Dünənki iclasda «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanun layihəsi də müzakirəyə çıxarıldı
Parlamentin dünənki iclasında Inzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliklər barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bildirib ki, sözügedən məcəllənin 163 maddəsinə – avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması maddəsinin – 0.13-cü hissəsi ləğv edilir və ona 163-1 hissə əlavə edilir.
Əlavədə bildirilib ki, iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki, yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə hüquqi şəxslər 4000 manatdan 5000-a manata qədər miqdarda, vəzifəli şəxslər 1200 manatdan 1500 manata qədər cərimə ediləcəklər.
Bu qanun pozuntusuna görə, fiziki şəxslər isə 700 manata qədər cərimə ediləcəklər. Əgər fiziki şəxslər tərəfindən eyni hərəkətlər təkrar törədildikdə onlara məxsus iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin idarə edilməsi 6 aydan 1 ilə qədər qadağan olunacaq, həmçinin cərimə sanksiyası 6 min manata qədər müəyyən ediləcək.
Fiziki şəxs ona məxsus olan iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə 600 manatdan – 700 manata qədər cərimə ediləcək, qanunun 163-1.4 hissəsinə görə, eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etməkdən 6 aydan 1 ilə qədər məhdudlaşdırmaqla fiziki şəxslər 1000 manatdan 1200 manata qədər miqdarda, vəzifəli şəxslər 1800 manatdan 2000 manata qədər, hüquqi şəxslər 5500 manatdan 6000 manata qədər cərimə ediləcəklər.
Müzakirələrdən sonra dəyişikliklər qəbul edilib.
Dünənki iclasda həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə ilə bağlı vitse-spiker Ziyafət Əsgərov məlumat verib. Məlum olub ki qanun layihəsinə görə, müddətli hərbi xidmətə çağırışlardan azad etmə yalnız fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlara aid olunur, yəni magistraturada təhsil alan tələbələr hərbi xidmətə çağırılacaqlar.
Qanun layihəsində ailə vəziyyətinə görə hərbi çağırışdan möhlət hüququ aşağıdakı şəxslərə aid edilir:
Tək övladı olan, birinci qrup əlil ata və ya anaya;
Üç və daha çox uşağı olanlara;
Birinci qrup əlil arvadı olanlara;
Alternativ xidmətə gəlincə, qanun layihəsinin 3-cü maddəsinin 4-cü bəndində göstərilir:
Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.
Yəni “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla alternativ xidmət qəbul olunacaq.
“Hərbi xidmət və hərbi vəzifə haqqında” Qanun layihəsinin birinci oxunuşda müzakirəsi davam edir…