Neft Fondu ciddi itkilərə məruz qalıb

 

samir-eliyev-iqtisadciAktivlərin yatırıldığı istiqamətlərdə investisiyaların dəyərinin ucuzlaşması baş verib

Xəbər verildiyi kimi, 2015-ci il dekabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 33,6 mlrd. dollar təşkil edib. Fonddan verilən məlumata görə, 2015-ci il yanvarın 1-nə ARDNF-in aktivləri 37 mlrd. 104,1 mln. dollar təşkil edib. Beləliklə, 11 ay ərzində fondun aktivləri 9,5 faiz və ya 3,5 milyard dollar azalıb.

Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. mənbələrdən daxil olan gəlirlər toplanır.

Iqtisadçı-ekspert Samir Əliyev məsələni şərh edərək Neft Fondunda  itkilər, azalmanın iki səbəbdən baş verdiyini söyləyir. Aktivlərin yatırıldığı istiqamətlərdə investisiyaların dəyərinin ucuzlaşması baş verib. Dollardan kənar vəsaitlər yerləşdirilib ki, onların ucuzlaşması şəraitində də Neft Fondunun akivləri azalıb. Azalmanın digər səbəbi isə Neft Fondunun büdcə qarşısındakı öhdəliyilə bağlıdır. Büdcəyə olan öhdəliklərə görə Fond öz ehtiyatlarının bir hissəsini ölkəyə gətirib və istifadə edib:

“Həmin səbəblərə görə Neft Fondunda azalma baş verib. 2016-cı ilin dövlət büdcəsinə də taksit azaldılıb. Həmin məbləğ 6 milyarddır. Halbuki keçən il bu məbləğ  təxminən 10,8 milyard idi. Təbii ki, bazarda gedən proseslər Neft Fondunun aktivlərinə təsir göstərir. Qızılın ucuzlaşması da məsələyə təsir edir. Ölkənin strateci ehtiyatları Neft Fondu və Mərkəzi Bankdır. Mərkəzi Bankın ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. Ehtiyatlar artıq 2 milyarddan da aşağıdır. Valyuta ehtiyacı yenə də olarsa, hökumət məcbur olub Neft Fondunun vəsaitlərinin bir hissəsini iqtisadiyyata yönəldəcək. Təbii ki, belə bir vəziyyətdə Neft Fondunun ehtiyatlarının azalmasını bu il də müşahidə edəcəyik. Hər şey dünya bazarında neftin qiymətindən və dolların vəziyyətindən asılı olacaq”.

Nigar