Rusiya prezidenti Vladimir Putin Almaniyanın Bild nəşrinə müsahibəsində bildirib ki, Krımda Rusiya beynəlxalq hüququ pozmayıb.
“Krım məsələsində beynəlxalq hüquq pozulmayıb, – Putin deyib. – BMT Nizamnaməsi hər bir xalqa müqəddaratını təyin etmək hüququ verir”.
Prezidentin sözlərinə görə, Rusiya silahlı qüvvələrinin yarımadada mövcudluğu “insanların azad şəkildə iradə bildirməsinə müdaxilənin qarşısını almaq məqsədi daşıyıb”.
“Biz müharibə aparmamışıq, heç kimi işğal etməmişik, atəş açmamışıq, Krım hadisələrində bir nəfər belə olsun həlak olmayıb. Heç kim! Biz silahlı qüvvələrdən insanların azad iradə bildirməsinə, orada olan Ukrayna hərbi qulluqçularının müdaxiləsinə yol verməmək üçün istifadə etmişdik”, – Kosovo misalını nümunə çəkən Putin bildirib.
“Kosovo müstəqilliyini elan etdi, bütün dünya bununla razılaşdı, bilirsiz necə? Parlamentin qərarı ilə. Onlar heç referendum da keçirmədi”, Putin deyib.
Rusiya Ukraynanın müasir sərhədlərini 3 beynəlxalq sənədi imzalamaqla tanıyıb: 1991-ci ilin Almatı deklarasiyası, 1994-cü ilin Budapeşt memorandumu və Rusiyanın Qara dəniz donanmasının Krım limanlarında mənzillənməsi haqqında 1997-ci il tarixli, Ukrayna ilə Rusiya arasında saziş.
Həmin öhdəliklərin əksinə olaraq, Rusiya Krımda öz hərbi qüvvələrini Ukraynanın razılığı olmadan artırıb.
Qüvvələrini razılaşdırılmış bazalar xaricində yerləşdirərək, Rusiya Ukraynanın aeroport və bəzi hərbi hissələr kimi mühüm obyektlərini nəzarəti altına alıb.
Bəzi ekspertlərə görə, Rusiyanın hərəkətləri yarımadada rusiyapərəst yerli orqanlara qanuni Ukrayna dövlət hakimiyyəti orqanlarını sıxışdırmağa imkan verib.
Hüquqi müstəvidə həmin hərəkətlər aydın şəkildə ciddi müdaxilə aktından xəbər verir, Rusiya hərbi hissələrinin iştrakı isə bu hadisəni hərbi müdaxilə kimi səciyyələndirməyə əsas verir. (BBC azeri)



