Yaxud, hüquqsuzluğa susanların hüquq müdafiəçiliyi
“Yeni Müsavat” qəzeti hökumətin sifarişinə uyğun olaraq yenə də gündəm dəyişdirməyə cəhd edir. Ölkədə mühüm hadisələr baş verir, sosial-iqtisadi böhran qapını kəsdirib, insanlar sabaha ümüdünü itirib və belə bir vaxtda “Yeni Müsavat”ın diqqətini Inqilab Kərimovun “facebook” statusu “zanit” edib. Sanki, ölkənin əsas problemi Inqilab Kərimovun hansısa statusu olub. Təbii ki, Inqilab Kərimov nə adam başı kəsəndir, nə də hansısa cinayətkar keçmişi var. Hamı bilir ki, məlum status söz xatirinə yazılımış, qeyri-ciddi statusdur. Amma hətta belə də olsa biz bu statusu təqdir etmirik və Inqilab bəyi qınayırıq.
Amma məsələnin maraqlı tərəfi tamam başqasdır. Məlumdur ki, “Yeni Müsavat”ın bu məsələnin üstünə getməsinin yeganə səbəbi Əli Kərimlinin adını hallandırmaq, yeni ləkələr istehsal etməkdir. Maraqlı olan məqam isə prokurorluğun və “ümummilli” hüquq müdafiəçilərinin məlum statusa verdikləri reaksiyasır.
Necə olur ki, gecə-gündüz cinayətkar kimi təqdim edilib, korrupsiyada, vəzifə səlahiyyətlərindən sui-istifadə də ititham olunan Eldar Mahmudova qarşı cinayət işi açılmır, amma Inqilab Kərimovun statusuna operativ reaksiya verilir? Necə olur ki, süni qiymət artımı yaradan şirkətlər cəzalandırılmır, vətəndaşla təhqir dilində danışan DIN, MTN əməkdaşları həbs olunmur, amma müxalifətçi mühacirin heç vaxt reallaşmayacaq statusu prokurorluğu hərəkətə gətirir? Ölkədə cinayətkarlıq baş alıb gedir, süründürməçilik, inhisarçılıq, hüquqsuzluq göz deşir, məhkəmələr sifarişli qərarlar çıxarır, amma aidiyyatı qurumlar bu çirkin gedişata “dur” deyə bilmir. Amma Inqilab Kərimovun statusu həyəcan yaradır. Məgər, Inqilab Kərimovun statusu, manatın 1 ildə 100 faiz ucuzlaşmasından, bütün məhsulların 10 qat baha satılmasından daha böyük hadisədir?
Hüquq müdafiəçilərinə gəlincə, məsələ daha çox tragikomikdir. Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva dünənə qədər niyə susmuşdular? Əfv sərəncamına heç bir siyasi məhbusun düşmədiyinə görə Ilham Əliyevə güldən ağır söz deyə bilməyənlər, bir statusa münasibət bildirmək üçün növbəyə durublar. Niyə bu hüquq müdafiəçiləri Tale Bağırzadənin çənəsinin qırılmasına, Məşədi Natiqin qondarma ittihamlarla həbs olunmasına da eyni operativliklə münasibət bildirmirlər. Inqilab Kərimov heç kimi öldürməyib, amma hakimiyyət AXCP-nin qərargahını partladıb, terrorla məşğul olub. Niyə bu hüquq məleykələri hökumətin yaxasından yapışıb, bu qeyri insani hərəkətə görə hesabat tələb etmədi. Nazirin övladının tərifini göylərə çıxaran Novella xanım, şərlənmiş övladlara niyə belə tərif yağdırmır? Leyla Yunus vəhşicəsinə döyüləndə, Fuad Qəhrəmanlı tənqidi çıxışına görə həbs olunanda niyə səsiniz çıxmadı?
Görünür, hüququn öldüyü ölkədə, hüquqsuzluğu müdafiə eləmək daha asan olur. Amma bu qədər qeyri-səmimi olmayın. Birinci dərəcəli məsələlərə münasibət bildirmək cəsarətiniz yoxdursa, 100-cü dərəcəli məsələlərə münasibət bildirməkdən imtina edin. Əsl cinayətkarları siz də yaxşı tanıyırsınız. Əsl hüquq müdafiəçisi olmaq üçün, gərək əsl cəsarətə sahib olasan. Bir daha qeyd edirik ki, biz Inqilab Kərimovun satatusunu təqdir etmirik, onun müdafiəsinə qalxmırıq və qınayırıq. Sadəcə olaraq bir neçə xatırlatma etmək istədik.
Samir