İranda daha bir müəmmalı partlayış

Partlayışın nüvə obyetində olduğu ehtimal edilir

Tehran Hürmüz boğazını bağlamağı məşq edəcək

İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Pərviz Sərvari “ISNA” xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, ordu Hürmüz boğazını tankerlərin keçidinə bağlamağa yönəlik təlimlər keçirəcək. Deputatın sözlərinə görə, təlimlər zamanı boğazın nəqliyyata bağlanması istiqamətində İran ordusunun qabiliyyəti nümayiş etdiriləcək. Qərb ekspertlərinin fikrincə, Tehran rejimi bu təlimlərlə dünyanın neft ticarətində mühüm əhəmiyyət daşıyan Hürmüz boğazını bağlaya biləcəyi ilə beynəlxalq ictimaiyyəti təhdid etmək istəyir.
Bu arada İranın strateji obyektlərindən birində partlayış baş verməsi haqda məlumat yayılıb. Xəbərlərə görə, hadisə Yəzd vilayətində baş verib. Partlayış nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb. Ölən şəxslərin hansı ölkənin vətəndaşı olduğu açıqlanmır. Zavodda hansı məhsulların istehsal olunduğu barədə də məlumat verilmir. Lakin 2003-cü ildə İran rəsmilərinin Yəzd vilayəti ərazisində uran yataqlarının istismarına başlayacaqlarını bəyan etmələri partlayışın nüvə obyektlərindən birində baş verməsi ehtimalını artırır.

İnformasiya şöbəsi