Keşlə Yük Stansiyasında 300 vaqon taxta niyə saxlanılıb?
Artıq 10 gündür ki, Keşlə Yük Stansiyasında 300-dən artıq taxta yüklənmiş vaqon saxlanılıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, əvvəllər sahibkarlar 1 vaqona görə 5500 dollar qeyri-rəsmi rüsum ödəyirmişlər. Indi onlara bu pulu gömrük komitəsinin kassasına ödəmək tapşırılıb.
“Lakin bu hələ son deyil. Bizə deyirlər ki, malın qiyməti artıq yazılmalıdır. Yəni, 10 min manatlıq mal 30 min manat dəyərində qeydə alınır və əlavə olaraq bizdən 6000 dollar pul istənilir. Bundan əlavə hər günə yük stansiyasına 150 manat ödəyirik. Sonra da deyirlər ki, niyə bahalaşdı. Bahalaşmanın səbəbi məhz biz sahibkarlardan alınan qeyri-qanuni rüsumlardır”, – deyə sahibkarlar bildirib.
XəzərNews.az-ın yaydığı məlumat da deyilənləri təsdiqləyir. Sayt yazır ki, ölkədə baş verən kəskin devalvasiya proseslərindən sonra inşaat materiallarının, xüsusən də taxta materiallarının qiyməti – hər kuba görə 195-200 manatdan 320-330 manata qədər qalxıb.
Daha çox Rusiyadan idxal edilən taxtanın qiymətinin bu səviyyədə qalxmasına səbəb dolların və rublun məzənnəsinin manata nisbətən yüksəlməsidir. Bundan başqa Dövlət Gömrük Komitəsi taxtanın hər vaqonuna əvvəllər 7300 dollar rüsum alırdısa devalvasiya proseslərindən sonra bu məbləğ 8500-ə qaldırılıb.
Rusiyadan taxta materialları gətirən Azərbaycan sahibkarları mallarını Irana daşıyırlar. Buna səbəb qiymətlərdəki bahalaşma səbəbindən bazarda müştəri qıtlığının yaranmasıdır.
Sahibkarlar deyir ki, bu il qeydə alınan durğunluq ötən illə müqayisədə daha çoxdur.




