Avtoritarizmdən qurtulmaq yolu əvəzinə, böhrandan çıxış paketi təklif etməklə…
Artıq çox şeylərə aydınlıq gəlib, yalanın həqiqəti üstələdiyi zamanlar, cəmiyyət üçün tərəddüdlü illər geridə qalıb. Hamı da qəbul edir ki, Azərbaycanda hər gün dərinləşməkdə olan iqtisadi böhranın səbəbi, necə deyərlər, iqtisadi deyil. Bahalı neft uzun illərdir ayıbları örtürdü, problemləri pərdələməyə imkan yaradırdı, amma bizdəki iqtisadi böhran çoxdan davam edir və yanlış idarəçiliyin, avtoritar mühitin, bundan doğan korrupsiyanın, qanunsuzluğun nəticəsidir. Yanlış siyasi kursun nəticəsidir və bunu görməyə nə var ki!
Bəs bu nə ritorikadır, nə üslubdur? Hər şeyi bərbad etmiş, heç cür qalmağa haqqı olmayan hakimiyyətə böhrandan çıxış yolu təklif etmək nə deməkdir?
Indi tutaq ki, möcüzə baş verdi, Azərbaycan hakimiyyəti müxalifətin təkliflər paketini qəbul etdi, iqtisadi vəziyyəti düzəltməyə çalışdı. Düzələcəkmi?
Bir az da uzağa gedək. Lap tutaq ki, iqtisadi vəziyyət manatın yaxşı vaxtlarındakı səviyyəyə qayıtdı, amma bu, böhrandan çıxış sayıla bilməz axı. Bizim ölkənin dərdləri təkcə iqtisadi deyil, sosial problemlərlə də bitib-tükənmir. Biz diktaturanın bitməyən hakimiyyəti ilə üz-üzəyik. Iqtisadi böhran olmasa belə, biz bu rejimdən qurtulmalı, ölkəyə demokratiya və azadlıqlar gətirməliyik. Əks halda, bir iqtisadi böhrandan çıxmaq, daha pisinə hazırlanmaqdır, yəni rejimin yağışından çıxıb yağmuruna düşməkdir.
Təkliflərin sonunda siyasi islahatlara başlamaq təklif etmək də var, bəli, görürük. Bəs görəsən, əvvəldə olanı niyə axıra qoyuruq? Tələbi niyə təklif edirik?
Bu, Azərbaycan xalqının taleyidir, o da müəyyən etməlidir, hansı yolla çıxmalıyıq böhrandan və kim çıxarmalıdır bizi böhrandan. Deməli, ortada bircə tələb və bircə hədəf var: xalq özü öz hakimiyyətini seçməli, həmin hakimiyyət də xalqa verdiyi təkliflərlə ölkəni nəinki ağır durumdan çıxarmalı, üstəlik, inkişaf relsləri üzərinə qoymalıdır. Xalqın istənilən hakimiyyəti dəyişib, yenisini idarəetməyə gətirməsi hüququ bərpa olunmalıdır. Hakimiyyət üzərində ictimai nəzarət, xalqla hesabat vermək məsuliyyəti, mətbuat azadlığı gerçəkləşdirilməlidir.
Avtoritarizmdən qurtulmaq lazımdır – Konstitusiyanın bir nəfərin iki dəfədən artıq prezident seçilməməsi limiti bərpa edilməlidir, Azərbaycan oyuncaq respublikadan, gerçək respublikaya çevrilməlidir. Təklifin də, şüarın da, müzakirənin də, dialoqun da başında bu tələblər olmalıdır. Biz manatın məzənnəsi və dəyəri üçün yola çıxmamışıq, biz yola çıxmışıq ki, azadlıqlar qayıtsın ölkəyə, xalqın hakimiyyəti bərpa edilsin, çağdaş bir topluma çevrilək, həm də ona görə ki, bunlarsız manatın da dəyəri qala bilməz, uğurlu iqtisadiyyat da qurula bilməz.
Nə etməli, mövcud iqtidarın günahı ucbatından böhran avtoritarizmdən qurtulmağın həm də ən uyğun vaxtıdır. Xalqın öz taleyinə sahib çıxmaq şansıdır. Həqiqətin yalana qalib gəldiyi dövr olduğu üçün, xalqın da həqiqəti anlaya və müdafiə edə biləcəyi zamandır. Bu dövrə yalnız iqtisadiyyat qurmaq, nə bilim sahibkarlığa əngəlləri aradan qaldırmaq imkanı kimi baxmaq ən yaxşı halda hadisələrin dalınca qaçmaq və vaxtı küləyə verməkdir.
Hər gün daha çox uçuruma yuvarlanan hakimiyyət komandası da anlamalıdır, bircə düzgün yol var: Xalqın öz hakimiyyətinə sahib çıxması! Avtoritarizmin sonu! Demokratiyanın və respublika quruluşunun bərpası! Özləri gördülər ki, vəziyyət necə ağır ola bilər. Neftin bahalaşmasına ümidlər də boşunadır – təbəqə neftinin çıxarılması texnologiyasının yaratdığı bolluq, alternativ enerji mənbələrinin yaradılması qarşısıalınmaz yeni tarixi gedişat yaradır. Məddahların son cəhdlərinə də aludə olmasınlar, hətta neft bahalaşsa belə, böhran və narazılıq aradan qalxmayacaq. Bundan ağırından qurtulmaq üçün hakimiyyəti xalqın özünə qaytarmalıdırlar. Təklifi onlar verə bilər – məsələn, keçidin ən yaxşı modeli kimi.
Və bütün hallarda tələb dəyişmir. Xalq özünə yeni hakimiyyət seçməlidir! Məsələ manatda deyil!