Ərəb baharı insan hüquqlarının universal olduğunu, insanların azad yaşamaq arzusunda olduğunu göstərdi
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi qurum adından Ali Nümayəndə Ketrin Eştonun Insan Hüquqları Günü münasibətilə verdiyi bəyanatı yayımlayıb. Nümayəndəlikdən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Avropa Birliyi öz həyatını dünyada insanların fundamental hüquqlarının təşviq edilməsinə və qorunmasına həsr etmiş insan hüququ müdafiəçilərinin əməyini Insan Hüquqları Günü münasibətilə layiqincə qiymətləndirir:
“Bu il Insan hüquqları Günündə insan hüquqları müdafiəçilərinin işi, dəyişikliklərin təşviqində və dəstəklənməsində sosial medianın necə istifadə edilə biləcəyi kimi məsələlər diqqət mərkəzində durur. Ərəb baharı insan hüquqlarının universal olduğunu, insanların hər yerdə ləyaqətlə və azad yaşamaq arzusunda olduğunu parlaq şəkildə bizə xatırladır.
2011-ci ildə minlərlə insan öz hüquqlarını tələb etməyin vaxtı çatdığına qərar vermişdir. Sosial media onların bu mesajını göndərib, fəallar və fərdlərə izolyasiyadan çıxmaq, öz ideyalarını yaymaq və əsarəti ifşa etmək imkanı verib. Hökumətlər insan hüquqlarının təşviqində sosial mediadan istifadəni məhdudlaşdırmamalıdır.
AB dünyanın bir çox ölkələrində baş verən ifadə azadlığına və internetə çıxışa qoyulan qadağaları, eləcə də blogerlərin həbsini dəfələrlə açıqcasına pisləyib”.