub. O, müsbət rollarını sevdirə bildiyi qədər, mənfi obrazlarını da tamaşaçının yaddaşına əbədi həkk etdirə bilib.
Həsən Turabovun “Axırıncı aşırım”, “Ürək… Ürək…”, “Sevinc buxtası”, “Çarvadarların izi ilə”, “Qəm pəncərəsi” və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilirdi. Amma Kəbirlinskini (“Dantenin yubileyi”) özgə bir ustalıqla yaratmışdı. Gəray bəy nə qədər çılğın, enerjili, hirsli-hikkəli obraz idisə, Kəbirlinski bir o qədər mülayim, sakit bir insandır. O, hər iki obrazı öz xarakterinə uyğun şəkildə çox məharətlə yaratmışdı. Hətta rejissorluq etmək fikrinə də düşmüşdü. “Bəyin oğurlanması”nda rejissor rolunda çəkilmişdi. “Qaçaq Nəbi”ni isə rejissor kimi çəkmişdi. Son çəkildiyi filmlər isə Rüstəm Ibrahimbəyovun “Ailə” və Eldar Quliyevin “Nə gözəldir bu dünya…” filmləri olmuşdu.
Qızı Sevincin dedikləri…
Həsənağa Turabovun qızı Sevinc Turabova: “Atam Gəray bəy obrazı ilə öz həyatını yaşayıb. Elə bil Gəray bəy özüdür ki, var. Xasiyyəti eyniydi. Mərd, qürurlu idi. Heç kimə baş əyməzdi, sözündən heç vaxt dönməzdi. Baxmayaraq ki, mənfi obraz idi Gəray bəy, kişilik rəmzi kimi tanındı. Hər yerdə onu ”Gəray bəy” deyə çağırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, məni də Gəray bəyin qızı Humay adlandırırdılar. Yadımdadır, 6-7 yaşım olanda nənəmgilə getmişdim. Pəncərədə dayanıb həyətdə oynayan uşaqlara baxırdım. Məni görən uşaqlar başlayırlar qışqırmağa: “Komsomolu güllələyib öldürən Gəray bəyin qızı Humaydı”. Bu, məni o qədər qəzəbləndirdi… Çox ailəcanlı bir insan idi. Harda olsa belə, həmişə istərdi ki, ailəsi onun yanında olsun. Bu səbəbdən də mən və qardaşlarım daim çəkiliş meydançalarına gedirdik, kinonun kadrarxası məqamları ilə daha yaxından tanış olurduq. Hətta qardaşım bir filmə də çəkilib. Amma heç birimiz atamızın yolunu davam etdirmədik. Heç özü də istəməzdi. Həmişə deyirdi ki, bu çox çətin sənətdir. Amma mənim oğlum Daşqının teatra və ümumilikdə incəsəsnətə çox böyük marağı var. Atam Daşqınla nəfəs alırdı və onu hədsiz çox istəyirdi. Çox kiçik yaşlarından Daşqını həmişə teatra aparardı və o da yaşının az olmasına baxmayaraq çox diqqətlə tamaşaya sona qədər baxardı. Və gələr-gəlməz bizə nəql edərdi. Indi o, dərslərini yaxşı oxuyur, əlaçıdır. Amma bununla yanaşı, Daşqın həm də teatr dərnəyinə gedir və həm rus və həm də Azərbaycan dillərində tamaşalarda oynayır. Özü istəsə, sənətə marağı indiki kimi qalsa, aktyor olar. Amma heç kəs Həsən Turabovu əvəz edə bilməz. Atam qardaşım Daşqının ölümündən sonra nəvəsi Daşqınla nəfəs alırdı. Bir dəfə mənə dedi ki, qorxuram ömür vəfa etməz… Daşqının böyüməsini və həyatda hər hansı mövqe tutmasını görmərəm…”
2003-cü il 23 fevral tarixində soyuq bir qış günü Həsənağa Turabov həyatla əbədi vidalaşdı. Qüdrətli sənətkar özündən sonra gələnlərə zəngin bir sənət irsi yadigar qoydu. O xəzinədən bu gün həm Turabovsevənlərə, həm də onun sənət yolunu davam etdirənlərə pay düşür…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir