Bütün illərin yeganə adı

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Xalq borc bataqlığında boğulur, ölkənin işsizlər ordusunun sıraları artıq günbəgün, saatbasat artır, aclıq qorxusu toplumun ruhuna hakim kəsilib, bəlkə də son 20 ildə ilk dəfədir ki, cəmiyyətin hər kəsimində gələcəklə bağlı böyük əndişələr var, hətta illərdən bəridir Sistemin vintciyi və təkərciyi funksiyasını yerinə yetirən adamlar da narahatdırlar, uzun müddət bu pis gedişatın bir parçası olmağa razılaşmış adamlar da narazılıqlarını və peşmanlıqlarını dilə gətirirlər. Rejim isə bu vurhavurda  2016-cı ili “Multikulturalizm ili” elan edib! Necə deyərlər, “vardı hər yarağımız, qalmışdı saqqal darağımız”.

Əslində bu il “Mutlukulturalizm ili” olmuş, olmamış, əsla önəmli deyil. 2016-cı ilin adını lap “Antiböhran ili” qoysalar da dəyişən bir şey olmayacaqdı, Azərbaycanı nəhəng iqtisadi fəlakətdən qurtarmaq üçün hər hansı addım atmayacaqdılar, daha doğrusu, ata bilməyəcəkdilər. Bunun üçün intellektual baza, modern dünyagörüş lazımdır. Indiyədək gedilən yolun yanlışlığını dərk və qəbul etmək lazımdır. Yalnız azad, demokratik, mədəni dünyanın bir parçasına çevrilməyi hədəfləyən, bunu qarşısına ali məqsəd kimi qoyan və o məqsədə doğru qətiyyətli addımlar atmaq iradəsində, qabiliyyətində olan bir idarəetmə zehniyyəti, ölkəni düşdüyü indiki girdabdan qurtara, xoşbəxt, işıqlı gələcəklə bağlı ümidləri yenidən dirçəldə bilər… Yoxsa “Alabala” təfəkkürü ilə haracan getmək, nəyə nail olmaq mümkündür?

Digər tərəfdən, onsuz da biz bunların hər ilə bir ad qoyub sonra o ilin mahiyyəti ilə əsla örtüşməyən addımlarının o qədər şahidi olmuşuq ki!

Məsələn, 2008-ci ili “Uşaq ili” elan etmişdilər və eyni ildə ölkənin yeganə uşaq teatrı dağıdıldı.

2009-cu il “Gənclər ili” idi və elə həmin il ölkənin iki yüksək təhsilli, gələcək vəd edən gəncini şərləyib həbsə atdılar.

Ötən il guya “Kənd təsərrüfatı ili” elan etmişdilər. Nəticə nə oldu? Bir il ərzində milli valyuta iki dəfə “öldü”, hardasa 100 faiz ucuzlaşdı. Səbəb? Ölkə iqtisadiyyatının 90-95 faizinin neft və neft məhsulları hesabına formalaşması, aqrar sektorun faktiki yoxluğu. Təzəlikcə hakim ailəyə bağlı inhisarçı şirkətlərdən biri – “Azersun” ərzaq məhsullarının qiymətinin kəskin bahalaşmasını nə ilə izah etdi, yadınızdadırmı? Dedilər ki, nə olsun, yerli məhsul istehsal edirik, xammalı ki, xaricdən gətiririk, qiymətləri qaldırmayıb nə etməliyik?!

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun bir neçə gün əvvəl müsahibəsini oxudum, konkret faktlar sadalayır və deyir ki, “”Kənd təsərrüfatı ili”ndə idxaldan asılılığımız daha da artıb”. Neyləyəsən indi, güləsən, ağlayasan?!

Yəni dediyim odur ki, hansı ili necə adlandırmağın bir o qədər anlamı yoxdur. Işin özəti ondan ibarətdir ki, bu rejimin iş başında olduğu hər ilin ancaq bir adı var: “Itirilmiş il”. Vəssalam, şüttamam.

Yaptokratiyanın hakimiyyətdə olduğu 22 ilin ümumi adı da “Itirilmiş illər”dir. Itirilmiş fürsətlər. Itirilmiş ümidlər. Itirilmiş arzular. Itirilmiş imkanlar. Gerisi artıq təfərrüatdır. Təkcə son 10 ildə ölkəyə axan neft pulları ilə Azərbaycanın sağlam gələcəyini qurmaq üçün necə möhkəm təməllər atmaq olardı. Amma əvəzində ölkə öz tarixinin heç bir dövründə olmadığı qədər korrupsiyalaşdı, məmləkətin gerçək mənzərəsi yalançı “analoqsuz inkişaf” haqqında bayağı təbliğat ritorikasının arxasında gizlədilməyə çalışıldı. Azərbaycanın taleyi neftdən asılı vəziyyətə gətirildi. Və neftin dəyərsizləşməsi kifayət etdi ki, cəmi 1 ildə 22 illik saxta təntənə dağılsın, illərdir xalça altına süpürülən problemlər gün işığına çıxsın və həqiqət parlasın.

Artıq Azərbaycanda ənənəvi, Sovetdənqalma ritorikanın heç bir perspektivi yoxdur. Artıq yalan işləmir. Artıq Az.TV sayağı inkişaf nağılları danışmaq da əvvəlki kimi asan deyil. Artıq yaltaqlar da həmişəki kimi şövqlə yaltaqlana bilmirlər və bilməyəcəklər də. Artıq çox şey əvvəlki kimi olmayacaq.

Bunu heç bir güclü, qətiyyətli müxalifət bacarmazdı, amma öz yanlış, öz çağdışı idarəetmələri ilə özləri bacardılar. Şəxsən öz adımdan təbrik və təşəkkür edirəm.