Yeni Azərbaycan Partiyasının qurucularından biri, iqtidara gələnədək bu partiyanın bütün yükünü Səfiyar Musayev, Murtuz Ələsgərov, Sirus Təbrizli və başqaları ilə birlikdə çiynində daşımış Əli Nağıyev doğma partiyasına bərpa ola bilmir. Bu beş ildə nə dəyişdi ki, YAP da elə əvvəlkidir, Əli müəllim də. Paradoksal situasiyanın özəlliyi bir də ondadır ki, hazırda YAP-ın elitası sayılan rəsmiləri elə 1994-cü ildən sonra (!) Əli Nağıyev özü partiyaya gətirib. Indi yanmayasan, neyləyəsən? Mən bütün bu hadisələrin canlı şahidiyəm, oxuduğum BDU o zamanlar bu partiyanın məkanı, Əli Nağıyevin iş otağı isə, mərkəzi ştab sayılırdı. O vaxt hərəkat fəallarını partiyaya cəlb etmək üçün bu insan nələr etmirdi… Bir qəribə məqamı da vurğulamaq yerinə düşərdi ki, o vaxtlar Əli müəllimlə salamlaşmağa belə cürət etməyən insanlar indi həmin partiyanın Siyasi Şurasında ən isti yerlərdə əyləşiblər, döşlərində də parıldayan deputat nişanları… Halbuki, salam vermək üstündə heç kəsi universitetdən xaric etmirdilər, Əbülfəz Elçibəy hakimiyyətdə idi və siyasi mənsubiyyətə görə heç kimi təqib etmirdilər. YAP-çı universitet müəllimləri auditoriyalarda, tələbələr qarşısında mühazirələri zamanı Heydər Əliyevi təbliğ etməkdən belə çəkinmirdilər. Hətta o vaxtların AXC üzvü, hazırda isə YAP-ın Siyasi Şurasının üzvü (!) olan bir professor, təcili tədbir görülməsi üçün, dövlət başçısı Əbülfəz Elçibəyə müraciət də etmişdi…
Əli Nağıyevlə ilk və son görüşüm
Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra, bir neçə il, Əli Nağıyev nazir postuna təyin olunanadək, YAP-ın icraçı katibi olaraq qaldı. O zaman Azərbaycanda müxalifət amansız təqib edilirdi, mətbuat ikiqat senzura altında idi. 1994-cü ildə şəxsən mənim Əli müəllimlə qəribə şəraitdə bir görüşüm oldu. O vaxt müxalifət qəzetlərinin birində çalışırdım. Mətbuatda ikiqat senzura var idi, cəbhədə uğursuzluqlar baş alıb gedirdi. Hazır səhifələr təxminən 4 saata yaxın siyasi və daxili işlər orqanlarının senzurasından keçməli idi. Təsadüfən bir yazım onların diqqətindən yayındı və mən də üstünü vurmadım. Ertəsi gün mən işə gələndə redaksiyanın qarşısında, biri mülki şəxs olmaqla, bir neçə polisi gördükdə, məsələnin nə yerdə olduğunu anladım və özüm onlara yaxınlaşdım(!). Gözlədiyimin əksinə olaraq, məni… YAP-ın mərkəzi qərargahına apardılar. Mülki geyimdəki şəxs isə bu partiyanın ilk cangüdəni Ağəli adında bir şəxs idi. Müqavimət göstərməməyimə baxmayaraq, qollarımdan yapışıb, məni Əli müəllimin kabinetinə saldı, Əli müəllim məni görən kimi göstəriş verdi ki, qolumdakı qandalları çıxarsınlar. Məqaləni oxudu və onu gülmək tutdu. Mən həyatımda onu gülən görməmişdim. “Nə var ki, burda, bizim dediyimizi yazmısan ki, burda, buna görə gərək öncə bizi, tutsunlar, belə yazın olanda ver bizim qəzetlər çap etsinlər”. Əlbəttə, zarafat edirdi. Zarafatı sevsəm də, qarşılıq verməyə cürət etmədim.
“Təhlükə” müvəqqəti olsa da, sovuşmuşdu. Elə həmin maşınla geri qayıtmaq istəyimə (!) isə, Əli müəllim, “ağ eləmə, sakitcə çıx get” dedi. Və mən hazırkı deputat və vəzifəli şəxslərin, o vaxtın isə, arıq cüssəli, çoxsaylı partiya funksionerlərin, heyrətli baxışları altında, sərbəst şəkildə oranı tərk etdim.
Nə qədər qəribə olsa da, Əli müəllimin ərizəsinə rədd cavabı mənim üçün gözlənilməz olmadı. Bu da onun öncə təbiəti, reallıqla əlaqəsi olmayan tezislərdən mümkün qədər yayınma bacarığı ilə əlaqədardır. Əli müəllim fikrimcə, heç vaxt Mübariz Qurbanlı kimi, “Norveçi də ötüb keçmişik” deməyə “cəsarət” etməz. Məhz təhsilin bərbad vəziyyəti haqda cəsarətli fikri, onun siyasi karyerasına nöqtə qoydu. Axı aradan beş il keçəndən sonra, iqtidar özü də bunu etiraf etdi. “Inkişafı görmürsünüzmü?” deyən yapçılardan fərqli olaraq, Əli müəllim əvvəlcə inkişafı özü “görməyə” çalışardı. Fikrimcə, onun partiyaya bərpa edilməməsinin arxasında, çox əhəmiyyətli səbəblər var və bu məsələyə YAP-ın iqtidara, eləcə də iqtidarın YAP-a münasibətləri kontekstindən baxmaq lazımdır (qəribə də olsa bu belədir, növbəti yazıda bu haqda ətraflı bəhs etməyə çalışacağıq)…
O ki qaldı Əli Nağıyevə, nə vaxtsa onunla görüşmək şansım olsa, dekabristlər kimi aramsız həbs olunan sosial müdafiə işçiləri ilə əlaqədar fikirlərini öyrənməyə çalışardım. Zarafat növbəsi məndədir axı…



