“Malı, məli”… Kim etməli?

zumrud-yagmur-yeniZümrüd Yağmur

yagmurzumrud@gmail.com

Ölkədə durum günü-gündən çətinləşir. Neftin ucuzlaşması, ardından da manatın dəyərdən düşməsi ilə elə bir vəziyyət yaranıb ki, vətəndaş bu gündən sabaha necə çıxacağını düşünməyə belə qorxur.

Artıq keçən gün müxtəlif bölgələrdən insanların sosial problemlər üzündən etiraz etmələri ilə bağlı məlumatlar gəlməyə başladı. Düzdür, iqtidar nümayəndələri yenə də öz ampluasındadır, etiraz edənləri güya öz aləmində aşağılamaq üçün “siqaret və içki üçün etiraz ediblər” deyə açıqlama verməklə işlərini bitmiş hesab edirlər. Tutaq ki, sənin dediyin düzdür. Məgər siqaret çəkən, spirtli içki içən insan deyilmi, haqqını tələb edə bilməzmi?

Belə açıqlamalar düşünmək yerinə ölkəni saldıqları durumdan qurtarmağın yollarını düşünsəydilər və ümumiyyətlə, bir iş görmək ağıllarının ucundan keçsəydi, məncə daha yaxşı olardı, amma Azərbaycan illərdir idarə olunmur zatən… Neft satıb büdcəyə gələn pulların çoxunu yeyib, azını xalqa vermək, əyləncəli oyunlar təşkil edib hava atmaq dövlət idarə etmək deyil.

MTN işindən sonra bu ölkədə nazirliklərin, dövlət məmurlarının nə işlə məşğul olduğunu uzun-uzadı dartışmağa da lüzum yoxdur.

Açığı bu iqtidarın nəsə edəcəyini gözləməyə də dəyməz, nəsə edib vəziyyətdən çıxmasını arzulamaqsa ən azından ölkəyə xəyanətdir. Lap tutaq ki, nəsə etdilər, iqtisadi durum nisbətən sabitləşdi, monopoliya, rüşvət aradan qalxdı. Ölkə insanı bir az nəfəs aldı yəni… Bu, ölkədə sağlam idarəetmənin bərpa olunmasımı deməkdir? Yox! O üzdən də bunların nəsə edəcəyini deyil, işğal etdikləri iqtidardan uzaqlaşmasını arzu edib, bunu gerçəkləşdirməyə çalışmaq lazımdır. Bundan başqa istək olmamalıdır…

Türklərin “can çıxar, huy çıxmaz” misalını xatırlasaq kifayətdir.

Ölkədə durum ağırlaşdıqca tək bir şey dəyişib, dünənə qədər əmr formasında danışanlar bu gün felin vacib formasına daha çox müraciət edir.

Ölkə prezidenti tapşırıqlar verir ki, o edilməlidir, bu olunmalıdır…

Bunun ardından maliyyə naziri Samir Şərifov da bildirir ki, qənaət proqramı hazırlanmalıdır…

YAP-ın sözcüləri də mediada meydan sulayıb bir-birinin ardınca bəyənatlar verir ki, möhtəkirlər cəzalandırılmalıdır. Süni şəkildə qiymətləri qaldıran “natəmizlər” çamaşırxanaya “göndərilməlidir”, filan-falan…

Deyən lazım, axı dediyiniz bu işləri kim görməlidir? Hakimyyətdə olan siz deyilsinizmi?

Amma bununla da bitmir. Uzağa gedib xalqa qənaət dərsi keçənlər, hətta əhalidən yığdığı pulu sərmayəyə çevirməyi tələb edənlər belə tapıldı.

Niyə xalqdan tələb edirsiniz? Vətəndaşın qəpik-quruşuna göz dikməkdənsə, bəlkə ölkədən çıxardığınız milyardları qaytarmaq haqqında düşünəsiniz? Vallah, onsuz da sizin deyil o pullar. Ben Alinin, Qəddafinin, Mübarəkinki nə qədər özününkü oldusa, sizinki də o qədər sizin olacaq.

Bu ölkənin gələcəyini oğurlayıb xarici banklara yatıranlar, illərdir iqtidarda oturub nəinki kasıbçılığı, insan olmağı unudanlar hardan bilsin ki, zatən illərdir bu xalq qənaətlə keçinir.

Belə… Bir sözlə, analoqsuz inkişaf nağılı sona çatır. Amma bu nağılçılar hələ də özlərini cəngavər hiss etməyə davam edir, ya da hiss edirmiş kimi oynamağa çalışır. Biri də o nağıldan silkinib çıxa, yalançı qəhrəman rolunu tərk edib deyə bilmir ki, həzarat, vəziyyət Artur Rəsizadənin “duzli xiyar” tövsiyəsi ilə həll olunmayacaq qədər ciddidir…