İraqda İŞİD-lə qarşıdurmanın olduğu bölgələrdə xəndəklər qazılır. Kürd yetkililər bunun təhəlküsizlik məqsədilə edildiyini bildirsələr də, qazıntının getdiyi ərazilərin xəritəsinə baxdıqda işin əsli ortaya çıxır – açıq-aşkar Kürdüstan xəritəsi.
Xəndəklər İraqdakı mübahisələri ərazilərdə, xüsusən də türkmənlərin yaşadığı Türkmən elinin 1000 kilometrliyində qazılır. Qazıntı Mosul şəhərinin şimalından başlayaraq Diyalaya qədər uzanır.
Xəritədəki yaşıl xətlər qazılan xəndəkləri, sarı rəngli bölgə kürd döyüşçülərin nəzarətindəki Şimali İraqı (sözdə Kürdüstan), boz sahə İŞİD nəzarətində olan bölgəni, çərhrayı bölgə isə İraqın mərkəzi hakimiyyətinin əlində olan əraziləri göstərir. Qazılması planlaşdırılan ərazilər Kürdüstan sərhədini əhatə edir.
https://www.youtube.com/watch?v=OtVb7weVY-I
Kərkükdəki Pəşmərgə (kürd döyüşçülər) yetkililərindən Murad Məhəmməd bildirir ki, uzunluğu və eni 3 metr olan bu xəndəklər bölgəni işğal etmək istəyən İŞİD-dən qorunmaq üçündür. Kürdlərin fikrincə, xəndəklər İŞİD-in ən təhlükəli silahı hesab olunan bombalı hərbi texnikanın bölgəyə girişinə imkan verməyəcək.

İraq Türkmən Jəbhəsinin başqanı Ərşad Salihi isə bildirib ki, qazılan xəndəklərlə türkmənlərə məxsus bölgələr də Kürdüstanın tərkibində qalmış olur: «İŞİD layihəsini dəstəkləyənlər bəlli olmağa başladı. Qazılan xəndəklər bölgəni ayırır. Ay şəklində Kərkük ətrafında qazılan xəndəklər siyasi məqsəd daşıyır. Məqsəd heç də terrorun qarşısını almaq deyil. Bu xəndəklərin qazılmasına kim icazə verib? Niyə susurlar?».

Məsələ ilə bağlı İraqın türkmən əsilli insan haqları naziri Mehdi əl Bəyati də açıqlama verib: «Bu xəndəklərlə müstəqil Kürdüstanın sərhədləri cızılır. Qazıntılar Mosulla Suriya sərhəddindən başlayaraq İraqın qərbindəki İran sərhədinə yaxın Hanakin bölgəsinə qədər davam edir. Onu da nəzərə almaq lazımdır ki, İraq Konstitusiyasının 140-cı maddəsində bəhs olunan mübahisəli bölgələrin Kərkük başda olmaqla yüzdə yetmişi türkmən bölgələrini əhatə edir».

Tuzhurmatu bələdiyyəsinin sədri Məhəmməd Faiq də bu xəndəklərin qurulacaq kürd dövlətinin sərhədlərini təşkil edəcəyini deyib.
İraq parlamentinin Müdafiə Komissiyasının sədri Hakim əl- Zamili hökumətin pəşmərgənin addımlarına şübhə ilə yanaşdığını, xəndəklərin təhlükəsizlik deyil, kürd bölgəsini İraqdan ayırmaq məqsədi daşıdığını bəyan edib.
Pəşmərgə özü isə bütün bu iddiaları rədd edərək xəndəklərin mübahisələri ərazilərdən 60 km. uzaqda yerləşdiyini bildirir.
Aydın Taş




