“Bizdə birgə fəaliyyət mədəniyyəti azdır”

Zümrüd Yağmur: “Dəyər və keyfiyyətlər sanki bu ölkənin yerləşdiyi torpaqlardan harasa sürgün edilib”

Sonuncu – “Allah qayıdır?!” romanı ilə səs-küy doğuran və hətta əsərin adına görə tənqidlərə tuş gələn yazıçı Zümrüd Yağmur mərhum həmkarı Rafiq Tağının qətli ətrafında yaranmış vəziyyətdən, eləcə də müəyyən ədəbi, ictimai proseslərdən danışıb. Yazıçı “Qafqazinfo”ya müsahibsində deyib ki, Rafiq Tağı ölümü ilə cəmiyyətə mesaj verdi ki, biz hələ də müxtəlif fikirlərin bir arada ola bilməsi və yaşaması mədəniyyətinə sahib deyilik.

“Rafiq Tağının ölümündən sonra çaxnaşmaların olması təbiidir. Ölkədə elə bir əb-hava var ki, indi bir anın içində insanlar qəzəb püskürməyə hazırdır və bunda haqlıdırlar. Rafiq Tağının ölümü, daha doğrusu qətl edilməsi də insanlarda qəzəb doğurdu. Başqa necə ola bilərdi ki, bir ölkənin yazarı öldürülübsə, məncə, daha artıq reaksiya olmalı idi, gənclərin, tələbələrin reaksiyası əslində daha sərt şəkildə ortaya çıxmalı idi. Düzdür,bu qətlin ardından dünyagörüşlərin toqquşmasında xoş olmayan mənzərələr də ortaya çıxdı. Əslində, Rafiq Tağı ölümü ilə də cəmiyyətə mesaj verdi ki, biz hələ də müxtəlif fikirlərin bir arada ola bilməsi və yaşaması mədəniyyətinə sahib deyilik. Əgər hansı çahilsə, din adına Rafiq Tağını öldürmək haqqını özünə veribsə, ateist də qəzəblə inanclının inandığını təhqir etmək haqqını verib özünə… Bu da sonda insani münasibətlərdəki naqisliklərin təsəvvür olunduğundan daha dərin olduğunu deməyə əsas verir”, – deyə Z.Yağmur bildirib.

Yazıçı hesab edir ki, Azərbaycan cəmiyyəti xaos içindədir: “Dəyər və keyfiyyətlər sanki bu ölkənin yerləşdiyi torpaqlardan harasa sürgün edilib. Bir ölkə ya qanunlarla, ya da dəyərlər, adətlərlə idarə olunmalıdır. Əks halda xaos yaranır. Biz qanunların işləməsinə nail ola bilmirik, dəyərlərinsə hamısını rədd edirik. Özü də bunu hər iki halda zor tətbiq edərək insanların əlindən alırıq. Həyatımızdan atacağımız şeylərin yerini tutacaqlar olmalıdır ki, boşluq yaranmasın. Biz atırıq, yerinəsə heç nə qoymuruq, nəticədə o boşluqların yerini naqisliklər doldurur…
Biz nəinki müxtəlif fikirlərin, heç eyni düşüncəyə sahib insanların bir arada olmasına bəzən nail ola bilmirik. Əslində ədəbiyyatımız, siyasətimiz, bir çox sahələrimiz bundan əziyyət çəkir, ya da daha sərt desək şikəst olublar. Bizdə birgə fəaliyyət mədəniyyəti azdır, hamı bildiyi, hiss etdiklərini gerçək sayır. Amma bu hər zaman düz olmur. Həyat bu deyil. Bəzən elə olur ki, fakt həqiqətdən böyük olur ki, mahiyyət və gercək o faktın böyüklüyü qarşısında əzilir və fakt özü-özlüyübdə həqiqətə çevrilir…”.

İndi ədəbiyyata, cəmiyyətə yenilik gətirmək istəyənlərin varlığı barədə suala cavabında Z.Yağmur deyib ki, gənclik, yeni düşüncə elə yenilik demədir: “Zatən insan elədir ki, eyni olanı qəbullanmır, hətta ən gözəl idarəçini belə illərlə idarə edən görməkdən yorulur və yeni düşüncə, qüvvəyə üstünlük verir. Amma “yenilikçiyəm” deyib hər şeyi dağıtmaq yox, yenilərini əvvəl yaradıb sonra köhnələri çıxarmaq lazımdır. Zor işlətmək olmaz, söymək, təhqirlə deyil. Bu ölkəyə gətiriləcək ən böyük yenilik bilirisniz nə olar, qanunların işlək hala gəlməsini təmin etmək… Məncə bizim indi mübarizəmiz hansısa köhnəlikdən çox, qanunların işləməməsinə yönəlməlidir. Cəmiyyət normal idarə olunduqdan sonra zatən insanlar özləri seçəcəklər, onlar adətlərlə yaşamaq istəyirlər, yoxsa qanunlarla. Əminəm ki, insanlar qanuları seçəcəklər, çünki inkişaf etmiş ölkələrdə məhz bu baş verib. Başqa nümunə yoxdur. Biz Şərqin geridə qalmasından danışırq. Səbəb elə burdadır, qanunların işləməməsində…”.

Yeni yaradıcılıq planlarından danışan Z.Yağmur deyib ki, hazırda “Diriləri basdırın”adlı yeni romanını nəşrə hazırlayır. “İndi “Qadın olmaq” əsərini müəllif olaraq son dəfə oxuyuram, düşüncəmdəsə yeni bir roman var” deyən yazıçı düşündüyü əsərin hələlik yalnız ilk və son cümləsinin, bir də adının bəlli olduğunu qeyd edib: “Əsəri yazmağa oturmadan öncə ilk və son çümləsini tapa bildimmi, demək ki, nəsə alınacaq, mən yazmağa başlayacağam.. Ad bəzən dəyişir, amma ilk və son cümlə dəyişmir. Əsas olan ilk və sondur. Bəzən ideya olur, amma başlanğıcı və sonu tapa bilmədiyiumdən itib-batır. Amma bəzən ideya olmur, amma bir cümlə hər şeyi ardından gətirir”.
Yazıçı daha sonra üzv olduğu AYB-nin durumundan, AYO-ya münasibətindən bəhs edib.

Müsahibəni buradan oxuyun.