Zülfüqarlıların məhkəməsində biabırçı faktlar üzə çıxdı

Aslan İsmayılov: “İşdəki sənədlərlə tanış olanda özümü gülməkdən zorla saxlayıram”

Xətai Rayon Məhkəməsində Zülfüqarlı qardaşlarının təsisçisi olduğu “Birlik” MMC-yə məxsus “Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodlarının qanunsuz yolla və zorakılıqla əllərindən alınması ilə bağlı Lerik rayon sakini Gəray Məmmədova və Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) qarşı iddiaları üzrə proses davam etdirilir. Cavabdeh G.Məmmədov hakim İlqar Qaralovun sədrliyi ilə keçirilən dünənki prosesə də gəlməmişdi.

Ümumiyyətlə cavabdeh nə hazırlıq, nə də sonrakı proseslərə qatılmayıb. Onu məhkəmədə vəkili Ceyhun Yusifov təmsil edirdi. Prosesə ƏMDK-nın iki nümayəndəsi – Azər Tanrıverdi və Ülvi Nəsibli qatılmışdılar.
Proses başlayan kimi Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılov vəsatətlərlə çıxış etdi. O, işin obyektiv araşdırılması üçün “Birlik” MMC-nin nümayəndəsi Cəfər Yəhya oğlu Nuruşovun iş üzrə şahid qismində dindirilməsini istədi. Dedi ki, 30 mart 2006-cı il tarixində N.Cəfərov Qiymətli Kağızlarla İş üzrə Dövlət Komitəsində (QKDK) “Birlik” Kiçik Müəssisəsinin adından alqı-satqı haqda müqaviləni imzalamağa məcbur olub. Amma o müqavilənin bağlanması zamanı və sonra nə “Birlik” MMC-yə, nə də onun təsisçiləri – Zülfüqarlılar ailəsinə 3 milyon 609 min 200 manat verilməyib. Bu müqavilə ilə ASC-nin 79,99 faizinin Zülfüqarlıların əlindən alınması rəsmiləşib.
A.İsmayılov ƏMDK-dan “Birlik” KM-in “Bakı Poladtökmə” ASC-nin investisiya müsabiqəsində satılmış səhmləri üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqda İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin (İİN DƏİOÖD) direktoru Kərəm Həsənov tərəfindən verilmiş 22 oktyabr, 2004-cü il tarixli sərəncamın və “Bakı Poladtökmə” ASC-nin investisiya müsabiqəsində satılmış səhmlərinin alqı-satqısı barədə DƏİOÖD və “Birlik” KM arasında imzalanan 28 iyul, 2003-cü il müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi haqda icra aktının alınması üçün məhkəmənin ƏMDK-ya sorğu verməsini xahiş etdi. Dedi ki, o sənədlər “Bakı Poladtökmə”yə nə qədər investisiya qoyulduğunu təsdiq edir: “Bu investisiyalardan 3 il sonra zavodun 3609200 manata heç kəsin tanımadığı Gəray Məmmədova satılması absurddur və əqdin qeyri-qanuni olduğunu sübut edir”.
Vəkil 30 mart, 2006-cı ildə “Bakı Poladtökmə”nin balans dəyərini dəqiqləşdirmək üçün Bakı Şəhəri Vergilər Departamentinə məhkəmə sorğusunun göndərilməsi xahiş etdi. Bunu belə əsaslandırdı ki, QKDK-da eyni tarixli müqaviləyə görə “Birlik” MMC özünə məxsus 180 min 460 ədəd səhmini və bütün hüquqları, yəni “Bakı Poladtökmə”nin 79,99 faizini G.Məmmədova 3609200 manata satıb: “Bu rəqəm heç bir məntiqə sığmır. Çünki ”Birlik” MMC-nin bu zavoda hələ 2003-cü ildə qoyduğu investisiya məbləğinin 79,999 faizi bu alqı-satqı rəqəmindən artıqdır. Bu hallar, investisiya qoyuluşları barədə məlumatlardan savayı, zavodun 30 mart, 2006-cı ilə olan balans dəyərinin göstəriciləri ilə də təsdiq olunur ki, bizim bu məlumatları müstəqil qaydada əldə etmək imkanımız yoxdur. Necə ola bilər ki, Zülfüqarlı qardaşları hələ ilkin investisiya kimi zavodlara 4 milyon manat qoyur, amma sonradan zavodlar işlək olan vəziyyətə gətiriləndən sonra onları 3 milyon yarıma satırlar? Buna görə də məhkəmədən xahiş edirik ki, məhkəmə müvafiq sorğuları göndərib cavab alsın”.
A.İsmayılov Zülfüqarlıların zavodları adına rəsmiləşdirilən lerikli çoban Gəray Məmmədovun formal bir şəxs olduğunu deyib digər iki sorğunun da məhkəmə tərəfindən göndərilməsini xahiş etdi: “Gəray Məmmədovun banklardan götürülən kreditlər barədə də heç bir məlumatı yoxdur. Ona görə də bank sirrini təşkil edən məlumatların, yəni 30 mart, 2006-cı ildən bu günə kimi ”Bakı Poladtökmə” tərəfindən “Rabitəbank”dan və Beynəlxalq Bankdan hansı məbləğdə, hansı məqsədlər üçün, kimlər tərəfindən kredit götürməsi barədə arayışın və bu kreditlərə haqda müvafiq kredit müqavilələrinin surətlərinin verilməsini xahiş edirəm”.
Vəsatətlərə münasibət bildirən G.Məmmədovun vəkili Ceyhun Yusifov vəsatətin vaxt uzadılması üçün verildiyini deyib ƏMDK sədri Kərəm Həsənovun adının hallandırılmasının lüzumsuz saydı. O, vəsatətin təmin olunmamasını xahiş etdi. A.İsmayılov isə dedi ki, vəsatətin niyə görə verilməsini başa düşməyib: “Bu vəsatətləri verməklə sübut etmək istəyirik ki, Zülfüqarlı qardaşları zavodlara investisiya müsabiqəsinin şərtlərinə görə köhnə manatla 10 milyard qoymalı olub. Amma onlar ora 23 milyard köhnə manat yatırıb. Bu barədə sənədləri də kənar şəxs yox, Kərəm Həsənov imzalayıb”.
ƏMDK-nın nümayəndəsi Azər Tanrıverdi A.İsmayılovun vəsatətinin təmsil etdiyi quruma aid hissədə təmin olunmamasını xahiş etdi. A.İsmayılov G.Məmmədovun məhkəmədə iştirakının vacibliyini bir daha diqqətə çatdırdı: “O adam bura gəlsin, görəcəksiniz ki, onun kredit müqaviləsi barədə anlayışı da yoxdur”.
Hakim isə G.Məmmədovun vəkilinin prosesdə iştirak etdiyini vurğulayaraq A.İsmayılovun vəsatətləri barədə qərarını açıqladı. Vəsatət Vergilər Nazirliyinə və banklara sorğu göndərilməsi hissəsində təmin olunmadı. Digər hissələr isə təmin olundu. Sonra A.İsmayılov iddia ərizəsinə əlavələrinin olduğunu dedi. O, Bakı şəhəri 2 saylı Notariat Kontoru (NK) tərəfindən təsdiq edilən 30 mart, 2006-cı il tarixli etibarnamənin; “Birlik” müəssisəsi adından 2 saylı NK tərəfindən təsdiq edilən eyni tarixli etibarnamə əsasında çıxış edən C.Nuruşovla G.Məmmədov adından 3825 saylı 13.06.2005-ci il tarixli broker xidməti müqaviləsi əsasında çıxış edən “Səhm Ticarət Mərkəzi” MMC arasında bağlanmış qiymətli kağızlarla alqı-satqı haqda müqavilənin; “Bakı Poladtökmə” ASC-nin 180 460 ədəd səhmlərinin “Birlik” müəssisəsinin adından G.Məmmədovun adına ötürülməsi haqda “Milli Depozit Mərkəzi” QSC-nin ötürücü sərəncamının; səhmlərin alqı-satqı əqdindən irəli gələn bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsini; əmlakından məhrum olması və əldən çıxmış fayda nəticəsində “Birlik” MMC-yə dəymiş maddi ziyanın əvəzi kimi 1 milyon manat məbləğində pul vəsaitinin müştərək qaydada bütün cavabdehlərdən tutulması barədə qətnamə qəbul etməsini istədi.
Vəkil bildirdi ki, Nurəddin Zülfüqarlı qanunsuz olaraq həbsdə saxlanılarkən ondan bütün əmlakını qardaşı Baxış Zülfüqarlının adına keçirilməsini tələb ediblər. Aylarla həbsdə qalandan sonra N.Zülfüqarlı bu tələblə razılaşmağa məcbur olub. Amma o, B.Zülfüqarlıya həbsdə ola-ola əmlakına dair etibarnamə verərkən yalnız “Bakıelektroştamp” zavodu ilə bağlı etibarnamə verib. O etibarnamədə də B.Zülfüqarlının digər şəxsə – bu halda Nuruşova əmlakla bağlı hansısa hərəkətləri həyata keçirmək səlahiyyəti verilməyib: “Nuruşov Zülfüqarlı qardaşları adından istifadə edə bilməzdi. Türmədə Nurəddin Zülfüqarlıdan etibarnaməni alarkən o qədər sevincək olublar ki, heç etibarnaməni oxumayıblar da. Əgər Zülfüqarlılardan zavodlar zorla alınmasaydı, belə bu etibarnamə ilə onların əmlakının özgəninkiləşdirilməsi qanunsuz idi. Bu etibarnamə ilə Zülfüqarlılardan təkcə ”Bakıelektroştamp” deyil, “Birlik” KM-ə daxil olan digər zavod – “Bakıpoladtökmə” da alınıb. Hələ bu harasıdır? Mən işdəki sənədlərlə tanış olanda özümü gülməkdən zorla saxlayıram. Bu adamlar saxtakarlığı, qanunsuzluğu elə sürətlə ediblər ki, müqavilələrdə “Birlik” KM-in adını yazdıqları halda “Birlik” MMC-nin möhürünü vurublar! Bilirsiniz bu haradan qaynaqlanır? Zülfüqarlılar həbsdə olarkən – 11 mart, 2006-cı ildə Ədliyyə Nazirliyinə müraciət edərək “Birlik” KM-in ləğv etdirib. Əvəzində isə “Birlik” MMC yaradılıb. Saxtakarlıq edənlər, dələduzluqla özgəsinin əmlakını ələ keçirənlər isə bunu bilməyiblər. Zülfüqarlıların əmlakının ələ keçirilməsi əməliyyatı bircə günün içində – 30 mart, 2006-cı ildə rəsmiləşdirilib. Bu alqı-satqı qanuni olsaydı belə bir günün içində sənədləşmə ilə bağlı bütün sənədləri hazırlayıb imzalamaq fiziki baxımdan mümkün deyildi”.
C.Yusifov sənədlərdəki uyğunsuzluqları, saxtakarlıqları “texniki məsələ” adlandırdı. O və Kərəm Həsənovun nümayəndələri iddiaya əlavələrlə tanış olmaq üçün onlara iki həftə vaxt verilməsini xahiş etdilər. Hakim prosesi 26 dekabr 11:00-a kimi təxirə saldı.

E.MƏMMƏDƏLİYEV, “Yeni Müsavat”